Prezident İlham Əliyev:  “Maaşlar və pensiyalar yenə də artmalıdır"


Baxıldı : 295

Tarix : 2017-01-13 22:03:26


Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Prezident  İlham Əliyev iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin ağırlaşdığını deyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, ölkəmizdə təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb: " Ölkəmizdə sabitliyin mənbəyi xalqımızın iradəsidir, xalqımızın seçimidir". Dövlət başçısı ötən il qarşıda duran bütün vəzifələrin icra edildiyini, neftin qiymətinin aşağı düşməsi fonunda yaranan böhranlı vəziyyətdən çıxış yolu tapıldığını deyib.

2016-cı ilin ölkəmizin tarixində dərin iqtisadi islahatlar dövrü kimi qalacağını vurğulayan  Prezident İlham Əliyev qəbul edilmiş qərarlar nəticəsində bundan sonra da qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində olacağını qeyd edib: "Təsadüfi deyil ki, keçən il neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində ümumi daxili məhsul azalsa da, qeyri-neft sənayemizdə 5, kənd təsərrüfatında isə 2,6 faiz artım əldə olunub".

Keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu deyən ölkə başçısı vurğulayıb ki, 2016-cı ildə əsas vəzifələrdən biri valyuta ehtiyatlarının qorunması idi və buna da nail olunub. Bəzi neft ölkələrindən fərqli olaraq Azərbaycan Dövlət Neft Fondunun vəsaitlərindən səmərəli istifadə edildi. Azərbaycanda görülən işlərin beynəlxalq maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini, Davos Ümum-dünya İqtisadi Forumunun Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə 37-ci yerdə qərarlaşdığını deyən dövlət başçısı böhranlı ildə belə ölkədə 100 mindən çox daimi iş yerinin açıldığını vurğulayıb.

Prezident İlham Əliyev bildirib ki, ötən il sosial məsələlərin həlli yenə də diqqət mərkəzində olub, maaşlar 7 faiz, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Hesab edirəm ki, 2017-ci ildə də bu istiqamətdə müsbət dinamika olacaqdır. Biz ünvanlı sosial yardım ilə bağlı çox önəmli addımlar atmışıq. Yəni ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Bu yardımın məbləği artır və artmalıdır. Eyni zamanda sosial ədalətlə bağlı 2016-cı ildə çox önəmli addımlar atılmışdır, xüsusilə kommunal tariflərlə bağlı. Yenə də deyirəm, ehtiyac içində yaşayanlara dövlət öz yardım əlini uzadır və daim bunu edəcəkdir. Orta təbəqənin maraqlarının qorunması üçün çox ciddi institusional islahatlar aparılır, iş yerlərinin yaradılması ilə bağlı addımlar atılır. Varlı təbəqə isə dövlətdən dotasiya, hansısa yardım gözləməməlidir. Ona görə kommunal tariflərin diferensiasiyası da bax, bu sosial ədalət prinsipini əsas prinsip kimi götürmüşdür və hesab edirəm ki, sosial məsələlərin həlli işində biz 2016-cı ildə əldə edilmiş uğurlarla fəxr edə bilərik. Gəlirlərimiz azalır, ancaq insanların maaşları artır.

Sosial siyasətin tərkib hissəsi kimi 485 məktəb təmir olunub, 29 məktəb tikilib, 41 tibb müəssisəsi inşa edilib və ya təmir olunub. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb.

Bundan əlavə , "ASAN xidmət" mərkəzlərinin sayı 11-ə çatdırılıb. İndiyə qədər bu mərkəzlərə 13 milyon müraciət daxil olub, göstərilən xidmətlərin sayı artırılıb.  "ASAN Viza" nın fəaliyyətə başlaması ölkəmizə turist axınının daha da sürətlənməsinə geniş imkanlar açıb. 2016-cı ildə Azərbaycana gələn turistlərin sayı 11 faiz artıb.

