Praktik psixoloq işləyirəm


Baxıldı : 57

Tarix : 2018-06-22 23:09:50


Praktik psixoloq işləyirəm. Eşitmişəm ki, mənə 56 gün məzuniyyət düşür. İşdə deyirlər ki, Azərbaycanda yalnız müəllimlər 56 günlük məzuniyyətdən istifadə edirlər, bu, doğrudurmu? Özgə hansı işçilərə 56 gün məzuniyyət verilir?

 

Əsli QULAMOVA,

Bakı şəhəri.

- Əmək Məcəlləsinin 118-ci maddəsi ilə pedaqoji və elmi fəaliyyətlə məşğul olan işçilərin əmək məzuniyyətlərinin müddətləri müəyyən edilmişdir. Həmin maddəyə əsasən, aşağıdakı işçilərə əmək məzuniyyəti 56 təqvim günü müddətində verilməlidir:

     a) illik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər işçilərinə, tərbiyəçilərinə, təlimatçılarına, dərnək və musiqi rəhbərlərinə, konsertmeysterlərə, akkompaniatorlara, xormeysterlərə və başqa musiqi işçilərinə;

     b) bütün ixtisas və adlardan olan müəllimlərə (məşqçi müəllimlərdən başqa);

     c) uşaq birliyi rəhbərlərinə, magistrlərinə, praktik psixoloqlara, loqopedlərə, surdopedaqoqlara;

     ç) təhsil müəssisələrinin tərbiyəçilərinə (ümumtəhsil internat məktəbləri, xüsusi məktəblər və xüsusi internat məktəblərinin tərbiyəçilərindən başqa) eşitmə kabinetlərinin təlimatçılarına, dərnək rəhbərlərinə, hərbi rəhbərlərə, bədən tərbiyəsi rəhbərlərinə;

     d) sosial müdafiə orqanlarının və səhiyyə təşkilatlarının bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçilərinə;

     e) elmi müəssisə və təşkilatların, habelə ali təhsil müəssisələrinin elmi tədqiqat bölmələrinin elmlər doktoru elmi dərəcəsi olan əməkdaşlarına, rəhbərlərinə və onların elmi işlər üzrə müavinlərinə, elmi katiblərinə;

     ə) müvafiq elmi şuranın qərarı əsasında müstəqil elmi tədqiqat işləri aparan elmi işçilərə.

 

Eşitdiyimə görə, həyat sığortası üzrə sığorta məbləğinin alınması müddəti qanunla müəyyən edilib. Bu, düzgündürmü?

 

Nərgiz SEYİDOVA,

Bakı şəhəri.

- Bildiririk ki, həyat sığortası üzrə müqavilə müddəti bitdikdə və ya sığorta hadisəsi baş verdikdə sığorta məbləği sığorta müqaviləsində müəyyən edilmiş qaydada və şərhlərlə sığortalıya qaytarılır. Sığorta məbləğinin alınması üçün sığortalı sığortaçıya müraciət etməlidir. Sığorta məbləğinin tələb edilməsi üçün qanunvericilikdə 10 il mıddət müəyyən edilmişdir.

“Sığorta haqqında” qanunun 33-cü maddəsi tələb olunmamış sığorta məbləği adlanır. Burada deyilir ki, sığortalının müəyyən yaşınadək sağ qalması və sağ ölümü şərtilə həyat sığortası üzrə sığorta məbləği sığortalı və ya onun qanuni vərəsəsi tərəfindən ödəniş vaxtı çatandan etibarən 10 (on) il ərzində tələb edilməzsə, onuncu il başa çatdıqda sığortalıların siyahısı müvafiq icra hakimiyyəti orqanına verilməklə dövlət büdcəsinə köçürülür.

 

Dövlət qulluğundan son yaş həddinə görə təqaüdə çıxmış (DİN və MN əməkdaşları daxil olmaq şərtilə) şəxslər öldükdən sonra ailəsinə ölənin təqaüdünün verilməsi qaydası barədə:

- ölənin ailəsi əmək təqaüdü və ya əlilliyə görə təqaüd alırsa:

- həmçinin dövlət qulluğuna aid olmayan təqaüdçülər göstərilən hallardan necə istifadə edirlər?

- ölən şəxslərin dəfninə DSMF nə qədər məbləğdə pul ödəyir?

