Prezident İlham Əliyevin sədrliyi ilə ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib  


Baxıldı : 40

Tarix : 2020-04-14 18:25:12


 

Aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib.

Dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.

Prezident İlham Əliyevin giriş

nitqi

- Bu gün biz ilin birinci rübünün yekunlarını müzakirə edəcəyik, görüləcək işlər haqqında danışacağıq. Deyə bilərəm ki, 2020-ci il uğurla başlamışdır. İlin əvvəlinin göstəriciləri deməyə əsas verir ki, Azərbaycanda islahatların davam etdirilməsi yaxşı nəticələrə gətirib çıxarır. Xüsusilə yanvar-fevral aylarında həm iqtisadi, həm də sosial göstəricilərimiz çox müsbət idi. Mart ayında isə müəyyən qədər tənəzzülə uğradıq. Bu da təbiidir. Çünki koronavirus bütün dünya üçün böyük bəladır və dünya iqtisadiyyatı üçün böyük problemdir. Əgər ilin 3 ayını bütövlükdə götürsək, görərik ki, yenə də inkişaf, tərəqqi var. Ancaq hər kəs bilməlidir ki, indi dünya yeni bir mərhələyə qədəm qoyub və hətta ən inkişaf etmiş ölkələr böyük problemlərlə üzləşiblər.

Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi. Ən inkişaf etmiş ölkələrin təcrübəsi onun göstərir ki, heç bir ölkə özünü tam sığortalı hesab edə bilməz. Heç bir ölkənin səhiyyə sistemi bu xəstələrin artan dinamikasının qarşısında duruş gətirə bilməz. Ona görə bu, bizim üçün də dərs olmalıdır və mən bunu artıq bildirmişəm, bir daha demək istəyirəm ki, ibrət götürməliyik. Bizim bütün addımlarımız ölçülüb-biçilmiş addımlardır və təsadüfi deyil ki, bir neçə ölkə bizim təcrübəmizdən yararlanıb oxşar addımlar atır. Biz bunu görürük.

Ona görə bizim bundan sonrakı addımlarımız elə atılmalıdır ki, insanların sağlamlığını, onların həyatını qoruya bilək. Əvvəllər qeyd etdiyim kimi, biz addımlarımızı vəziyyətə uyğun atacağıq və əlbəttə, hamımız istəyirik ki, bu karantin rejiminə tezliklə son qoyulsun və vətəndaşlar öz normal həyatına qayıtsınlar. Ancaq bir daha demək istəyirəm ki, bizim üçün əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Bu günlərdə mənə ünvanlanan yüzlərlə, minlərlə məktublar, elektron məktublar, mesajlar göstərir ki, vətəndaşlar bizim atdığımız addımları yüksək qiymətləndirirlər.

Ancaq bir daha demək istəyirəm ki, koronavirus pandemiyası nə vaxt qurtaracaq bunu heç kim bilmir, heç kim proqnoz verə bilmir. Ona görə biz də, sadəcə olaraq, həm ölkə daxilində vəziyyəti tam nəzarətdə saxlamalıyıq, geniş monitorinq aparmalıyıq və aparırıq. Eyni zamanda, dünyada gedən prosesləri də yaxından müşahidə edərək öz addımlarımızı elə ataq və tam əmin olaq ki, bu koronavirus pandemiyası artıq təhlükə törətmir. Hesab edirəm ki, ancaq ondan sonra müəyyən dərəcədə yumşalma addımlarının atılması mümkündür. Hələ ki, demək tezdir, amma son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək istəyirəm ki, bu müsbət dinamika, yəni, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək. Ancaq yenə də deyirəm, biz addımlarımızı vəziyyətə uyğun şəkildə atacağıq.

O ki qaldı, pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirinə, bu da qaçılmazdır. Artıq aparıcı beynəlxalq maliyyə qurumları qeyd edir ki, bu pandemiyadan yarana biləcək və yaranmaqda olan böhran 2008-2009-cu ilin böhranından daha da ağır olacaq. Bunu Beynəlxalq Valyuta Fondunun rəhbərliyi bildirmişdir. Eyni zamanda, biz bilirik ki, Beynəlxalq Valyuta Fonduna və Dünya Bankına 150-dən çox ölkə yardım üçün müraciət etmişdir. Yəni, dünya birliyinin mütləq əksəriyyəti artıq yardıma ehtiyac duyur və buna görə müraciət edibdir. Azərbaycanın adı bu siyahıda yoxdur. Hesab edirəm ki, bu vəziyyətdən şərəflə çıxmağımız, - mən buna əminəm, - bir daha göstərəcək ki, bizim bütün addımlarımız düşünülmüş addımlardır və xalqımızın, dövlətimizin maraqlarına uyğun şəkildə atılan addımlardır.

Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş Nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin. Əlbəttə ki, biz, ilk növbədə, bu vəziyyətdən əziyyət çəkən vətəndaşların problemlərini həll etməliyik və edirik. Bu məqsədlə böyük məbləğdə vəsait ayrılıb, 600 mindən çox insan, hansı ki, pandemiyaya görə öz işini müvəqqəti olaraq itirib, dövlət tərəfindən dəstəklə təmin edilir. Bu insanların maaşlarının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənilir. Eyni zamanda, işsizlərlə bağlı problemlər öz həllini tapır və işini itirənlər artıq öz adlarını kütləvi surətdə qeydiyyata salırlar. Biz burada da çox diqqətli olmalıyıq, sui-istifadədən uzaq olmalıyıq. Bu, həm vətəndaşlara aiddir, həm də dövlət orqanlarına. Doğrudan da işini itirmiş, yaxud da ki, işləməyən insanlara yardım göstərilməlidir. Çünki mənə verilən məlumata görə, son günlər ərzində müraciətlərin dinamikası çox sürətlidir və bu, müəyyən şübhələr doğurur. Dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar.

Onu da bildirməliyəm ki, mənim göstərişimlə son aylar ərzində ünvanlı sosial yardım alan insanların sayı artırılıb, indi 70 mindən çoxdur. Əlbəttə ki, hər bir məsələyə biz ayrı-ayrılıqda baxmalıyıq, vahid meyarlar tətbiq olunmalıdır və bu meyarlar vətəndaşlara da aydın olmalıdır ki, bununla bağlı heç kimdə heç bir şübhə qalmasın.

Əlbəttə ki, həyat yerində durmur, həyat davam edir və mən əminəm ki, 2020-ci il də çox dərin və geniş islahatlar ili olacaq, necə ki, 2019-cu ildə islahatların böyük hissəsi icra edilmişdir. Əslində, islahatların yeni mərhələsinə start 2018-ci ilin prezident seçkilərindən sonra verilmişdir. Mənim andiçmə mərasimindəki çıxışımda inkişafımızın və islahatların bütün istiqamətləri açıq-aydın göstərilmişdir. Ondan sonra biz bu islahatların ardıcıllıqla həyata keçirilməsi ilə məşğuluq və bu gün deyə bilərəm ki, ölkəmizdə daha yaxşı vəziyyət yaranmışdır - həm siyasi müstəvidə, iqtisadi sahədə, həm də sosial problemlərin həllində. Əlbəttə, əgər bu koronavirus pandemiyası müdaxilə etməsəydi, bizim uğurlarımız daha da böyük həcmli olardı. Ancaq əminəm ki, biz bu ağır vəziyyətdən də çıxacağıq, iqtisadiyyatımız, iş yerləri bərpa ediləcək.

Pandemiya bir daha göstərdi ki, uğurlu inkişaf üçün iqtisadiyyat dayanıqlı olmalıdır. Buna nail olmaq üçün mütləq bütün sahələrdə islahatlar aparılmalıdır - həm iqtisadi-sosial sahədə, eyni zamanda, siyasi sahədə. Mən hesab edirəm ki, siyasi islahatların aparılması bundan sonra da bizim imkanlarımızı daha da genişləndirəcək. Biz bu islahatların gözəl nəticələrini görürük. Azərbaycan bundan sonra da demokratik inkişaf istiqamətində önəmli addımlar atacaq. Bizim kifayət qədər güclü siyasi iradəmiz var. Biz görürük ki, siyasi və iqtisadi islahatlar paralel aparılarkən doğrudan da böyük uğurlara imza ata bilərik.

Struktur islahatları aparılıb və hesab edirəm ki, struktur islahatlarının davam etdirilməsi məsələlərinə yenə də baxmalıyıq. Siyasi islahatlar göz qabağındadır, kadr islahatları aparılıb. Prezident Administrasiyasında, Nazirlər Kabinetində, parlamentdə böyük kadr dəyişiklikləri edilib. Bütün hakimiyyət qollarında aparılan islahatlar bir məqsədi güdür ki, idarəetmə mexanizmi daha da təkmilləşsin, təbii olaraq, gəncləşmə siyasəti aparılsın və peşəkar kadrlar önəmli vəzifələrə gətirilsin. Hesab edirəm ki, bizim sözümüzlə əməlimiz arasında hər zaman olduğu kimi, bu dəfə də vəhdət var və nəyi bəyan etmişəmsə biz onu da təmin edirik. Hesab edirəm ki, Prezident Administrasiyasında, Nazirlər Kabinetində və Milli Məclisdə aparılan ciddi islahatlar nəticəsində ölkəmiz indi yeni inkişaf mərhələsinə inamla qədəm qoyur və idarəetmədə təkmilləşmə göz qabağındadır. Eyni zamanda, yerli icra orqanlarında aparılan kadr islahatları, xüsusilə, xoşagəlməz hallara qarşı ciddi mübarizə də göz qabağındadır. Bu, bizim şüurlu seçimimizdir. Bütün xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Hesab edirəm ki, Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.

Bu islahatların məntiqi davamı parlament seçkiləri idi və bu ilin fevral ayında keçirildi. Parlament seçkiləri bir daha xalqımızın iradəsini ifadə etdi, bir daha göstərdi ki, apardığımız siyasət Azərbaycan vətəndaşları tərəfindən bəyənilir, dəstəklənir və parlament seçkiləri demokratik inkişaf istiqamətində atılmış növbəti addımdır. Seçkilərdən sonra parlamentin tərkibi böyük dərəcədə, rəhbər orqanları isə tam dəyişdirildi. Tarixdə ilk dəfə olaraq, müxalifət nümayəndəsi Milli Məclisin Sədrinin müavini vəzifəsinə seçildi. Hesab edirəm ki, bu, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış önəmli addımdır. Eyni zamanda, tarixdə ilk dəfə olaraq, parlament komitələrinə müxalifət nümayəndələri başçılıq edirlər, həm sədr, həm müavin vəzifələrində. Hesab edirəm ki, bu da çox önəmli addımdır və ilk növbədə, siyasi sistemin yeni konfiqurasiyasına yol açan bir addımdır, eyni zamanda, Milli Məclisdə gedən proseslərə müsbət təsir göstərəcək. İndiki şəraitdə biz açıq-aydın görürük ki, siyasi qüvvələrin mütləq əksəriyyəti dövlətçilik prinsiplərini hər şeydən üstün tutur və bu da əslində, bizim əsas məqsədimizdir. Çünki əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır. Belə olan halda həm siyasi müstəvidə işlər müsbət istiqamətdə gedəcək, eyni zamanda, ölkədə mövcud olan problemlər daha tezliklə həll olunacaq. Çünki müxalifət nümayəndələri bəzən iqtidar nümayəndələrinin görmədiyi qüsurları görürlər, onları dilə gətirirlər, onları diqqətə çatdırırlar və bu, çox müsbət haldır. Ancaq, eyni zamanda, bir daha demək istəyirəm ki, bütün siyasi qüvvələr üçün bir amal, bir məsələ toxunulmaz olmalıdır, bu da bizim müstəqilliyimiz, dövlətçiliyimiz və dövlət maraqlarıdır.

Hesab edirəm ki, hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır. Müstəqillik dövründə bu sahədə heç vaxt belə müsbət mənzərə müşahidə edilmirdi.

