Plenum köhnə sədri hörmətlə yola saldı


Baxıldı : 564

Tarix : 2020-09-04 14:36:56


Sentyabrın 2-də Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin onlayn plenumu keçirilib. Plenumu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Möhbalıyev açıb. AHİK sədri bildirib ki, Respublika Komitəsinin (RK) sədri Rafiq İldarov səhhəti ilə bağlı müraciət edərək işdən azad olunmasını xahiş edib.

Sonra S.Möhbalıyev R.İldarovun Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindəki rolundan, xidmətlərindən danışıb. Deyib ki, o, AHİK-ə üzv olan respublika komitələrinin ən bacarıqlı, səriştəli sədrlərindən biridir. R.İldarov müxtəlif dövlət qulluğu sahələrində çalışıb. 1997-ci ildən həmkarlar ittifaqı təşkilatı sistemində işləyir. 1997-2003-cü illərdə Azərbaycan Elektrik Stansiyaları və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində əvvəlcə şöbə müdiri, sonra sədr müavini vəzifələrinə seçilib. 2003-cü ildən isə Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədridir.

R.İldarov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Məclisinin və İcraiyyə Komitəsinin, “Elektroprofsoyuz” Beynəlxalq Həmkarlar İttifaqları Birliyi Şurasının üzvü olub.

Onun əməyi ölkə başçısı tərəfindən də yüksək qiymətləndirilib. 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə R.İldarova “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilmişdir. 2015-ci ildə isə “Tərəqqi” medalı ilə təltif edilib.

RK-nın sədri Rafiq İldarov xöş sözlərə görə Səttar Möhbalıyevə minnətdarlığını bildirib. Respublika Komitəsinin fəaliyyətinə göstərdiyi dəstəyə görə AHİK-ə, eyni zamanda müəssisə və təşkilatların həmkarlar ittifaqı komitə sədrlərinə təşəkkür edib. Kollektivdə çalışmaq istəyinin olmasına baxmayaraq, səhhətinin buna imkan vermədiyini deyib.

Plenum R.İldarovun xahişini nəzərə alıb, işdən çıxmaq barədə ərizəsini qəbul edib. Plenum həmçinin Respublika Komitəsinin yeni sədrini seçib. Bu vəzifəyə təqdim olunan Adil Atakişiyevin namizədliyi yekdilliklə dəstəklənib.

Adil Atakişiyev ona göstərilən etimada görə öz təşəkkürünü bildirib. 

S.Möhbalıyev deyib ki, Adil Atakişiyev uzun müddət hüquq-mühafizə orqanlarında çalışıb. 2014-cü ildən “Bakı Metropoliteni” QSC-nin Hüquq İdarəsinin rəisidir. İşlədiyi müddətdə qazandığı zəngin təcrübənin, təşkilatçılıq bacarığının həmkarlar ittifaqının fəaliyyətinin daha da gücləndirilməsinə xidmət edəcəyinə ümidvarıq.

AHİK sədri yeni seçilmiş sədrə və kollektivə təklif və tövsiyələrini verdi.