Ötən il beynəlxalq əlaqələrimizin daha da genişləndiyini deyən ölkə başçısı 2016-cı ildə Azərbaycana 20-yə yaxın dövlət və hökumət başçısının səfər etdiyini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndiyini bildirib. O, Azərbaycan torpaqlarının işğaldan azad olunması və BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz qaldığını vurğulayıb. 2016-cı ilin aprelində təmas xəttində baş verən döyüşlərə toxunan Prezident İlham Əliyev  əks-hücum əməliyyatı nəticəsində ordumuzun düşmənə sarsıdıcı zərbələr vurduğunu və minlərlə hektar torpağın işğaldan azad edildiyini bildirib.

2016-cı ilin vacib hadisələrindən danışarkən ölkə başçısı "Cənub" qaz dəhlizinin və "Şahdəniz-2" layihəsinin icrası ilə bağlı bütün addımların atıldığını, TANAP layihəsinin böyük hissəsinin icra edildiyini, Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması ilə bağlı tədbirlərin görüldüyünü bildirib.

 2016-cı ildə idmançılarımızın Rio Olimpiya Oyunlarında tarixi nailiyyətə imza atdığını deyən dövlət başçısı sentyabrda baş tutan referendumun nəticələrindən də danışıb, onun xalqımızın iradəsini əks etdirdiyini diqqətə çatdırıb.

Ötən il ölkəmizdə "Multikulturalizm ili" elan edildiyini deyən Prezident bu il çərçivəsində Bakıda bir neçə mötəbər beynəlxalq tədbirlərin keçirildiyini, Roma Papasının ölkəmizə səfəri zamanı verdiyi bəyanatların bir daha Azərbaycanın önəmini təsdiqlədiyini qeyd edib.

Sonra Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov görülən işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Prezident İlham Əliyev yekun nitqində inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini deyib, bu prosesin insanların həyat şəraitinin yaxşılaşdırılmasına, Bakının daha da gözəlləşməsinə, həm də tikinti materialları bazarının stimullaşdırılmasına xidmət etdiyini bildirib. Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətini vurğulayan dövlət başçısı qarşıdakı illərdə paytaxtda iki minə yaxın sosial mənzilin inşa olunacağını və Bakıda köhnəlmiş mənzil fondunun yerində yenilərinin tikintisinə start verildiyini, "Ağ şəhər" layihəsinin uğurla icra olunduğunu, qarşıdakı dövrdə Akademik Milli Dram Teatrının   arxasında və Təzəpir məscidinin ətrafında geniş abadlıq işlərinin aparılacağını, ictimai yerlərin yaradılacağını bildirib.

2017-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsinin, inflyasiyanın birrəqəmli olmasının vacibliyini vurğulayan ölkə başçısı bank sektorunun sağlamlaşdırılması ilə bağlı bu il də geniş tədbirlərin görüləcəyini deyib. Prezident sənaye parklarının yaradılması, kənd təsərrüfatının, xüsusilə də taxıl, pambıq, çay, barama və şərab istehsalının artırılması, valyuta gətirən meyvə plantasiyalarının salınması, heyvandarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsinin əhəmiyyətindən danışıb: "Bir sözlə, kənd təsərrüfatı ilə bağlı məsələlər xüsusi diqqət tələb edir. Ona görə mən bu sahəyə bu gün də, ümumiyyətlə, çox böyük diqqət ayırıram. Çünki bu sahə həm məşğulluqdur, həm inkişafdır, həm ixracdır. İstehsal olunan məhsullar üçün yeni bazarlar tapılmalıdır".

Ölkədə infrastrukturun yaradılması, qazlaşdırılmanın aparılması, kənd yollarının tikintisi, içməli su layihələrinin icrası ilə bağlı tapşırıqlarını verən dövlət başçısı hərbi potensialın gücləndirilməsinə dair əlavə tədbirlərin görüləcəyini bildirib. Prezident İlham Əliyev ekoloji tədbirlərin, ölkəyə turist axınının stimullaşdırılmasının, "ASAN xidmət"in coğrafiyasının və funksiyalarının genişləndirilməsinin, Ələtdəki Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin birinci mərhələsinin tam başa çatdırılmasının diqqət mərkəzində saxlanıldığını vurğulayıb.

Azərbaycan İslam aləmində çox böyük hörmətə malik bir ölkədir deyən dövlət başçısı İslam Əməkdaşlıq Təşkilatı rəhbərlərinin respublikamıza necə yüksək qiymət verdiklərinə diqqət çəkib: "Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edirəm".