Əlbəttə, bəlkə mən hadisələri bir qədər qabaqlayıram. Çünki bu proses hələ təzə-təzə başlayır. Ancaq bəlkə ona görə qabaqlayıram ki, mən bu prosesin sürətlə getməsini arzulayıram. Şadam ki, bizim dialoq təklifinə müxalifət partiyalarının hamısı müsbət cavab verib və artıq siyasi dialoq başlayır. Əminəm ki, bu, ölkəmizə böyük fayda gətirəcəkdir.

O ki qaldı, bu dialoqdan imtina edənlərə, onları siyasi qüvvə adlandırmaq düzgün olmaz. Çünki bu düşərgədə cəmləşən insanlar uzun illərdir iqtidara qarşı yox, dövlətimizə, xalqımıza qarşı çirkin mübarizə aparırlar. Onların əsas məqsədi vəziyyəti gərginləşdirməkdir. Ölkəmiz üçün, xalqımız üçün nə qədər pisdirsə, onlar üçün o qədər yaxşıdır. Onların fəaliyyətinin tarixi də bunu göstərir. Biz bu tarixi yaddan çıxarmamışıq. Həmin bu qüvvələr Azərbaycanı 1990-cı illərin əvvəllərində ağır vəziyyətə salıblar, xəyanət ediblər, torpaqlarımızın işğalını şərtləndiriblər. Ondan sonra qorxaqcasına qaçıb gizləndilər. Həmin bu adamlar Azərbaycana böyük zərbə vurmuşlar, vətəndaş müharibəsinə start vermişlər. Torpaqlarımız işğala düşən zaman burada qardaş qanı axıdıldı. Bu qruplaşma ölkəmizdə xaos, anarxiya yaratdı, korrupsiya dövlət siyasətinə çevrildi və səriştəsizlik, tərbiyəsizlik, mədəniyyətsizlik artıq AXC-Müsavat hakimiyyətinin rəmzinə çevrildi. O hakimiyyəti təmsil edən adamların yarıtmaz və xəyanətkar fəaliyyəti nəticəsində ölkə faktiki olaraq dağılma ərəfəsində idi.

Ona görə bu qruplaşmanı indiki şəraitdə siyasi qüvvə adlandırmaq olmaz. Onu bildirməliyəm ki, həmişə nəyisə gözləyirlər və həmişə xarici amilə ümid edirlər. Yadınıza salın, 2005-ci ildə postsovet məkanında inqilablar baş verdiyi zaman onlar da bundan ruhlanıb “narıncı inqilab” etmək fikrinə düşmüşdülər. Hətta özləri üçün ayrı bir rəng də seçməkdə çətinlik çəkdilər, Ukraynadan o vaxt narıncı rəngi götürüb burada tətbiq etmək istədilər. Narıncı rəngdə maykalar, bantlar sifariş edib ölkəmizə gətirdilər. Ancaq bir şeyi nəzərə almadılar ki, o vaxt, 2005-ci ildə parlament seçkiləri noyabr ayında keçirilmişdi. Noyabrda artıq soyuqlar başlayır. O gülməli mənzərə yadımdadır ki, bunlar pencəyin, paltonun üstündən narıncı maykaları geyib küçələrə çıxmışdılar. Bəziləri isə boyunlarına salmış, bəziləri başlarına bağlamışdılar. Bu, bir komediya mənzərəsi yaradırdı. Bax, budur bunların qabiliyyəti. O da alınmadı. Ondan sonra “ərəb baharı” başlayanda yenə də ruhlandılar ki, bunların əlinə bir fürsət düşəcək. 2011-2012-ci illərdə Azərbaycanda “ərəb baharı”nın təkrarlanmasını istəmişdilər. O da alınmadı. 2013-cü ildə prezident seçkiləri ərəfəsində hansı eybəcər addımlar atmışdılar, onu hər kəs xatırlayır. İndi isə koronavirus bunlar üçün sanki, göydəndüşmə bir hədiyyədir. Bu gün koronavirusa sevinən ancaq bu antimilli qruplaşmadır. Mən təbii ki, baş verən hadisələrdən xəbərdaram və bilirəm ki, bunların bu çirkin niyyətləri dəhşətli bir mənzərə yaradır. Ölənlərin sayının artmasını arzulayırlar, xəstələrin sayının artmasını istəyirlər, sevinirlər ki, insanlar vəfat edir. Yəni, bu, iqtidara qarşı deyil, dövlətə qarşı düşmənçilikdir. Mən hər şeyi öz adı ilə çağırıram. Əgər kimsə xalqımıza, dövlətimizə düşmənçilik edirsə, onun bir adı var - düşmən. Hər kəs bunları belə də çağırmalıdır. Bunların indiki arzuları da gözlərində qalacaq. Sözüm onda deyil, sözüm ondadır ki, siyasi islahatlar bu gün tam yeni bir konfiqurasiya yaradır. Əminəm ki, marginal qruplaşmaya yeni konfiqurasiyada yer yoxdur və olmamalıdır. Azərbaycan xalqı onları 27 il bundan əvvəl tarixin zibilxanasına atıbdır.

Hesab edirəm ki, bizim bu ilin əvvəlindən beynəlxalq müstəvidə də fəaliyyətimiz uğurludur. Mənim Davos Forumunda və Münxen Konfransında iştirakım, hesab edirəm ki, çox müsbət nəticələrə gətirib çıxarıb. Çünki Davos Ümumdünya İqtisadi Forumu dünyanın bir nömrəli beynəlxalq iqtisadi tədbiridir və dünyanın siyasi, iqtisadi elitası orada iştirak edir. Mən Azərbaycana böyük marağı bir daha gördüm, bunun şahidi oldum. Dünyanın nəhəng şirkətləri Azərbaycanla işləmək istəyirlər. Növbəti addımların atılması və yeni razılaşmaların imzalanması üçün yaxşı şərait yaradılmışdır. Davos Forumunda keçirdiyim bir çox görüşlər konkret nəticəyə gətirib çıxarır. Azərbaycana sərmayə qoyulur, böyük şirkətlər Azərbaycanla daha fəal əməkdaşlıq edir və sair.

O ki qaldı, Münxen Təhlükəsizlik Konfransına, bu da dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfransdır. Bu dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münxen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq.

Ona görə hesab edirəm ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir.

Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır. “Seçkilər”dən sonra bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri tanımadı və açıq-aydın bəyanatlar səsləndi. ATƏT-in Minsk qrupunun həmsədrləri - Amerika, Fransa, Rusiya açıqlama verdi. ATƏT Parlament Assambleyası açıqlama verdi. Avropa İttifaqı, hətta bizə qərəzli mövqedə dayanan Avropa Parlamenti də açıqlama verdi. NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası - bütün bu təşkilatlar dünyanın demək olar ki, mütləq əksəriyyətini cəmləşdirir. Qoşulmama Hərəkatında 120 ölkə, İslam Əməkdaşlıq Təşkilatında 50-dən çox ölkə, Avropa İttifaqında 30-a yaxın ölkə, ATƏT-də 50-yə yaxın ölkə. Bütün bu təşkilatlar bu “seçkiləri” tanımadı və bir daha göstərdilər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bu, bir daha göstərdi və mən bunu demişəm, bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi.

Ancaq istəyirəm Azərbaycan vətəndaşları bilsinlər ki, bu beynəlxalq təşkilatlar arasında bir təşkilatın adı yoxdur. Hesab edirəm, hər kəs başa düşür ki, söhbət Avropa Şurasından, Avropa Şurası Parlament Assambleyasından gedir, hansı ki, uzun illər, 20 il ərzində Azərbaycanı qaralamaq, Azərbaycana şər, böhtan atmaq, Azərbaycanı nüfuzdan salmaq üçün əlindən gələni əsirgəmir.

Avropa Şurası Parlament Assambleyası susubdur. Baxın, bütün təşkilatlar, o cümlədən Avropa təşkilatları bəyan edirlər ki, biz bu seçkiləri tanımırıq. Bunun birmənalı mənası odur ki, Dağlıq Qarabağ Azərbaycandır. Avropa Şurası Parlament Assambleyası niyə susur? Niyə bunu demir? Sualın cavabı aydındır. Ona görə ki, orada cəmləşən anti-Azərbaycan qüvvələr, ermənipərəst qüvvələr Azərbaycana düşmən gözü ilə baxırlar. Bizə qarşı o təşkilatdan gələn bütün iradların heç bir əhəmiyyəti yoxdur. Mən demişəm, bir daha demək istəyirəm ki, onların qəbul etdikləri qətnamələr, qərarlar mənim üçün kağız parçasından artıq deyil. O təşkilatın Azərbaycanla bağlı olan fikri məni maraqlandırmır və heç vaxt maraqlandırmayıb.

Bir məsələyə də diqqətinizi çəkmək istəyirəm. Azərbaycanla bağlı məruzəçilər var və bu məruzəçilər də susub, bir söz demirlər. Burada balaca bir hadisə baş verən kimi ölkəmiz haqqında ağızdolusu yalan, böhtan uydururlar. Nə üçün susublar? Bundan sonra onlar Azərbaycan üzrə məruzəçi olmaq mənəvi haqqını itiriblər. Azərbaycan xalqı hər şeyi yaxşı görür. Görür ki, bunların çirkin bəyanatlarının arxasında heç də Azərbaycanda demokratiya, insan haqlarının qorunması məsələsi dayanmır. Azərbaycanı qaralamaq, şantaj etmək, nüfuzdan salmaq, beləliklə, ölkəmizin maraqlarına zərbə vurmaq bu qurumun məqsədidir.

Biz isə öz yolumuzla gedirik. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin bir yolu var, o da Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Bütün beynəlxalq aləmin bu qondarma “seçkilər”ə olan reaksiyası bizim mövqeyimizi daha da gücləndirir.

Beynəlxalq tədbirlərdən danışarkən, əlbəttə ki, Azərbaycanın təşəbbüsü ilə videokonfrans şəklində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fövqəladə Zirvə görüşünü qeyd etməliyəm. Azərbaycan keçən ilin oktyabr ayında bu təşkilatda sədrliyi öz üzərinə götürmüşdür. Bu təşəbbüs irəli sürüldü. Bildirməliyəm ki, Türk Şurası bu günə qədər dünyanın yeganə təşkilatıdır ki, dövlət başçıları səviyyəsində koronavirusla bağlı Zirvə görüşü keçirib. Görüş çərçivəsində səslənən fikirlər, qarşılıqlı dəstək, həmrəylik və qəbul edilmiş yekun Bəyannamə bir daha göstərdi ki, bizim təşkilatımızın çox möhkəm əsasları var və ağır gündə biz bir-birimizin yanındayıq. Hesab edirəm ki, Azərbaycanın təşəbbüsü burada çox yerində və vaxtında atılmış addımdır, bütün həmkarlarım bunu qeyd etmişlər.

İqtisadi nailiyyətlərimizlə bağlı bir daha demək istəyirəm ki, biz yanvar, fevral aylarını çox yaxşı göstəricilərlə başa vurmuşuq. Ümumi daxili məhsul 3 faizə yaxın artmışdır, qeyri–neft sektorunda təxminən 7 faizə yaxın artım olmuşdur. Ancaq əgər üç ayı götürsək ümumi daxili məhsul 1,1 faiz artıb. Qeyri–neft sektorunda isə 3 faizdən bir qədər çox artıb. Yenə də artım var. Ancaq, əlbəttə, əgər koronavirus araya girməsəydi, bu artım daha da böyük olacaqdı.

Qeyri–neft sənaye sektorunda artım 23 faizdir. Bu da onu göstərir ki, son müddət ərzində bu sahəyə göstərilən diqqət və qoyulan sərmayə öz gözəl nəticəsini verməkdədir. İnflyasiya 3 faiz səviyyəsindədir, ilin iki ayında 2,8 faiz idi, bir qədər artıb. Əhalinin gəlirləri isə 7 faizə yaxındır. Üç ayda vergi və gömrük orqanları büdcəmizə proqnozdan əlavə 310 milyon manatdan çox vəsait daxil etmişlər. Xüsusilə nəzərə alsaq ki, indi iqtisadi fəallıq aşağı düşüb, bu, hesab edirəm ki, yaxşı nəticədir, yenə də şəffaflıqla bağlı olan tədbirlərin bariz nümunəsidir.

