Pik saatlarda daha çox avtobus xəttə buraxılmalıdır


Baxıldı : 114

Tarix : 2018-09-15 02:42:29


Ölkənin ali və orta  təhsil məktəblərində yeni tədris ilinin başlanması ilə bağlı olaraq sərnişindaşımada problemlərin daha da artması vətəndaşların haqlı narahatçılığına səbəb olub. Dərslərin başlanmasına bir neçə gün qalmasına baxmayaraq, artıq ictimai nəqliyyatda sıxlıq müşahidə olunur. Son günlər sərnişinlərin ən çox üzləşdikləri problemlərdən biri də ayrı-ayrı istiqamətlər üzrə hərəkət edən avtobusların sayının az olmasıdır. Bunun nəticəsində vətəndaşlar saatlarla dayanacaqlarda gözləmək məcburiyyətində qalırlar. Avtobusların sayının az olması və onlar arasındakı intervalın uzadılması məhz sərnişindaşımada sıxlıq yaradan əsas məsələlərdəndir. Sərnişindaşıma sahəsindəki problemlərin aradan qaldırılması istiqamətində görülən tədbirlər nə üçün müsbət nəticə vermir?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov qəzetimizə verdiyi müsahibəsində dedi ki, istənilən halda hərəkət qrafiki bilavasitə sərnişindaşıma xidmətlərini həyata keçirən şirkətlərin rəhbərliyi tərəfindən müəyyən olunur. Və bu da, təbii ki, bir neçə amildən asılı olan  haldır: “Əsas amil bu və ya digər marşrutun hərəkət etdiyi ərazilərdə yaşayan əhalinin sıxlığı, buradakı şərnişinlərin nəqliyyatdan istifadə etmək intensivliyi və təbii ki, şirkətin sərəncamında olan avtobusların sayıdır. Nəzərə alsaq ki, saatın pik vaxtı, yəni səhər və axşam saatlarında avtobusdan istifadə edən insanların sayı çox olur, o zaman sərnişinlərin daşınması üçün avtobus sayı kifayət etməyə bilər. Digər tərəfdən yanaşdıqda isə, həmin o pik saatlarda bəzi küçələrdə tıxaclar yaranır. Və tıxaclarda qalan avtobuslar istər-istəməz digər avtobusun vaxtına daxil olmuş olur və buna görə də bəzi hallarda vaxt qıtlığı yaşadıqları üçün təyinat ünvanına bu və ya digər dayanacaqda saxlamadan keçirlər. Ancaq, təbii ki, bu, yolverilməz haldır. Və ya bəzi hallarda biz onun şahidi oluruq ki, məsələn, hansısa bir dayanacağın ərazisi avtomobillər tərəfindən zəbt olunur və avtobus həmin dayanacağa daxil ola bilmir, nəticə etibarilə o, ya yolun ortasında saxlayaraq yoldakı hərəkəti dayandırmalıdır, ya da saxlamadan hərəkətinə davam etməlidir. Belə olduğu halda dayanacaqda duran insanlar, təbii ki, avtobusların xidmətlərindən yararlana bilmirlər. Ona görə də istənilən halda mən düşünürəm ki, bu kimi məsələlər bilavasitə həmin şirkətlərin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülməlidir. Bakı Nəqliyyat Agentliyi (BNA) bu məsələ üzərində nəzarəti daha güclü şəkildə həyata keçirməlidir. Pik saatlarda daha çox avtobus xəttə buraxılmalı, dayanacaqları zəbt edən müxtəlif avtomobil sahibləri ilə bağlı ciddi cərimə sanksiyaları qəbul olunmalıdır. Yəni istənilən halda bütün tərəflərin iştirakı ilə bu məsələ tənzimlənərsə, qeyd etdiyimiz problemlər elə də geniş miqyas almaz. Ancaq çox sevindirici haldır ki, “BakuBus” avtobuslarında bu cür hallarla qarşılaşmırıq. Çünki həmin avtobuslarda nəzarət çox ciddidir”.

Ekspert onu da qeyd etdi ki, yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqlarının ətrafında nəqliyyat vasitələrinin nizamsız park edilməsi də həmin yoldan keçən avtobusların hərəkət intervalına təsir edən başlıca amildir: “Aidiyyəti qurumlar bununla bağlı tədbirlər planına başlayıblar. Artıq Yol Polisi, BNA-liyi bu məsələ ilə bağlı vətəndaşlara zəruri məlumatları verirlər. Nəticəni isə, təbii ki, zaman göstərəcək”.

Aliyə SƏMƏDOVA