 

Ə.XƏLİL,

İmişli şəhəri.

- “Dövlət qulluğu haqqında” qanuna görə, dövlət qulluqçusunun pensiya təminatı üçün əsas və onun qaydası Qanunun 23-cü maddəsinin müddəaları nəzərə alınmaqla AR-ın müvafiq qanunu (“Əmək pensiyaları haqqında” qanun) ilə müəyyən edilir. 23.5. maddəyə əsasən, dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir.

“Əmək pensiyaları haqqında” qanunun 20.13. maddəsinə əsasən, dövlət qulluqçusu və ya dövlət qulluqçusu kimi qanunla müəyyən olunan əmək pensiyasına əlavələri almaq hüququ olan əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri (AR vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçularının ailə üzvləri istisna olmaqla) vəfat etmiş dövlət qulluqçusunun  əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək I qrup əlil olmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla), qulluq stajına görə almalı olduğu və ya pensiyaçı kimi aldığı əmək pensiyası və əmək pensiyalarına əlavənin 80 faizi miqdarının ailə üzvlərinin sayına olan nisbəti şəklində müəyyən edilmiş məbləğdə “Əmək pensiyaları haqqında” qanunla təyin edilən ailə başçısını itirməyə görə əmək pensiyasının məbləği arasındakı fərq qədər əmək pensiyasına əlavə ödənilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası hüququndan yararlana bilən şəxslərin dairəsi Qanunun 14-cü maddəsində göstərilmişdir:

14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının öhdəsində olan (vəfat edənin tam təminatında olan və ya ondan özlərinin yaşayışı üçün daimi və əsas vəsait mənbəyi kimi kömək alan) aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır:

14.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları:

14.1.1.1. 18 yaşına çatmamış;

14.1.1.2. 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil; 

14.1.1.3. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək;

14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa ( bu gün üçün kişilər 63,5 yaş, qadınlar 60,5 yaş), yaxud I və ya II qrup əlildirsə;[51]

14.1.3. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə.

14.2. sığortaolunan qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildiyi halda, onun ailə üzvləri vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə üzvləri ilə bərabər əsaslarla ailə başçısını itirməyə görə əmək pensiyası hüququna malikdirlər.

14.3. xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilən sığortaolunan qayıtdıqda və ya onun olduğu yer aşkar edildikdə, onun ailə üzvlərinə ödənilən ailə başçısını itirməyə görə əmək pensiyası dayandırılır.

Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri bu pensiyanı almaq üçün ƏƏSMN yanında DSMF-nin müvafiq rayon şöbəsinə ərizə ilə müraciət etməli və tələb olunan sənədləri təqdim edilməlidirlər.

Vəfat edən şəxsə müavinətin verilməsi ilə bağlı bildiririk ki, sığortaolunan və ya əmək pensiyaçısı vəfat etdikdə dəfn üçün müavinət verilir. Sığortaolunanlar üzrə dəfn üçün müavinətin məbləği sosial müavinətlərə dair qanunvericiliklə, əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir.

ƏƏSMN tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına ödənilən dəfn üçün birdəfəlik müavinətin məbləği 2018-ci il 23.02 tarixli sərəncamla 145,20 manat olmuşdur. Bu müavinət vəfat edənin dəfnini təşkil edən şəxsə qeydiyyat şöbəsinin və yerli bələdiyyənin arayışları əsasında verilir.

Bundan əlavə, vəfat edən sığortaolunandırsa, onda Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əməkhaqqının azı 3 misli miqdarında müavinət ödənilir. Əgər vəfat edən əmək pensiyaçısıdırsa, onda “Əmək pensiyaları haqqında” qanunun 42.2. maddəsinə əsasən, əmək pensiyaçısı vəfat etdikdə onun ailəsinə pensiyaçının vəfatı tarixinə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir.

Vəfat etmiş şəxs həm sığortaolunan, həm də əmək pensiyaçısıdırsa, onda dəfn üçün müavinətin biri - məbləğcə daha böyüyü ödənilir.

Lakin əmək qabiliyyətli işləməyən, əmək pensiyası və sosial müavinətlərə hüququ olmayan şəxs vəfat etdikdə onun ailəsinə müavinət ödənilmir.