Bildirməliyəm ki, ilin sonuna qədər sosial sahədə heç bir proqram ixtisar edilməyəcək. Əksinə, koronavirusla bağlı ümumi dəstək paketi 2,5 milyard manat nəzərdə tutulur. Ancaq bundan artıq olacaq. Təkcə lazımi avadanlıqların, ləvazimatların alınması üçün bu yaxınlarda Prezidentin ehtiyat fondundan 97 milyon manat ayrıldı. Bundan sonra da ilin sonunadək nə qədər lazımdırsa, hələ 150 milyon manatın ayrılması da nəzərdə tutulur. Bu, 2,5 milyard manatın içində deyil. Bütün sosial ödənişlər aparılır. Hesab edirəm ki, orta aylıq əməkhaqqının 28 faiz, orta pensiyanın təqribən 27 faiz artması da onu göstərir ki, bu istiqamətdə müsbət işlər görülür. İndi bizim orta aylıq əməkhaqqımız 712 manatdır, orta pensiya 295 manatdır. Yaşa görə pensiya isə 330 manata yaxındır. Yəni, biz maaşları, pensiyaları ildən-ilə artırırıq. Əlbəttə ki, keçən il çox böyük artım olmuşdu, 4,2 milyon insan dövlət tərəfindən qəbul edilmiş proqramlardan yararlanıb. Bu il bütün sosial infrastruktur obyektlərinin tikintisi də ixtisarsız icra ediləcək. Minimum 7 min köçkün ailəsi yeni mənzillərə köçürüləcək və minimum 1500 şəhid ailəsinə yeni mənzillər veriləcək.

Bir sözlə, demək istəyirəm ki, üç ayın yekunlarını prinsip etibarilə müsbət qiymətləndirmək olar. Ancaq bir daha demək istəyirəm ki, heç kim bilmir pandemiya nə qədər davam edəcək və iqtisadi fəallıq nə zaman bərpa olunacaq. Biz bütün addımlarımızı vəziyyətə uyğun şəkildə atmalıyıq.

Onu da bildirməliyəm ki, mənim Sərəncamımla sosial, iqtisadi, maliyyə, makroiqtisadi vəziyyəti sabit saxlamaq üçün dörd işçi qrup yaradılmışdır. Bu qrupların rəhbərləri görülmüş işlərlə bağlı bu gün məlumat və təkliflər versinlər. Birinci söz verilir Maliyyə naziri Samir Şərifova.

X X X

Maliyyə naziri Samir ŞƏRİFOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Hörmətli müşavirə iştirakçıları.

Ötən il ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilən nəticələr, aşağı inflyasiya və sabit milli valyuta şəraitində iqtisadi artımın sürətlənməsi və gəlirlərimizin artması cari ildə də bu müsbət meyillərin davam etməsi üçün əsaslı gözləntiləri formalaşdırıb. Bu gözləntilər ötən yanvar-fevral aylarında özünü tam doğruldub, cari ilin birinci rübü üzrə dövlət büdcəsinin mədaxil göstəriciləri artıqlaması ilə yerinə yetirilib. İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin xətti ilə 2 milyard 40 milyon manat - proqnoz göstəricisindən 221 milyon manat və ya 12,2 faiz çox vergi və rüsumlar yığılıb, Dövlət Gömrük Komitəsinin xətti ilə 991 milyon manat - proqnoz göstəricisindən 91 milyon manat və ya 10,1 faiz çox gömrük rüsumları və idxal vergisi təmin edilib.

Ümumilikdə, dövlət büdcəsinin 2020-ci ilin birinci rübündəki gəlirləri 5 milyard 748 milyon manat proqnoza qarşı 35,9 faiz və ya 2 milyard 63 milyon manat artıq icra olunaraq 7 milyard 811 milyon manat təşkil edib. Dövlət büdcəsinin xərcləri isə 5 milyard 255 milyon manat məbləğində və ya proqnoza qarşı 100,8 faiz icra olunub. Nəticədə dövlət büdcəsində 2 milyard 556 milyon manat profisit yaranıb. Profisitin 1 milyard 793 milyon manatı Dövlət Neft Fondunun dövlət büdcəsinə proqnozdan artıq transfertinin payına düşür.

Qeyd edim ki, Dövlət Neft Fondunun proqnozdan artıq daxil olmuş transfertin məbləği nəzərə alınmadan belə cari ilin birinci rübünün profisiti 763 milyon manat təşkil edib.

Bu ilin əvvəlində Çin Xalq Respublikasında yeni növ koronavirus (COVID-19) infeksiyasının aşkarlanması, yüksək sürətlə yayılması və pandemiyaya çevrilməsi istisnasız olaraq bütün dünya dövlətlərini, o cümlədən Azərbaycan Respublikasını tədqiq olunmamış təhlükə ilə üz-üzə qoyub. Pandemiya insanların ənənəvi həyat tərzini pozaraq, hətta inkişaf etmiş dövlətlərin səhiyyə sistemlərini xəstə axını qarşısında aciz qoyub. Eyni zamanda, iqtisadiyyatın bir çox sahələrini qeyri–müəyyən müddətdə iflic edib, qlobal istehlakı daraldıb, nəticədə dünya iqtisadiyyatına və ticarətinə ağır zərbə vurulub, qlobal iqtisadi böhranın ilkin əlamətləri yaranıb.

Bununla birgə, bəzi neft hasil edən ölkələr arasında ticarət çəkişmələrinin başlanması ölkəmizin xarici valyutada gəlirlərinin kəskin azalmasına, tədiyə balansının pisləşməsinə gətirib çıxarıb ki, bunu biz məhz ötən rübün mart ayının iqtisadı göstəricilərində müşahidə edirik.

Bu qeyri-standart xarici mənşəli şoklar şəraitində Azərbaycan Respublikasının Prezidentinin bir çox dövlətlərə örnək olmuş erkən və qətiyyətli qərarları xəstəliyin ölkəmizdə yayılma sürətinin azaldılmasına, səhiyyə sistemimizin xəstəliklə mübarizə imkanlarının artırılmasına, bununla da insan həyatının qorunmasına yönəldilib. Qərarların həyata keçirilməsi üçün zəruri kadr, inzibati və maliyyə resursları səfərbər olunub.

Dövlət başçısının tapşırığına müvafiq olaraq xərclərin prioritetliyi yenidən qiymətləndirilərək mövcud büdcə qanunvericiliyi çərçivəsində ilkin olaraq bir sıra xərclərin ixtisarı və təyinatının dəyişdirilməsi, həmçinin Prezidentin ehtiyat fondunun və digər ehtiyat mənbələri hesabına dövlət büdcəsindən koronavirusla mübarizə və iqtisadiyyata mənfi təsirlərin azaldılması tədbirlərinin maliyyələşdirilməsi üçün 1 milyard 350 milyon manat məbləğində vəsait ayrılıb.

Bu vəsaitin 350 milyon manatlıq hissəsi bir sıra zəruri tibbi ləvazimatların və avadanlıqların təxirəsalınmadan alınması, dövlət və özəl tibb müəssisələrində çalışan tibb işçilərinə, cəlb olunmuş könüllülərə xüsusi əlavə və müavinətlərin ödənilməsi, ölkədə dezinfeksiya işlərinin genişləndirilməsi və digər tibbi ehtiyacların maliyyələşdirilməsinə yönəldilir.

Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması üzrə təkliflərin hazırlanması məqsədilə yaradılan işçi qrupların təqdim etdiyi təkliflər əsasında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb və artıq bu vəsaitin maliyyələşdirilməsi başlanılıb. Dövlət fondları və digər maliyyə resursları səfərbər edilərək ümumi maliyyə dəstək paketi 2,5 milyard manatdan artıq olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məşğulluq tədbirlərinə maliyyələşmə artıq açılıb, eyni zamanda, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstək tədbirləri həyata keçirilməkdədir. Eyni zamanda, qeyd etmək istərdim ki, İpoteka Fondunun vasitəsilə maliyyələşmənin açılması üçün də müvafiq tədbirlər görülməkdədir.

Möhtərəm cənab Prezident, qeyd etmək istərdim ki, Sizin tapşırığınıza uyğun olaraq, dövlət büdcəsində bəzi xərclərin ixtisara salınması ilə bağlı müvafiq təkliflər Nazirlər Kabinetinə təqdim edilərək Sizə məruzə olunub. Bugünkü müşavirədə verdiyiniz tapşırıqların icrası üçün də müvafiq addımlar atılıb Sizə məruzə olunacaq.

Cənab Prezident, çıxışımın sonunda əminliyimi ifadə etmək istərdim ki, Sizin və Birinci vitse-prezidentin əzmkar səyləri nəticəsində ölkəmiz bu həssas günləri arxada qoyacaq, yenidən özünün inkişaf yoluna davam edəcəkdir.

Prezident İlham Əliyev: Sağ olun. Mən qeyd etdim ki, inflyasiya bu il aşağı səviyyədədir. İki ayda daha aşağı səviyyədə idi. Üç ayın yekunlarına görə 3 faizə çatıb. Ancaq tam nəzarət altındadır. Ona görə makroiqtisadi vəziyyətlə bağlı və eyni zamanda, bank sektorunda görülmüş işlərlə bağlı və görüləcək işlərlə bağlı məruzə üçün söz verilir Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmova.

X X X

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman RÜSTƏMOV çıxış edərək dedi:

-Təşəkkür edirəm, cənab Prezident.

Birinci rübün başlıca yekunlarından biri ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılmasıdır. Baxmayaraq ki, artıq Sizin də qeyd etdiyiniz kimi, birinci rübün sonunda bütövlükdə dünya bazarlarında baş verən hadisələr ölkəmizdən də yan keçməyib. Mart ayında baş verən bir qədər tənəzzülə baxmayaraq, ölkədə iqtisadi aktivlik davam edib. İnflyasiya bir qədər artsa da, bu, onunla əlaqədardır ki, karantin şəraitində insanların istehlak fəallığı bir qədər artdı, onlar müəyyən ehtiyatlar yaratdı. İnflyasiya bir qədər artsa da, bizim rəsmi proqnozlardan, təxminən 4,6 faizlik proqnozdan hələ aşağıdır.

İxrac gəlirlərimizin, xüsusilə neft ixrac gəlirlərinin bir qədər azalmasına baxmayaraq, bütövlükdə ticarət balansımız profisitlidir və qeyri-neft ixracı birinci rüb ərzində artıb. Bizi əhatə edən qonşu ölkələrdə, bizim ticarət tərəfdaşımız olan ölkələrdə milli valyutanın məzənnələrində dalğalanmalara baxmayaraq, manatın məzənnəsi rüb ərzində sabit qalıb.

Birinci rübdə Sizin verdiyiniz tapşırıqların icrası nəticəsində bank sektorunda da müsbət dinamika müşahidə olunur. Cənab Prezident, bütövlükdə rüb ərzində kredit qoyuluşları 2,2 faiz artıb. Lakin bu zaman biznes kreditləri daha yüksək templə - 3,7 faiz, ipoteka kreditləri 4,2 faiz artıb və o cümlədən istehlak kreditləri rüb ərzində 1,9 faiz azalıb.

Bütövlükdə təbii ki, bu proseslərlə əlaqədar fiziki və hüquqi şəxslərin depozitlərinin bir qədər dollarlaşmasını görürük. Dollarlaşma fiziki şəxslər üzrə 2,8 faiz, hüquqi şəxslər üzrə 1,4 faiz yüksəlib. Amma artıq aprel ayının birinci ongünlüyünün monitorinqi göstərir ki, artıq əks proses, dedollarizasiya trendləri başlanıb. Bu, onu göstərir ki, həm əhalimizin, həm də biznesin milli valyutanın məzənnəsinə olan inamı artıq bərpa olunmaqdadır. Yaranmış qeyri-adi situasiyada ödəniş sistemləri aktiv fəaliyyət göstərir, bütövlükdə rüb ərzində ödəniş sistemində qeyri-nağd ödənişlər 3,6 faiz artıb, amma bütünlükdə nağdsiz kart ödənişləri 36 faiz artıb. Bu da onu göstərir ki, yaranmış indiki situasiyada əhali daha çox təmassız elektron ödənişlərə və elektron ticarətə üstünlük verir.

