Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü keçirilib


Baxıldı : 111

Tarix : 2020-05-08 06:00:55


Mayın 4-də Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü və moderatorluğu ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Dövlətimizin başçısı Zirvə görüşündə nitq söyləyib. Deyib ki, Azərbaycan Qoşulmama Hərəkatının sədr ölkəsi kimi, Hərəkatın 1996-cı ildə qəbul olunmuş Metodologiyalar üzrə Kartaxena sənədindən çıxış edərək koronavirusa qarşı mübarizə üzrə Təmas Qrupunun yaradılması və bu formatda Zirvə görüşünün keçirilməsi təşəbbüsünü irəli sürmüşdür.Təqdirəlayiq haldır ki, Qoşulmama Hərəkatının bütün üzv dövlətləri bu təşəbbüsü yekdilliklə dəstəkləmişdir.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyinə dair əhatəli Tədbirlər Planı hazırlamış və praktiki fəaliyyətə başlamışdır. Koronavirus pandemiyası dünyada vəziyyəti tamamilə dəyişmiş və nəticədə yeni reallıqlar meydana çıxmışdır.

Prezident İlham Əliyev Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün vaxtında görülən çevik və zəruri qabaqlayıcı tədbirlər haqqında məlumat vermişdir. Azərbaycanda məşğulluqla bağlı problemlərin həlli, iqtisadi sabitliyi, makroiqtisadi və maliyyə sabitliyini təmin etmək üçün 3.5 milyard manatdan artıq və ya 2 milyard dollardan çox sosial-iqtisadi dəstək paketi qəbul olunmuşdur.

Sonra Zirvə görüşünə qatılan BMT Baş Assambleyasının 74-cü sessiyasının prezidenti Ticani Məhəmməd-Bande, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus və Afrika İttifaqı Komissiyasının sədri Musa Faki Mahamat çıxış etdilər.

BMT-nin Baş katibi Antonio Quterreşin və Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozef Borelin videomüraciəti dinlənildi.

Daha sonra isə 40-a yaxın ölkənin dövlət və hökumət başçıları çıxış etdilər.

Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə görüşündə Yekun Bəyannamə qəbul edildi.

Qeyd edək ki, tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir.