Piyada keçidlərində diqqət...


Baxıldı : 371

Tarix : 2015-03-14 02:56:00


Son zamanlar keçidlərdə piyadaya yol verməyən sürücülərin cərimələnməsi hallarının artması və bunun geniş təbliği piyada intizamsızlığını bir az da artırıb. Bu məlumatı eşidən əksər piyadalar elə düşünürlər ki, piyada keçidi varsa, oradan hər bir halda və necə gəldi keçmək olar. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, bu, yanlış və çox təhlükəli yanaşmadır. Çünki yol hərəkəti qaydalarında bu məsələ kifayət qədər aydın şəkildə tənzimlənir.O, nəzərə çatdırıb ki, \ Yol hərəkəti haqqında\ qanunun 40-cı maddəsinin 2-ci hissəsində deyilir: Piyada nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Bu norma onu ifadə edir ki, piyada nizamlanmayan (yəni svetoforsuz) piyada keçidində nəqliyyat vasitələrinə mane olmamaq və öz təhlükəsizliyini qorumaq şərtilə yolu keçə bilər. Bu qayda tətbiq edilərkən sadə texniki göstəricilər nəzərə alınmalıdır. Məsələn, orta göstəricilərə malik insanın piyada hərəkət sürəti 4-5 km/saat (1,1-1,4 m/s) olduğunu hər kəs bilir. Belə piyadaya eni 7-10 m olan hərəkət hissəsini keçmək üçün 6-9 saniyə vaxt lazımdır. Bu müddət ərzində avtomobil yaşayış məntəqəsində təqribən 100-150 m (sürəti 60 km/saat götürməklə) məsafə qət edə bilər. Deməli, yolun hərəkət hissəsini təhlükəsiz və rahat keçmək istəyən piyada hər iki istiqamətdə həmin məsafədən (yəni yaşayış məntəqəsində 100-150 m) yaxında avtomobil olarkən svetoforsuz keçidə çıxırsa, risk edir. Düzdür, qeyd etdiyim göstərici yaşayış məntəqəsi üçün maksimal sürətdir. Ona görə də avtomobilin sürəti daha aşağı olanda, daha yaxında avtomobil olsa da, piyada zebr kimi tanıdığımız keçidə çıxa bilər.Piyada və avtomobilin qarşılıqlı münasibətinə dair \ Yol hərəkəti haqqında\ qanunun 54-cü maddəsinin I hissəsində də norma var. Həmin norma sürücüdən tələb edir ki, piyada keçidinə yaxınlaşarkən sürəti azaltmaqla və lazım olduqda dayanmaqla yolu keçməyə başlamış (yəni piyada keçidinə daxil olmuş) və ya piyada keçidinə daxil olmaqda olan (yəni hələ yolun hərəkət hissəsinə daxil olmasa da, ayağının heç olmasa birini keçidə qoymuş) piyadaya yolu keçməyə imkan versin. Qaydalarda belə bir normanın olması nəqliyyat vasitələrinin və piyadanın hərəkətinin xarakteri arasında olan fərqdən, habelə piyadaların yol şəraitini qiymətləndirməsindəki qeyri-dəqiqlikdən irəli gəlir. Ümumiyyətlə, yol hərəkəti qaydaları intizamsızlıq edərək, hərəkət qaydalarını pozaraq yola çıxan piyadanı sürücü üçün maneə hesab edir. Qanunun 50-ci maddəsi sürücüdən tələb edir ki, maneəni gördükdə, yol-nəqliyyat hadisəsinin (yəni piyadanın vurulmasının) qarşısını almaq üçün sürəti azaltsın, lazım gəldikdə, hətta dayansın. Amma bu norma piyada intizamsızlığına rəvac vermək üçün deyil. Bu norma daha çox fiziki və ya psixi qüsurları səbəbindən, azyaşlı olması səbəbindən, yaxud başqa obyektiv və ya subyektiv səbəbdən, o cümlədən kobud intizamsızlığı səbəbindən qaydaları pozaraq yolun hərəkət hissəsinə çıxmaqla avtomobillər üçün maneə yaradan piyadaları aşkar riskdən qorumağa yönəlib. Sui-istifadə edənlər isə istisnasız olaraq sərt şəkildə cəzalandırılmalıdırlar. Azər MUSTAFAYEV