Bir daha qeyd etmək istəyirəm, cənab Prezident, yaranmış şəraitdə bilirsiniz ki, olduqca böyük bir əhali qrupu, xüsusilə yaşı 65-dən yuxarı olan əhali - 648 min nəfərin, 12 min nəfər ahıl insanın bank sektoruna gəlmək imkanı yoxdur. Nazirlər Kabineti ilə sıx koordinasiyada Mərkəzi Bank və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə əhalinin evdən çıxmadan bu ödənişləri vaxtında alması təmin olunub. O cümlədən belə bir situasiyada 153 mindən çox fermer kartı paylamalı idik və artıq bunun böyük əksəriyyəti - 120 mindən çox fermer kartı əhaliyə paylanıb.

Cənab Prezident, sığorta bazarında da yaxşı start götürülüb. Rüb ərzində sığorta ödənişləri 19 faiz artıb. Sizin çağırışınıza uyğun olaraq, özünüməşğulluq proqramlarında bankların iştirakı məsələsi bu günlərdə təbii ki, daha çox aktuallıq kəsb edir. Banklar buna çox fəal, yekdil dəstək veriblər. Biz - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank, Banklar Assosiasiyası üçtərəfli memorandum imzalamışıq və artıq bu proqrama start verilib. Düşünürük ki, bank sektoru tərəfindən, Mərkəzi Bank tərəfindən ilin sonuna qədər 1000-ə qədər insana özünün mikro biznesini yaratmağa dəstək veriləcək və bu təşəbbüs daimi xarakter daşıyacaq və bu işlər davamlı görüləcək.

Mart ayının birinci ongünlüyündə bütövlükdə pandemiya, karantin tədbirləri və OPEC sazişlərinin uğursuzluğu təbii ki, bizim əsas maliyyə bazarlarımıza, valyuta bazarımıza ciddi təsir göstərdi. Həmişə olduğu kimi, xüsusilə də nağd pul sahibləri tərəfindən ajiotaj, dollarizasiya problemləri başladı və bir çox ciddi pik tələblərlə rastlaşdıq. Lakin vaxtında görülən tədbirlər nəticəsində artıq situasiya normallaşıb. Demək olar ki, situasiya martın əvvəllərində, yaxud ilin əvvəlində olduğu səviyyəyə çatıb və bu istiqamətdə işlərimizi davam etdiririk.

Cənab Prezident, monetar siyasətdə monetar sabitlik problematikası, yəni əhalinin əmanətləri, hüquqi şəxslərin depozitlərini bank sektorunda saxlaması, onların qaçışının qarşısının alınması istiqamətində təbii ki, biz faiz dərəcəsi ilə bağlı dilemma qarşısında idik. Lakin bütövlükdə iqtisadiyyatda olan situasiya tələb edirdi ki, biz faiz siyasətini yumşaldaq. Belə bir şəraitdə biz bir növ gözləmə mövqeyi tutaraq faiz dərəcəsini nə artırdıq, nə də azaltdıq. Təbii ki, hadisələri izləyirik, düşünürük ki, faiz dərəcələrini artırmaq potensialı mövcuddur. Lakin artıq Sizin çıxışınızda qeyd etdiyiniz kimi, biz situasiyanı izləməliyik və yaranmış situasiyada operativ və dəqiq cavab verəcəyik. Lakin bank sektorunun likvidlik səviyyəsi bu gün qənaətbəxş səviyyədədir. Mərkəzi Bank tərəfindən banklara lazımi dəstək verilir. İlin əvvəlindən bank sektoruna 627 milyon manat səviyyəsində dəstək verilib. Bunun başlıca istiqamətləri ipoteka sisteminin dəstəklənməsi, qiymətli kağızlar bazarına dəstək, Beynəlxalq Bank, bizim sistem xarakterli banka dəstəkdir. O cümlədən Sizin göstərişinizlə bilavasitə ölkənin ərzaq ehtiyatlarının artırılmasına dəstək vermişik.

Qarşıdakı başlıca vəzifə nədən ibarətdir? Cənab Prezident, artıq Siz öz çıxışınızda bu proqramı, bu strategiyanı tam şəkildə dediniz. Biz düşünürük ki, qarşıdakı dövrdə biz makroiqtisadi və maliyyə sabitliyini qorumalıyıq. İkincisi, pandemiyadan, bu məhdudlaşmadan əziyyət çəkən əhaliyə və biznes-iqtisadiyyata dəstək verməliyik. Üçüncü, olduqca önəmli məsələ bütövlükdə bu situasiya qurtarandan sonra əhalimizi və iqtisadiyyatımızı normal həyata qaytarmaqdır. Biz bunun üçün lazımi tədbirləri indidən görməliyik. Burada artıq biz mümkün hadisələri, mümkün inkişaf ssenarilərini düşünməliyik, proqnozlaşdırmalıyıq. Hər bir ssenariyə hazır olmalıyıq. Yəni, Siz dediyiniz kimi, indi ən mühüm məsələ qeyri-müəyyənlikdir. Heç kim bilmir bu hadisələr nə qədər davam edəcək, bunun təsiri nə olacaq. Beynəlxalq təşkilatlarda ciddi bədbin proqnozlar var və bu proqnozlara, yəni biz hər şeyə hazır olmalıyıq və buna uyğun öz resurslarımızla manevr edərək siyasət reaksiyaları yaratmalıyıq.

Biz milli valyutamızın məzənnəsinin qorunması istiqamətində işlərimizi davam etdirəcəyik. OPEC+ danışıqlarının uğurla nəticələnməsi hesab edirəm ki, həm bizim ticarət və tədiyə balansımız üçün və bütövlükdə ilin sonuna valyuta ehtiyatlarımızın proqnozlaşdırılması üçün yaxşı xəbərdir. Lakin bilirsiniz ki, dünyada iqtisadi tələbatın aşağı düşməsi, bütövlükdə iqtisadiyyatda olan tələbat imkan vermir ki, neftin qiyməti kəskin qalxsın. Amma düşünürük ki, biz ilin sonuna qədər valyuta bazarında sabitlik yarada biləcəyik.

Maliyyə sabitliyi diqqətimizdədir və bu, daimi monitorinqdədir. Mərkəzi Bank situasiyanı izləyir və burada qarşıya çıxan problemləri təbii ki, biz Maliyyə Sabitliyi Şurasında müzakirəyə çıxaracağıq. Bütövlükdə pandemiyadan əziyyət çəkmiş sahələrə Mərkəzi Bankın müntəzəm yumşaltma tədbirləri, yəni hökumətin atdığı addımlarla sıx əlaqədə tətillərin verilməsi məsələlərinə baxılıb. Bu günlərdə Maliyyə Sabitliyi Şurasının iclasının keçirilməsini planlaşdırırıq. Biz bu təklifləri, o cümlədən də valyuta tənzimlənməsi sahəsində atacağımız addımları Maliyyə Sabitliyi Şurasının müzakirəsinə çıxarandan sonra Sizə məruzə olunacaq və ondan sonra lazımi addımlar atılacaq.

Sonda cənab Prezident, mən də Sizi əmin etmək istəyirəm ki, Sizin rəhbərliyinizlə son dövrlərdə ölkədə həyata keçirilən islahatlar, yaradılmış makroiqtisadi sabitlik və maliyyə dayanıqlılığı imkan verəcək ki, bundan öncəki böhranlarda da olduğu kimi, Azərbaycan iqtisadiyyatı, Azərbaycan dövləti bu situasiyadan da daha güclü və daha inamlı çıxacaq.

Təşəkkür edirəm.

X X X

Prezident İlham ƏLİYEV dedi: 

-Sağ olun. Böhran dövründə bank sektorunun fəaliyyəti xüsusi önəm daşıyır. Ona görə bankların sağlamlaşdırılması və bank sektorunun ölkə iqtisadiyyatına verə biləcəyi töhfənin düzgün qiymətləndirilməsi çox vacibdir. Hesab edirəm ki, vurğuladığınız məsələlər tam düzgün təhlil əsasında qeyd olunur. Əlbəttə ki, biz makroiqtisadi vəziyyətimizi qorumalıyıq, sabit saxlamalıyıq. Koronavirusun ilk aylarının təcrübəsi onu göstərir ki, biz buna müvəffəq olmuşuq. Makroiqtisadi vəziyyət sabitdir, manatın məzənnəsi sabitdir. Siz qeyd etdiyiniz kimi, bir müddət əhali və hüquqi şəxslər tərəfindən dollarizasiyaya doğru addımlar atıldı. Ancaq indi de-dollarizasiya prosesi müşahidə olunur.

Mən ictimaiyyətin diqqətini bir məsələyə də çəkmək və öz sözümü bildirmək istəyirəm. Əfsuslar olsun ki, əgər hər hansı bir ölkədə, - xüsusilə qonşu ölkələr nəzərdə tutulur, - o ölkənin milli valyutasında hansısa dəyişiklik baş verirsə, Azərbaycanda buna dərhal belə sürətli reaksiya verilir. Halbuki buna heç bir ehtiyac yoxdur. Biz bunu bir neçə il bundan əvvəl görmüşük və məhz buna görə iki devalvasiyaya getməli olduq. Çünki bizim Mərkəzi Bankın valyuta ehtiyatları demək olar ki, əriyirdi, süni ajiotaj yaradılmışdı və dollarizasiya pik həddə çatmışdı. İndiki şəraitdə də həmçinin. İndi koronavirus pandemiyası geniş vüsət alan kimi, bəzi ölkələrin milli valyutaları tənəzzülə uğradı, ancaq hazırda Azərbaycanda bunun heç bir əsası yoxdur. Bizim kifayət qədər resurslarımız var və dövlət orqanlarının nümayəndələri bu məsələ ilə bağlı açıqlamalar vermişdilər. Ancaq bəzi adamlar şayiə yaydılar, bəzi adamlar panikaya qapıldılar. Biz valyuta bazarında dərhal fəallıq gördük və dollara tələbat artdı. İlkin mərhələdə böyük həcmdə dolların satışı da nəzərdə tutuldu. Amma sonra gördülər ki, makroiqtisadi vəziyyət sabitdir, manatın vəziyyəti sabitdir və indi bu ajiotaj yoxdur. Ona görə Azərbaycan vətəndaşlarından artıq dərəcədə xahiş edirəm, şayiələrə uymasınlar, inanmasınlar. Bizi istəməyən qüvvələr, daxili və xarici anti-Azərbaycan qüvvələr şayiə yaymaqla məşğuldurlar, insanları çaşdırmaq, insanlarda panika yaratmaq istəyirlər. Bunun üçün heç bir əsas yoxdur. Azərbaycan güclü dövlətdir və Azərbaycan rəhbərliyi vətəndaşlara hər şeyi necə varsa, elə də təqdim edir. Biz ümumi mənzərəni şişirtmirik, eyni zamanda, tam səmimiyyətlə deyə bilərəm ki, panika üçün, hansısa narahatlıq üçün bu gün heç bir səbəb yoxdur. Əsas məqsədimiz koronavirusla apardığımız mübarizədə qalib gəlmək, bu vəziyyətdən az itkilərlə çıxmaq, iqtisadiyyata az ziyan vurmaqdır. Çünki biz açıq-aydın başa düşürük ki, bu məhdudlaşdırıcı tədbirlər iqtisadiyyata ziyandır. Burada biz iki amil arasında seçim etməliyik – iqtisadi fəallıq, insanların sağlamlığı. Mənim seçimim birmənalıdır – insanların sağlamlığı. Ona görə bu məhdudlaşdırıcı addımlar atıldı. Biz, əlbəttə, bəri başdan bilirdik ki, bu, iqtisadi fəallığa mənfi təsir göstərə bilər, istər-istəməz müəyyən şayiələrin yayılmasına, iqtisadi sahədə müəyyən narahatlığa gətirib çıxara bilər. Biz bunu şüurlu şəkildə etdik ki, insanlarımızı, onların həyatını qoruyaq. Çünki bundan daha qiymətli heç nə yoxdur. İqtisadiyyat bir il tənəzzülə uğraya bilər, başqa il arta bilər, hər halda, hər şey nəzarət altındadır. Ona görə valyuta bazarında da bu gün heç bir təşvişə ehtiyac yoxdur.

