Planlı əkinin təşkili zəruridir


Baxıldı : 195

Tarix : 2017-02-10 23:25:58


Kənd təsərrüfatı sahəsində son illər müəyyən canlanma hiss olunsa da, həllini gözləyən ən vacib problem hələ də qalmaqdadır. Söhbət davamlı və dayanıqlı inkişafın əsasını təşkil edən planlı əkinin təşkilindən gedir. Misal üçün, bir il soğan yaxşı qiymətə satılırsa, növbəti il hamı onu əkir. Nəticədə məhsul bol olduğundan qiymətlər çox ucuzlaşır və bu isə fermerlərə ziyan vurur.

Bu il fermerlər soğan sahələrində bol məhsul götürsə də, qiymətlərin ucuz olması çəkilən zəhməti heçə endirib. Hazırda 35 kg-lıq soğan kisəsi 2-3 manata satılır. Keçən il isə 10-15 manat idi.

"Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Nicat Nəsirli bildirib ki, cəmiyyət lazım olan qədər - 1047 ton soğan tədarük etdiyindən fermerlərdən əlavə soğan ala bilməyəcək. Amma bununla belə, yaxın günlərdə, Şəmkir də daxil olmaqla, eləcə də Ağcabədi, Ağdam və digər əsasən soğan əkilən rayonların məhsulunu toplayaraq, Rusiya bazarlarına çıxara biləcəyik.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də kənd təsərrüfatı məhsullarının, o cümlədən soğanın əkin vaxtı tələblə-təklifin nisbətinin nəzərə alınması ilə əlaqədar olduğunu söylədi: "Biz nazirlik olaraq maarifləndiririk, informasiya, müəyyən məsləhətlər, tövsiyələr veririk. Nəyi, nə qədər əkəcəklərini isə fermerlər özləri müəyyənləşdirirlər. Fermerlər bu sahədə tam sərbəstdirlər, biz onlara hansı məhsulun əkilməməsini diktə edə bilmərik".

Bu problemi necə həll etmək olar? 

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli çıxış yolunu, kənd təsərrüfatına kompleks yanaşmada görür. Onun sözlərinə görə, hazırda bəzi məhsulların fermerlərin əlində qalması və çox aşağı qiymətə satılmasının əsas səbəbi təşkilati işlərin düzgün qurulmamasıdır. İstehsal edilən kənd təsərrüfatı məhsullarının keyfiyyəti aşağı olduğu üçün onları uzun müddət saxlamaq mümkün deyil. Bu isə, bazarda məhsul çoxluğu yaradır. Təbii ki, təklif artdıqca qiymət aşağı düşür. Bir müddətdən sonra isə məhsul azalır və qiymət artmağa başlayır. Bunu tənzimləmək üçün xüsusi maddi-texniki bazanın, o cümlədən anbarların yaradılması zəruridir.  Belə olan halda, ölkədə istehsal edilən məhsullar il ərzində bazara mərhələ-mərhələ çıxarılar və ən əsası fermerlər bundan fayda götürər. 

Ekspertin fikrincə, hökumət təkcə maarifləndirmə işi ilə kifayətlənməməli, kənd təsərrüfatı sahəsində əkini tənzimləməlidir.

Meyvə-tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədr müavini Jalə Əmirbəyova isə bildirir ki, problemin əsas səbəbi fermerlərin tələbat olan sortları əkməməsidir.

Qardaş Türkiyədə bu problem 90-cı illərdə həm Kənd Təsərrüfatı Nazirliyi, həm də bazarı araşdıran birjalar tərəfindən həll olunub. Onlar bazar haqqında araşdırma edib fermerlərə məlumat yayır, göstəriş verirlər.

Almaniyada isə planlama yoxdur və buna ehtiyac da duyulmur. Burada hər bir fermer öz təsərrüfatını, hətta nəsildən-nəsilə ötürə biləcək qədər uzun müddətə qurur. Onların hər hansı bir məhsulun müvəqqəti baha olmasına həvəslənib tez-tez profilini dəyişməsi praktiki mümkün deyil. Fermer təsərrüfatı yaradılanda konkret olaraq bir neçə adda məhsulun yetişdirilməsi əsas götürülür. Onun texnikası, əkin sahəsi, təcrübəsi, iş planı və digər amillər yalnız bu istiqamətə uyğunlaşır. Belə deyək, pomidor yetişdirən fermerin kartof və ya soğan əkininə keçməsi bir mövsümdə baş verə bilməz. Bunun üçün az qala bütün iş prinsipi dəyişdirilməlidir. Buna da illərlə vaxt lazımdır.

Günel QULİYEVA