Biz makroiqtisadi vəziyyəti qorumalıyıq. Eyni zamanda, banklar indiki şəraitdə biznesə daha böyük dəstək verməlidirlər. Mən çox şadam ki, artıq biznes kreditlərinin faizi artır, amma istehlak kreditlərinin faizi düşür. Bu, hesab edirəm ki, çox yaxşı tendensiyadır və bu, saxlanmalıdır.

Mən bankların özünüməşğulluq proqramına qoşulmasını da alqışlayıram. Yaxşı bilirsiniz ki, bu proqrama çox böyük tələbat var və biz nəzərdə tuturduq ki, dövlət xətti ilə on min insana vasitələri təqdim edək. İndi Dünya Bankı da buna qoşuldu. Onlar tərəfindən də vasitələr veriləcək, bizim banklar da verəcək. Çünki tələbat daha çoxdur. Təqribən 40-50 min tələb, yəni, sifariş var. Ona görə xüsusilə indiki şəraitdə mikrobiznesin inkişafı, - indi kənd təsərrüfatında da bu sahədə işlər nəzərdə tutulur, - mütləq aparılmalıdır ki, biz biznesi qoruyaq, onlara dəstək verək və razıyam ki, artıq normal həyata qayıtmaq üçün hazırlıq işlərimizi aparmalıyıq.

Ona görə mən bütövlükdə bank sektorunda və makroiqtisadi sahədə görülmüş işləri müsbət qiymətləndirirəm, belə də davam edin. Bilirəm ki, siz gündəlik formatda hər şeyə monitorinq aparırsınız. Hesab edirəm ki, faiz dərəcələrinin sabit saxlanması da çox müsbət addımdır, o qədər də asan məsələ deyil. Çünki neftin qiymətinin kəskin düşməsi, iqtisadi fəallığın azalması istər-istəməz faiz dərəcələrinin artımını şərtləndirirdi. Ancaq son aylar ərzində faiz dərəcələri ardıcıllıqla aşağı düşür. Ona görə siz bu dərəcələri indi də sabit saxlayırsınız. Hesab edirəm ki, indiki vəziyyətə görə bu, düzgün addımdır.

Təbii ki, koronavirus iqtisadi fəallıqla bağlı bizə çox böyük problem yaratdı. Ancaq buna baxmayaraq, hesab edirəm ki, vaxtında atılmış addımlar, xüsusilə sahibkarlara, biznesə verilən dəstək bir daha dövlətin siyasətini göstərir. Bizim həm siyasətimiz birmənalıdır, həm də imkanlarımız var. Bu imkanları biz yaratmışıq. Əgər biz bu maliyyə imkanlarımızı yaratmasaydıq, bu gün necə kömək edərdik? Mən Azərbaycanı heç kimlə müqayisə etmək istəmirəm, amma biz baxırıq, görürük indi başqa ölkələrdə nələr baş verir. Adambaşına bizdəki qədər düşən dəstək həcmi az ölkələrdə müşahidə olunur. Çünki indi bizim həm imkanlarımız var, - düzdür, neftin qiymətinin aşağı düşməsi bu imkanlara da mənfi təsir göstərir, - eyni zamanda, siyasi iradə də var. Ona görə bu vəziyyətdə biznes strukturlarının dəstəklənməsi təbiidir və biz heç vaxt onları ağır vəziyyətdə qoya bilmərik. Çünki koronavirus onların biznesinə ziyan vurub, biz isə onların işini yüngülləşdirməliyik.

Onu da bildirməliyəm ki, son vaxtlar aparılan islahatlar nəticəsində Azərbaycanda biznes mühiti böyük dərəcədə yaxşılaşmışdır. Bunu bir neçə mötəbər beynəlxalq təşkilat da qeyd edir. Bu yaxınlarda məşhur “Heritage” Fondu da iqtisadi azadlıqlarla bağlı reytinq cədvəli tərtib edib və Azərbaycan iqtisadi azadlıqlar indeksinə görə dünyada 44-cü yerdədir. Bir il ərzində biz 19 pillə qalxmışıq. Hesab edirəm ki, bu, böyük nəticədir.

Ümumiyyətlə, maliyyə paketi, iqtisadi sabitliyin təmin edilməsi istiqamətində görülən və görüləcək işlərlə bağlı məruzə üçün söz verilir İqtisadiyyat naziri Mikayıl Cabbarova.

X X X

İqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış edərək dedi:

-Təşəkkür edirəm, möhtərəm cənab Prezident.

Hörmətli iclas iştirakçıları.

2020-ci ilin ilk rübündə, yanvar-fevralda müşahidə edilən sağlam artım birinci rübün ümumilikdə müsbət fonda yekunlaşmasını şərtləndirdi. Eyni zamanda, mart ayında pandemiya dünya enerji bazarlarında artım tempinə mənfi təsir etmiş və mütləq göstəricilərin enməsinə səbəb olmuşdur.

Möhtərəm cənab Prezident, Siz qeyd etdiyiniz kimi, qeyri-neft ümumi daxili məhsulunun 3,5 faiz səviyyəsində artımına nail olmuşuq. Ümumi daxili məhsulda ən sürətli artım və azalma sahələrini diqqətinizə məruzə etmək istərdim. Qeyri-neft sənayesində artım 23 faiz təşkil etmişdir. İnformasiya-kommunikasiya texnologiyaları sahəsində 18 faiz, dağ-mədən sənayesində 12 faiz, kənd təsərrüfatı sahəsində 3,7 faiz artım olmuşdur. Elektrik enerjisi, o cümlədən qaz-buxar istehsalı 17 faiz və yük daşımaları 7,2 faiz artmışdır. Eyni zamanda, azalan sahələr arasında turizm, iaşə, xidmətlər, sərnişin nəqliyyatı və tikintini qeyd etmək lazımdır.

Xarici ticarətə gəldikdə, ümumilikdə, qeyri-neft ixracımız rüb ərzində bir faiz azalmışdır. Müsbət trend ondan ibarətdir ki, kənd təsərrüfatı məhsulları və ərzaq ixracı ötən ilin birinci rübü ilə müqayisədə 4 faiz artmışdır. Qızıl ixracı 17 faiz və kimya sənayesi məhsulları 14 faiz artmışdır. Eyni dövrdə kənd təsərrüfatı məhsullarının və ərzağın idxalı 5 faiz azalmışdır. Müsbət haldır ki, ərzaq məhsullarında daxili istehlakımızla, o cümlədən idxalla ixrac arasında fərq xeyli azalmışdır.

Sizin tapşırığınıza əsasən, tədbirlər planına uyğun olaraq məruzə edirəm ki, sahibkarlara dəstək proqramı artıq fəaliyyətdədir. Onun ilkin nəticələrini, bu günə olan rəqəmləri məruzə etmək istərdim. Belə ki, muzdlu işçilərə əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və sahibkarlara dəstək proqramı çərçivəsində 10 min 914 vergiödəyicisi onlayn sistem vasitəsilə müraciət etmişdir. Həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 124 min 510 nəfərdir. Maliyyə Nazirliyi ilə və agent banklarla birlikdə çalışırıq ki, həmin siyahı üzrə maliyyə dəstəyinin birinci ay üzrə ödənilməsini təmin edək. Bu məqsədlə nəzərdə tutulan vəsaitin məbləği 16 milyon 890 min manat təşkil edir. Faktiki olaraq dünən axşama artıq ödəniş edilmiş vergiödəyicilərinin sayı 2636 vergiödəyicisi olmaqla, həmin vergiödəyiciləri üzrə muzdlu işçilərin sayı 24 min 463 nəfərdir. Fərdi və mikro sahibkarlara maliyyə dəstəyi proqramı da həyata keçirilir. Bu günədək müraciət etmiş vergiödəyicilərinin sayı 16 min 502 sahibkardır. Müvafiq olaraq bu günədək təqdim edilmiş müraciətlər üzrə nəzərdə tutulmuş maliyyə dəstəyinin məbləği 15 milyon 483 min manat təşkil edib.

Vergi stimullarını özündə əks etdirən qanunvericilik paketi üzrə iş başa çatdırılıb. Həmkar strukturların vizalarının razılaşdırılması prosesi həyata keçirilir. Dövlətin kredit zəmanəti dəstəyinin verilməsi istiqamətində dövlət sektoru və banklarla iş başa çatmaq üzrədir. Bizim hədəfimiz bu ayın sonuna qədər proqramı işlək vəziyyətə gətirməkdir. Burada mən xüsusilə qeyd etmək istəyirəm ki, biz bank sektoru ilə birgə müəyyən olunmuş çərçivədə bu işi həyata keçiririk və məhsuldar iş gedir. Həmçinin yeni iqtisadi şəraitdə, tədbirlər planında müəyyən edilmiş iqtisadiyyatın 8 sektorunda müvafiq sektoral planlar üzərində işlərə başlanılıb.

Göstərişinizə uyğun olaraq, dövlət investisiya proqramı çərçivəsində iqtisadi artımın bərpa edilməsinə yönəlmiş layihələri təhlil edirik. Bu gün Sizin verdiyiniz tapşırığa uyğun olaraq, həmkar qurumlarla birlikdə çalışaraq qısa müddət ərzində məlumatı diqqətinizə təqdim edəcəyik.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Prezident İlham ƏLİYEV dedi:

-Mən giriş sözümdə dedim ki, hökumət və əlbəttə, İqtisadiyyat Nazirliyi yeni gəlirlər mənbəyi axtarmalıdır. Bir daha demək istəyirəm ki, ehtiyatlar var və bilirəm, bu istiqamətdə iş gedir. Bunu uzatmaq lazım deyil. Hesab edirəm ki, qısa müddət ərzində yeni təkliflər hazırlanıb mənə təqdim edilməlidir.

Onu da bilməliyik ki, OPEC və qeyri-OPEC ölkələrinin razılaşması bizim üzərimizə də öhdəliklər qoyur. Bildirmək istəyirəm ki, Azərbaycan həmişə OPEC+ çərçivəsində çox fəal rol oynamışdır. Onu da xatırlatmaq istəyirəm ki, OPEC+ formatının ideyasını ilk dəfə Davos Ümumdünya İqtisadi Forumunun panel müzakirəsində mən vermişdim. Hətta bu gün OPEC-in baş katibi bunu qeyd edir. İndi artıq nəinki OPEC+ və neft hasil edən bütün ölkələr razılığa gəlib. Hesab edirəm ki, bu, çox nadir əməkdaşlıq formatıdır və bu format hər bir ölkənin üzərinə əlavə öhdəlik qoyur, o cümlədən Azərbaycanın. Bu razılaşmaya görə bizim neft hasilatımız bu il ixtisar ediləcək. Artıq kvotalar müəyyən edildi. Əgər neftin qiyməti lazımi səviyyəyə qalxmasa, onda biz əlavə itkilərə məruz qalacağıq. Biz bunu bilməliyik ki, bu itkilər təqribən 700 milyon, bəlkə də 1 milyard dollar ətrafında ola bilər. Ona görə indidən öz addımlarımızı atmalıyıq, çünki onsuz da keçən il qəbul edilmiş qərarlar əsasında böyük sosial paket icra edildi. Təbii ki, bu sosial paket bu il və bundan sonrakı illərdə də insanlara təqdim ediləcək. Koronavirusla bağlı ən azı 2,5 milyard manat nəzərdə tutulur. Qeyd etdiyim kimi, Prezidentin ehtiyat fondundan ləvazimatların alınmasına 100 milyon manata yaxın vəsait istiqamətləndirilib. Əgər neftin qiyməti bərpa olunmasa, bizi əlavə itkilər gözləyir və təbii olaraq bizim valyuta ehtiyatlarımız azalacaq. Birinci rübdə, yanvarın birinə nisbətdə artıq valyuta ehtiyatlarımız azalıbdır. Bu, təbiidir və belə olan halda bir daha demək istəyirəm ki, xərclərə böyük diqqətlə baxmalıyıq. Dövlət investisiya xərcləri əsas iki məqsədi güdməlidir. Məşğulluğu təmin etmək, çünki biz investisiya xərclərimizi kəskin ixtisar edə bilmərik. Çünki birincisi, önəmli layihələr icra edilməlidir və ən başlıcası odur ki, əgər dövlət investisiya xərcləri kəskin azalsa, onda bu sahədə çalışan insanlar işsiz qalacaq. Ona görə bizim investisiya proqramımıza baxarkən iki əsas amili nəzərə alın. Məşğulluq və bu layihələrin iqtisadiyyatın real sektoruna olan təsiri. Çünki Azərbaycanda böyük infrastruktur layihələri icra edilib. Onların böyük hissəsi tam başa çatıb, ona görə iki əsas amil nəzərə alınmalıdır. Hesab edirəm ki, aprel-may aylarında ikinci yarımillikdə nəzərdə tutulan investisiya proqramlarının təhlili və yenidən tərtib edilməsi zəruridir. Bu məsələ ilə ciddi məşğul olun.

Bununla paralel olaraq, - bu vəzifəni mən artıq qarşıya qoymuşam və bilirəm ki, İqtisadiyyat Nazirliyi bu məsələ üzərində işləyir, - özəl sərmayənin təşviqi istiqamətində əlavə addımlar atılmalıdır. Biz iqtisadi liberallaşmaya daha inamla getməliyik və investisiyalar üçün bütün sahələr bizdə açıq olmalıdır. Biz həm yerli investorları, həm xarici investorları inandırmalıyıq ki, onların investisiyaları səmərə verəcək, onlara gəlir gətirəcək. Xüsusilə nəzərə alsaq ki, həm “Doing Business” proqramında böyük irəliləyişə nail olduq, həm iqtisadi azadlıq indeksi, - artıq qeyd etdim ki, burada da Azərbaycan yüksək qiymətləndirilir, - bizim kredit reytinqimiz də müsbətdir, həm də dövlət xarici borcumuz aşağı səviyyədədir. Azərbaycan vətəndaşları bunu bilir. Mən hətta koronavirusa qədərki bir çox hallarda bu məsələyə xüsusilə diqqət yetirirdim ki, bizim dövlət xarici borcumuz daxili məhsulumuzun 17 faizini təşkil edir və daha da aşağı düşməlidir. İndiki böhranlı dövrdə bu amil çox böyük önəm daşıyır. Dövlət borcumuzun aşağı səviyyədə olması bizim kredit reytinqimizin sabit saxlanmasına imkan verir. Bu da investorlar üçün əsas amillərdən biridir.

Sosial sahə bizim üçün həmişə prioritet olubdur, indiki şəraitdə ikiqat prioritet olmalıdır. Çünki son illərdə məşğulluq, sosial təminat istiqamətlərində böyük addımlar atılıb, ancaq indiki şəraitdə bu, xüsusi önəm daşıyır. Ona görə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri məlumat versin ki, məşğulluqla bağlı işlər nə yerdədir, özünüməşğulluq proqramı necə icra edilir, işsizlərlə bağlı hansı addımlar atılıb və hansı addımların atılması nəzərdə tutulur.

X X X

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil BABAYEV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Bu ilin birinci rübündə bütün sosial ödənişlər vaxtında icra olunub, 2,3 milyon insanımıza 1,5 milyard manat məbləğində sosial ödənişlər həyata keçirilib. Sizin Sərəncamınızla sosial dövlət, sosial siyasət prinsipi rəhbər tutularaq ölkə üzrə bütün növ əmək pensiyalarının sığorta hissəsi 16,6 faiz indeksasiya olunub və bu islahat da Azərbaycanda bütün pensiyaçıları əhatə edib. Sizin qeyd etdiyiniz kimi, yaşa görə pensiya 330 manata, ümumilikdə, orta pensiya 295 manata çatıb. 700 min nəfərə müavinət və təqaüdlər birinci rüb ərzində icra olunub və 250 milyon manat vəsait bu vətəndaşlarımıza ödənilib. Cənab Prezident, əlavə olaraq bildirim ki, avtomatlaşma tədbirləri nəticəsində son 6 ayda artıq 64 min təyinat – pensiya, müavinət və təqaüdlər üzrə təyinatların 80 faizi tam şəkildə avtomatlaşdırılmış formada icra olunub.

Sizin müvafiq Sərəncamınızla yaradılmış işçi qrupun hazırladığı tədbirlər planının məşğulluq, sosial məsələləri əhatə edən hissəsi, ümumilikdə, dörd istiqaməti əhatə edir və özündə on tədbiri ehtiva edir. Bu on tədbir üzrə 394 milyon manat vəsait ayrılıb. Yəni, sosial paketin pandemiya əleyhinə mübarizə çərçivəsində görüləcək işlərə 400 milyon manatlıq bir paket ayrılıb. Bu 400 milyon manatın 100 milyon manatı dövlət büdcəsindən ayrılan vəsaitlərdir, 200 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaradılmış ehtiyatıdır, 91 milyon manatı isə işsizlikdən sığorta fondunun vəsaitləri hesabına yönəldilən mənbələrdir. Ümumilikdə birinci istiqamətimiz məşğulluq üzrə dövlət sektorunda olan məşğulluğun qorunması və burada işsizlik riskinin yaranmaması idi. Bu çərçivədə 910 min insanımızın məşğulluğu tam şəkildə təmin olunur və onlarla bağlı hər hansı bir çətinlik meydana çıxmayıb. Digər bir istiqamətimiz qeyri-dövlət sektorunda əmək müqaviləsi ilə çalışan insanların qorunması idi. Bu sahədə də Sizin tapşırığınıza uyğun olaraq gündəlik nəzarət təmin edildi. Dövlət tərəfindən təqdim olunan dəstək paketləri və inzibati tədbirlər nəticəsində nəinki qeyri-dövlət sektoru üzrə əmək müqavilələrinin sayı azaldı, əksinə, artdı və aprelin 1-dən etibarən əmək müqavilələrinin sayında 51 minlik, yanvarın 1-i ilə müqayisədə isə 73 minlik artım var. Bu, bir daha göstərir ki, özəl sektorumuz Sizin çağırışınıza çox aktiv şəkildə qoşuldu və bir tərəfdən inzibati tədbirlər, digər tərəfdən dövlət dəstəyindən yararlanmaq üçün əmək müqavilələrinin sayı da mütəmadi olaraq artır.

Biz gündəlik dinamikaya nəzarət edirik, bu artım gündəlik dinamikada da özünü göstərir. Bu günə olan son rəqəm qeyd etdiyim kimi, yanvarın 1-i ilə müqayisədə 73 min artım, aprelin 1-i ilə müqayisədə 51 min artımdır. İşsizlər və qeyri-formal işlədiyinə görə, pandemiya nəticəsində işsiz qalan şəxslərə dəstək mexanizmləri də bir neçə tədbir olaraq müəyyən edildi. İlk olaraq 50 min haqqıödənilən ictimai iş yerinin yaradılması ilə bağlı tədbir çərçivəsində artıq dünəndən etibarən ictimai iş yerlərinin yaradılması təmin edilib və işəgötürmələr başlayıb. Bizim ehtimalımız ondan ibarətdir ki, on gün ərzində ölkənin bütün regionları üzrə 50 min işsiz və işaxtaran vətəndaşlarımız cəlb ediləcək.

Bu istiqamətdə ikinci əsas tədbirimiz ölkə üzrə yaşayış minimumu olan 190 manat məbləğində birdəfəlik ödəmənin həyata keçirilməsi idi. Aprelin 7-də Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə qaydalar qüvvəyə mindi və artıq ötən altı gün ərzində 75 min nağd ödəniş həyata keçirilib. Bu məqsədlər üçün 14 milyondan artıq vəsait vətəndaşlarımıza ödənilib.

İşsizlikdən sığorta və özünüməşğulluq proqramlarının genişləndirilməsi də tədbirlər planının istiqamətlərindən biridir və bu çərçivədə bu il ərzində 12 minə yaxın ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur. Burada həm dövlət vəsaitləri, həm Dünya Bankının, həm də özəl banklarımızın vəsaitləri birgə nəzərə alınır. Digər bir tərəfdən isə işsizlikdən sığorta mexanizminin sadələşdirilərək 20 min insanı əhatə etməsi planlaşdırılır ki, bu mexanizm də daha çox vətəndaşlarımıza işaxtarma dövründə dəstək olacaq.

Cənab Prezident, tədbirlər planının dördüncü istiqaməti xüsusi həssas təbəqənin qorunmasına yönəlib. Bununla bağlı olaraq əvvəlcə sosial ödənişlərin davamlılığının təmin olunması nəzərdə tutulur və Dövlət Sosial Müdafiə Fondunun 200 milyon manatlıq vəsaiti məhz bu istiqamətə yönəldilir. Digər tədbir 65 yaşdan yuxarı olan tənha ahıl insanlarımıza dəstək mexanizmidir. Bu çərçivədə 15 min tənha ahıl insanımız tam sosial xidmətə götürülüb və gündəlik əsasda sosial xidmətçilər tərəfindən onlara qulluq edilir. Burada da bizim biznes dairələrimiz Sizin çağırışınıza çox aktiv qoşuldular və artıq bu günə - aprel ayında 14 min belə ailəyə ərzaq yardımı şirkətlərimiz, təşkilatlarımız, dövlət qurumlarımız tərəfindən edilib. Növbəti 15 gündə də daha 30 min ailəyə yardımın göstərilməsi planlaşdırılır. Bu da bir növ, bizim sosial tərəfdaşlarımızın Sizin çağırışınıza və sosial həmrəyliyə qoşulmasının göstəricisidir.

Ünvanlı sosial yardım şərtlərinin yüngülləşdirilməsi və xüsusi karantin rejimi dövründə vaxtı bitənlərin uzadılması nəticəsində 62 min insanı əhatə edən 14 min ailəni əlavə olaraq əhatə etməyi planlaşdırırıq. Bunun icrası olaraq bildirim ki, artıq bu günə 79 min ailə ünvanlı yardım mexanizmi ilə əhatə olunub. Aprelin 1-dən bu günədək 9 min ailə və ya 35 min insan bu proqramdan yararlanıb. Ümumilikdə 79 min ailənin 330 min üzvü məhz bu proqramla əhatə olunur.

Əlavə olaraq, əhaliyə güzəştli elektrik limitinin artırılması nəticəsində 100 kilovat/saatlıq əlavə güzəştin verilməsi Nazirlər Kabinetinin qərarı ilə təsdiq olundu və bu da əhalimizə sosial dəstəyin bir növüdür. Eyni zamanda, təhsil alan və həssas kateqoriyadan olan tələbələrin dəstəklənməsi ilə bağlı müvafiq qaydalar da təsdiq olundu. Bu çərçivədə də 17 min tələbənin 2020-ci il üzrə təhsil haqqı dövlət tərəfindən qarşılanacaq. Ümumilikdə bu proqram, məşğulluq və sosial paket 2 milyon insanımızı əhatə edir və qısa müddət ərzində tam şəkildə icra olunaraq Sizə məruzə ediləcək.

Yekunda bir daha əminliyimi vurğulamaq istəyirəm ki, Sizin rəhbərliyiniz altında, hörmətli Birinci vitse-prezidentimizin dəstəyi ilə pandemiyanın bütün fəsadları aradan qaldırılacaq.

Çox sağ olun, cənab Prezident.

X X X

Prezident İlham ƏLİYEV dedi:

- Qeyri-formal məşğulluqla bağlı işlər artıq müəyyən müddətdir ki, aparılır və mənə müntəzəm olaraq məruzə edilir. Keçən il də bu istiqamətdə müsbət mənzərə müşahidə olunurdu, yəni, əmək müqavilələrinin sayı artır. Hesab edirəm ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olmalıdır. Çünki mən dəfələrlə həm sahibkarlara, həm işçilərə müraciət etmişdim ki, kölgədən çıxın, əmək müqavilələri bağlayın. Əgər əmək müqavilələriniz olmasa, pensiya ala bilməyəcəksiniz, tibbi sığorta ala bilməyəcəksiniz. Əgər siz işsizsinizsə və qeydiyyata düşmürsünüzsə, işsizlik müavinəti ala bilməyəcəksiniz. Ona görə hesab edirəm ki, indiki şəraitdə və siz qeyd etdiniz, əmək müqavilələrinin sayı qısa müddət ərzində 10 minlərlə artdı. İndiki şəraitdə bu sahəyə daha da böyük diqqət yetirməliyik. Hesab edirəm ki, həm maarifləndirmə istiqamətində, həm də əlbəttə ki, inzibati tədbirlər, monitorinq tədbirləri və institusional islahatlar nəticəsində biz qeyri-formal məşğulluğun əhatə dairəsini böyük dərəcədə daralda bilərik və bu istiqamətdə işlər davam etdirilməlidir. Bu 70 min yeni əmək müqaviləsinin bağlanması göstərir ki, hələ də ehtiyatlar çoxdur və bu ağır vəziyyət bu gün kölgədə işləyənlər üçün də, necə deyərlər, bir yolgöstərici amil olmalıdır.

Ödənişli ictimai işlərə gəldikdə, biz ilin əvvəlində 37 min ödənişli iş yerinin yaradılmasını nəzərdə tuturduq. İndi bu pandemiyaya görə bunların sayı 50 minə çatıb. Amma yenə də baxın, əgər bölgələrdə xüsusilə buna əlavə tələbat yaranarsa, məlumat verin, bəlkə biz əlavə vəsait ayıraq ki, bu çətin dövr ərzində insanları işlərlə təmin edək.

Hesab edirəm ki, 12 min insanın özünüməşğulluq proqramına cəlb edilməsi, çox müsbət nəticədir. Nəzərə alsaq ki, biz təqribən 3, 4, 5 minlə başlamışıq. Amma giriş sözümdə dediyim kimi, - siz də bu barədə mənə məlumat vermisiniz, - təqribən on minlərlə tələbat var. Əlbəttə ki, bu tələbatın ödənilməsi asan məsələ deyil. Çünki hər bir məsələyə ayrı-ayrılıqda baxılır, bəzi hallarda bəzi insanların bu işlərə qabiliyyəti çatmır, bəzi insanlar vasitələri alıb sonra onları satırlar. Belə hallar da var və dünya praktikası var. Mənə verilən məlumata görə, dünya praktikasında özünüməşğulluq proqramının uğur əmsalı təqribən, 50 faiz ətrafındadır, Azərbaycana gəldikdə, bu, daha çoxdur. Ancaq bu proqrama cəlb olunan vətəndaşlar bilməlidirlər ki, əgər onlara verilmiş imkanlardan düzgün istifadə etməsələr, bu imkanı itirəcəklər və ikinci dəfə onlara bu şərait yaradılmayacaq. Ona görə xahiş edirəm, əgər kiməsə vasitə verilirsə onu satmasın, ondan səmərəli şəkildə istifadə etsin ki, özü üçün davamlı, dayanıqlı gəlir mənbəyi yaratsın. Bizim əsas məqsədimiz budur ki, insanlar özləri üçün müstəqil gəlir mənbələri yaratsınlar və ailələrini saxlaya bilsinlər. Ona görə 12 min insanın imkanlarını araşdırmaq böyük vaxt tələb edir və burada meyarlar çox dəqiq ölçülüb-biçilməlidir ki, ədalət prinsipi tam təmin edilsin.

Həssas təbəqənin qorunması, - bu barədə siz məlumat verdiniz, - hesab edirəm ki, indiki şəraitdə ən vacib məsələdir. Biz onlara sahib çıxmalıyıq, onlara dəstək verməliyik, onlara kömək göstərməliyik. Azərbaycan xalqının əsrlərboyu yaşatdığı bu gözəl xüsusiyyətləri bu gün bütün xalqımız nümayiş etdirməlidir və nümayiş etdirir. Qeyd etdiyiniz kimi, biznes dairələri öz təşəbbüsləri ilə imkansız adamlara kömək göstərirlər və mən bunu alqışlayıram. Bu, biznesin sosial məsuliyyətinin təzahürüdür. Kimin nəyə gücü, imkanı çatırsa kimsəsiz insanlara, ahıl insanlara, həssas təbəqədən olan insanlara kömək göstərin. Əlbəttə ki, dövlət öz üzərinə bu funksiyanı götürüb, bunu edir və edəcək. Ancaq biznes dairələrinin bu şəraitdə bu işlərə qoşulması və ayrı-ayrı insanların öz təşəbbüsü ilə ehtiyacı olan insanların yanında olması məni hədsiz sevindirir, onlara öz təşəkkürümü bildirmək istəyirəm. Yerli icra orqanları şərait yaratmalıdır ki, onlar bu yardımı daha böyük həcmdə etsinlər. O ki qaldı, həssas təbəqədən olan tələbələrə, siz qeyd etdiniz, 17 min tələbənin ödənişi dövlət tərəfindən təmin ediləcək. Bu, çox gözəl addımdır və buna da tam nəzarət olmalıdır ki, heç kim bu proqramdan kənarda qalmasın.

Kommunal ödənişlərlə bağlı güzəştlər edilibdir. Hesab edirəm ki, pandemiya ilə bağlı sosial paketin tam icra edilməsi karantin və pandemiya dövründə vətəndaşların yaşayışı üçün çox ciddi kömək olacaqdır.

Eyni zamanda, biz ilin əvvəlində nəzərdə tutulmuş proqramları da yaddan çıxarmamalıyıq. Bu haqda mən artıq giriş sözümdə dedim. Şəhid ailələrinin mənzillərlə təmin edilməsi – biz ilin sonuna qədər bu istiqamətdə də 1500 mənzilin verilməsini təmin etməliyik. Hazırda birinci 3 ayda neçə şəhid ailəsi evlərlə təmin edilib? Bu haqda məlumat verin.

Nazir Sahil Babayev: Möhtərəm cənab Prezident, artıq 180 şəhid ailəsi üçün evlər tam satın alınıbdır. Əlavə olaraq satınalmada 200 şəhid ailəsi ilə bağlı evlər, mənzillər var. Sadəcə, bu xüsusi karantin rejimində kütləvi tədbirin olmaması üçün onları təqdim etmirik. Rejim bitən kimi artıq əlimizdə 300-dən artıq belə mənzil hazır olacaq.

X X X

Prezident İlham ƏLİYEV dedi:

-Karantin rejimi kənd təsərrüfatı işlərinə mane olmamalıdır. Ona görə müvafiq göstərişlər verilmişdir. Çünki bildiyiniz kimi, bəzi insanlar mövsümi işlərlə bağlı bir rayondan başqa rayona getməli olurlar. Ona görə indi ki, şəhərlərarası nəqliyyat dayandırıldı, bu məsələ ayrıca müzakirə edilməlidir və bütün şərait yaradılmalıdır ki, kənd təsərrüfatı sahəsində karantin rejimi bizə problem yaratmasın və insanların gediş-gəlişi təmin edilsin. Operativ Qərargaha bu məsələ ilə bağlı göstəriş verildi. Əminəm ki, bu göstəriş yerinə yetiriləcək.

Birinci rübdə kənd təsərrüfatının artımı 3,7 faiz olmuşdur. Bitkiçilikdə daha böyük nəticələr əldə edilib, 13 faizdən çox artım var. Nəzərə alsaq ki, keçən il də bitkiçilikdə artım böyük idi, bu, göstərir ki, bu sahə uğurla, sürətlə inkişaf edir. Heyvandarlığa gəldikdə, burada inkişafa nail olmaq üçün daha çox vaxt lazımdır. Burada da artım 3 faizdən bir qədər çoxdur.

Bu il kənd təsərrüfatı sahəsində çalışan sahibkarlara Sahibkarlığın İnkişafı Fondundan kreditlərin ayrılması nəzərdə tutulur. Xüsusilə hesab edirəm ki, indiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək. Eyni zamanda, bu, yeni iş yerlərinin yaradılmasına da gətirib çıxaracaq. Əlbəttə ki, kiçik sahibkarlar da yaddan çıxmamalıdır. Bilirəm ki, Kənd Təsərrüfatı Nazirliyinin bəzi təklifləri var. Ona görə, ümumiyyətlə, kənd təsərrüfatı işlərinə hazırlıqla bağlı, görüləcək işlərlə bağlı, problemlərlə bağlı məlumat vermək üçün söz verilir Kənd Təsərrüfatı naziri İnam Kərimova.

X X X

Kənd Təsərrüfatı naziri İnam KƏRİMOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident.

Verdiyiniz tapşırıqlara uyğun olaraq aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Aqrar sektorda fəaliyyət bu gün xüsusi karantin rejiminin tələblərinə uyğun qurulur. Bununla yanaşı, tətbiq edilən karantin rejiminin kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün Sizin verdiyiniz tapşırıqlara uyğun olaraq zəruri tədbirlər görülür. Hazırkı dövr kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirlərin və yazlıq səpinlərin ən intensiv dövrünə təsadüf edir. Nazirlər Kabineti tərəfindən qəbul olunmuş təlimata əsasən, kənd təsərrüfatı işlərinin fasiləsiz həyata keçirilməsi üçün Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə iş qurulub.

Bölgələrdə hazırda mineral gübrə, pestisid, toxum təchizatı və satışı həyata keçirilir, kənd təsərrüfatı texnikalarının məhdudiyyətsiz hərəkəti təmin edilib. Kənd təsərrüfatı məhsullarının orta və iri həcmli maşınlarla daşınması məhdudiyyət olmadan həyata keçirilir. Bu günədək xüsusi karantin rejimi dövründə əhalinin kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi problem qeydə alınmayıb.

Respublika üzrə 2020-ci il üçün 1 milyon hektardan çox sahədə taxıl əkini aparılıb. Əkin sahələrinin 641 min hektarını buğda, 369 min hektarını arpa əkinləri təşkil edir. Hazırda əkin sahələrində intensiv aqrotexniki tədbirlər aparılır, vegetasiya suvarmaları həyata keçirilir.

Bu il respublikanın 21 rayonu üzrə 100 min hektar sahədə pambıq əkini proqnozlaşdırılır. Yaxın günlərdə əkin sahələrində intensiv səpinə başlanılacaq. Artıq 19 mindən çox istehsalçı ilə müqavilələr bağlanılıb, əkin sahələrinin toxum, gübrə, pestisidlə təminatı ilə bağlı tədbirlər görülüb.

Digər yazlıq əkinlər - tütün, şəkər çuğunduru, bostan-tərəvəz, kartof əkini üzrə tədbirlər həyata keçirilir.

Fermerlərin gübrəyə olan ehtiyacını təmin etmək məqsədilə ölkəyə lazımi miqdarda mineral gübrə idxal olunub. O cümlədən bu ildən daxili istehsal gübrəsi olan karbamid gübrəyə olan tələbatın ödənilməsində mühüm rol oynamağa başlayıb. Karantin rejimi dövründə təsərrüfatların gübrə ilə təmin olunması üçün təchizatçı şirkətlər tərəfindən rayonlarda və kəndlərdə səyyar satışlar təşkil edilir.

Taxıl biçininə hazırlıq işləri davam etdirilir. Hazırda respublikada 1700-dən çox taxılbiçən kombayn var. “Aqrolizinq” ASC-nin rayon bölmələri tərəfindən biçinə 728 kombayn cəlb ediləcək. Bundan əlavə, Sizin tapşırığınızla əlavə 125 kombaynın alınması planlaşdırılır. Həmçinin dövlət dəstəyi ilə özəl sektor tərəfindən lazımi texnikalar alınmaqdadir. Ümumilikdə, ölkədə taxıl biçini zamanı tələbatı tam ödəyə biləcək sayda kombayn mövcuddur.

Bu ilin yanvarından fermerlərə subsidiyalar yeni mexanizmə uyğun verilməyə başlanıb. Subsidiyaların ödənilməsi yalnız elektron kənd təsərrüfatı sistemi üzərindən həyata keçirilir. Bu günədək elektron sistemdə 484 mindən artıq fermer qeydiyyatdan keçib, 357 mindən çox fermer payızlıq əkinlərini bəyan edib. Artıq bu günə 321 mindən artıq fermerə subsidiyalar ödənilib.

Möhtərəm cənab Prezident, qeyd edilənlərlə yanaşı, hazırda fermerlərimizin üzləşdiyi bir sıra çətinlikləri də diqqətinizə çatdırmaq istərdim. Bunlardan biri iqlim dəyişiklikləri ilə bağlıdır. Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır.

Hazırda Nazirlər Kabinetinin koordinasiyası ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanılıb. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır.

Fermerlərimizin qarşılaşdığı digər çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız Fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb. Bu Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini ifadə etmək istərdim. Bu dəstəyə və fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı qayğıya görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirmək üçün bütün səy və imkanlarımızı səfərbər edəcəyik.

Çox sağ olun, cənab Prezident.

X X X

Dövlətimizin başçısı müşavirəyə yekun vurdu.

Prezident İlham Əliyevin yekun

çıxışı

- Bir daha demək istəyirəm ki, son illər kənd təsərrüfatı sahəsində müsbət dəyişikliklər baş verir. Elektron Kənd Təsərrüfatı Proqramı icra edilir. Fermerlərə subsidiyaların verilməsi mexanizmi təkmilləşdirilib və artıq kartlar da verilibdir. Bu, çox müsbət haldır, yəni, kənd təsərrüfatı müasir standartlara cavab verməlidir. Belə olan halda, əlbəttə ki, həm məhsuldarlıq artacaq, həm kənddə işləyən insanlar əmək sərf edəcəklər, həm də daxili bazarı təmin edəcəyik və xarici bazarlara da daha geniş çeşiddə məhsullarla çıxa biləcəyik. Kənd təsərrüfatı ilə bağlı olan əsas məsələ məhsuldarlığı artırmaqdır. Kənd Təsərrüfatı Nazirliyi artıq bu istiqamətdə işlər görür, demək olar ki, yetişdirilən bütün növ məhsullar üzrə məhsuldarlıq ildən-ilə artır. Amma biz bilməliyik ki, əhalimiz artır və daxili istehlak da artacaq. Ona görə kənd təsərrüfatının istehsalı yüksək templərlə inkişaf etməlidir ki, biz həm daxili tələbatı ödəyə bilək, eyni zamanda, ixrac bazarlarına da öz məhsulumuzu çatdıra bilək.

Hesab edirəm ki, qeyd etdiyiniz məsələlərin həlli üçün, əlavə vəsait ayrılmalıdır. Mikrokreditlərin verilməsi üçün Prezidentin ehtiyat fondundan vəsaitin ayrılması nəzərdə tutulmalıdır. Hesab edirəm ki, bu məqsədlər üçün 30 milyon manat vəsait ayrıla bilər və müvafiq Sərəncam layihəsi də hazırlansın, mənə təqdim edilsin.

Quraqlıqla bağlı dedikləriniz çox ciddi məsələdir, bu, böyük narahatlıq doğurur. Çünki bu meyl davam edə bilər. Bilirsiniz ki, dünyada iqlim dəyişikliyi ilə bağlı böyük narahatlıq var. Bəzi proqnozlar onu göstərir ki, Azərbaycanda bəlkə on ildən, iyirmi ildən sonra səhralaşma prosesi də istisna deyil. Ona görə biz bəri başdan buna hazır olmalıyıq. Keçən ilin quraqlığı bizə çox böyük problem yaratmışdı və hətta yaşlı insanlar belə quraqlığı xatırlamırlar. Bu il də quraqlıq gözlənilir. Ona görə su ehtiyatlarımızın səfərbər olunması, onlardan səmərəli istifadə edilməsi prioritet məsələyə çevrilir. Heç kimə sirr deyil ki, su olan yerdə məhsuldarlıq da artır və insanların dolanışığı da yüksəlir. Məhz bu məqsədlə ölkəmizdə bir neçə önəmli genişmiqyaslı layihə icra edilmişdir. Əgər Şəmkirçay su anbarı, Taxtakörpü su anbarı vaxtında tikilməsəydi, kanallar çəkilməsəydi, o sudan qidalanan rayonlarda böyük çətinliklər ola bilərdi. Biz son bir neçə il ərzində orta hesabla təqribən yüz min hektara yaxın torpağa suyun verilməsini təmin edirik. Bunlar vaxtilə suvarılmayan, yaxud da ki, suvarılması lazımi səviyyədə olmayan torpaqlardır. Ona görə bundan sonra da kənd təsərrüfatının və fermerlərin bu sahədə tələbatını ödəmək üçün gərək yeni proqram tərtib edilsin. Biz köhnə metodlarla gedə bilmərik. Çünki bu metodların səmərəliliyi özünü doğrultmur. İndi dünya texnologiyaları bütün sahələrdə inkişaf edir, o cümlədən meliorasiya sahəsində. Biz indi bu işləri dədə-baba üsulu ilə görə bilmərik. Yeni texnologiyalar tətbiq edilməlidir. Mənə verilən məlumata görə, bəzi yerlərdə suyun itkisi 40-50 faizə çatır. Baxmayaraq ki, son vaxtlar bu sahəyə böyük investisiya qoyulub. Amma vaxtilə tikilmiş qurğuların, infrastrukturun bir çoxu çürüyüb və həm suyun çatdırılmasına imkan vermir, həm də ki, o sızmalar torpağın şoranlaşmasına gətirib çıxarır. Ona görə biz burada iki ziyan görürük. Onu da bilməliyik ki, bizim su ehtiyatlarımız o qədər də geniş deyil və əsas su mənbələrimiz sərhədlərimizin kənarında formalaşır. Ona görə hər damcı su bizim üçün önəmlidir. Bu məsələ ilə ciddi məşğul olmaq lazımdır. Sovet vaxtında tikilmiş su kanallarımızın demək olar ki, hamısı torpaq kanallardır. Son vaxtlar biz ancaq beton kanallar tikirik və vaxtilə tikilmiş torpaq kanalları betona alırıq. Beləliklə, su itkisinin qarşısını alırıq. Ancaq hesab edirəm ki, daha irəli baxmalıyıq. İndi dünyanın inkişaf etmiş ölkələrində, xüsusilə, bizim iqlimimizə oxşar iqlimi olan ölkələrdə təcrübə var, orada məhsuldarlıq da çox yüksəkdir və bu təcrübə Azərbaycanda tətbiq edilməlidir.

Ona görə hesab edirəm ki, bu sahədə ciddi irəliləyişə nail olmaq üçün xüsusi komissiya yaradılmalıdır. Su ehtiyatlarından səmərəli istifadə etmək üçün komissiya yaradılacaq. Hesab edirəm ki, komissiyaya Baş Nazirin müavini Şahin Mustafayev rəhbərlik etməlidir. Çünki Şahin Mustafayev İqtisadiyyat naziri işlədiyi dövrdə bu məsələ ilə fəal məşğul olub və mənə müntəzəm olaraq məruzələr edib. Komissiyada aidiyyəti qurumların rəhbərləri - Kənd Təsərüfatı naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, "Meliorasiya və Su Təsərrüfatı" Səhmdar Cəmiyyətinin, "Azərsu" Səhmdar Cəmiyyətinin rəhbərləri və digər aidiyyəti qurumların rəhbərləri təmsil olunmalıdırlar ki, konkret tədbirlər planı hazırlansın. Demək olar ki, indi təhlillə bağlı materiallar və belə məlumatlar var. Əsas məsələ odur ki, nə etməliyik, hansı addımlar atmalıyıq. Yəqin, xarici mütəxəssisləri də cəlb etməliyik ki, bizə yaxşı məsləhətlər versinlər. Biz suyun hər bir damcısının qədrini bilməliyik.

Beləliklə, bugünkü müşavirəmiz başa çatmaq üzrədir. Bildirməliyəm ki, əlbəttə, bizim iqtisadi və sosial planlarımız yerindədir. Koronavirus planlarımıza müəyyən təsir etsə də, bizi əsas yolumuzdan döndərə bilməz. Əlbəttə ki, indi bizim bütün səylərimiz koronavirusla mübarizəyə yönəldilib. Bu da təbiidir. Məhz bu məqsədlə mənim Sərəncamımla Baş Nazirin rəhbərliyi altında Operativ Qərargah yaradılıb. Qərargah çox səmərəli işləyir, 24 saat çalışır. Demək olar ki, mən də 24 saat əlaqədəyəm. Gün ərzində bəlkə də 5-6 dəfə zəngləşirik, danışırıq. Deyə bilərəm ki, əgər vaxtında bu addımlar atılmasaydı, əgər çox ciddi koordinasiya aparılmasaydı, bu gün biz daha da böyük problemlərlə üzləşə bilərdik. Biz özümüzü bu günə qədər demək olar ki, çox böyük problemlərdən qoruya bildik. Son iki günün dinamikası, yəni, xəstələrin və sağalanların sayı arasındakı dinamika müəyyən nikbinliyə yol açır. Amma mən hələ ki vaxtı qabaqlamaq istəmirəm, hələ ki təhlil aparılır. Bildiyiniz kimi, karantin rejimi ayın 20-nə qədər qüvvədədir. Növbəti həftə ərzində həm Operativ Qərargah, həm bütün digər aidiyyəti qurumlar öz təkliflərini verməlidirlər ki, ayın 20-dən sonra biz hansı addımları atmalıyıq, karantin rejimi qüvvədə qalacaq ya yox, qalacaqsa hansı formada qalacaq. Biz yumşalmaya nə vaxtdan başlaya bilərik. Biz bütün bunları gərək dəqiq bilək. Bir daha demək istəyirəm ki, əsas məsələ xalqımızı bu xəstəlikdən qorumaqdır. İqtisadiyyat bərpa olunar. Biz indi fəal işləyirik və işləyəcəyik ki, bu vəziyyətdən minimum itkilərlə çıxaq.

Koronavirusla bağlı addımlar ardıcıllıqla atılır. Bizdə indi 20-dən çox xəstəxanada xəstələr müalicə alır. Eyni zamanda, 4-5 ulduzlu otellərdə, o cümlədən Atletlər kəndində karantində olan vətəndaşlar yerləşdirilib. Biz artıq 70 mindən çox test keçirmişik və keçirilən testlərin sayına görə dünya miqyasında 30-cu yerlərdəyik. Həkimlərə diqqət göstərilir, onların maaşları 3, 4, 5 dəfə artırılıbdır. Biz maska istehsalına başlamışıq və bir müəssisə artıq fəaliyyətə başlayıb. Mənə verilən məlumata görə, digər müəssisə də fəaliyyətə başlayır. Bu da çox müsbət haldır. Əlavə 10 modul tipli xəstəxananın tikintisi artıq başlamışdır. Onlardan altısı dövlət, dördü isə özəl sektor tərəfindən inşa ediləcək. Bizim ən müasir xəstəxanamız – “Yeni klinika”, keçən ayın sonunda istifadəyə verildi. Bu 575 çarpayılıq ən müasir klinikamız koronavirus xəstələrinin sərəncamına verildi. Mən klinikanın açılışında qeyd etmişdim ki, biz bu xəstəliyə görə bu klinikanı vaxtından bir qədər əvvəl istifadəyə verdik və o tədricən fəaliyyətə başlayır. Son məlumata görə, artıq bu klinikada 100 koronavirus xəstəsi müalicə alır. Deməli orada çarpayıların istifadəyə verilməsi prosesi davam edir və bütün imkanlar maksimum səfərbər olunubdur.

Bizim bu sahədə görülən işlərə ən gözəl qiyməti Azərbaycan xalqı verir. Bir daha demək istəyirəm ki, mən minlərlə elektron məktub alıram. Bu məktublarda görülən işlərə görə minnətdarlıq ifadə olunur. Ümumdünya Səhiyyə Təşkilatı bizim gördüyümüz işlərə yüksək qiymət verərək Azərbaycanı koronavirusla mübarizə sahəsində nümunəvi ölkə adlandırıbdır.

Bütün bunlar deməyə əsas verir ki, biz bu bəlanı da dəf edəcəyik, bu mübarizədə qalib gələcəyik. Biz xalq olaraq artıq birlik, həmrəylik nümayiş etdirmişik, indi daha çox məsuliyyət və nizam-intizam nümayiş etdirməliyik. Belə olan halda biz bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxacağıq.

Azərbaycan xalqına cansağlığı və xoşbəxtlik arzulayıram. Sağ olun.