Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib


Baxıldı : 345

Tarix : 2015-10-16 01:48:00


Oktyabrın 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.Dövlət başçısı iclası giriş nitqi ilə açıb. Prezident İlham Əliyev bildirib ki, bugünkü iclasda bu ilin 9 ayının sosial-iqtisadi yekunları müzakirə ediləcək. Dünyada və bölgədə gedən proseslərə rəğmən demək olar ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Belə şəraitdə iqtisadi inkişafa nail olmaq, əlbəttə ki, böyük nailiyyətdir. Bunun bir səbəbi var. O da ondan ibarətdir ki, Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır. İlham Əliyev deyib ki, sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənayesi isə 10 faizdən çox artmışdır. Bu da çox müsbət göstəricidir və onu göstərir ki, Azərbaycanda sənayeləşmə siyasəti uğurla icra edilir. Bu il \ Kənd təsərrüfatı ili\ elan edilib. Şadam ki, \ Kənd təsərrüfatı ili\ ndə kənd təsərrüfatımız da 6,7 faiz artmışdır. Ölkədə aparılan islahatlar, eyni zamanda dövlət tərəfindən fermerlərə verilən dəstək, subsidiyalar, texnika təminatı və bütövlükdə dövlət siyasəti, bax, bu vəziyyəti yaradır. İri fermer təsərrüfatlarının yaradılması da, xüsusilə taxılçılıq sahəsində, böyük dönüşə səbəb olmuşdur. Azərbaycanda inflyasiya 9 ayda çox aşağı səviyyədədir - 3,7 faiz. Əhalinin pul gəlirləri isə 5,8 faiz artıb. Beləliklə, hər il olduğu kimi, əhalinin gəlirləri inflyasiyanı üstələyir. Ölkə iqtisadiyyatına bütün mənbələrdən 16 milyard dollar sərmayə qoyulub. Onlardan 9 milyardı daxili, 7 milyardı xarici sərmayədir. Bu da çox gözəl göstəricidir. Çünki bu gün dünyada maliyyə və likvidlik qıtlığı yaşanır. Bir çox dövlətlər öz ölkələrinə daha çox investisiyalar cəlb etmək üçün çalışırlar və o cümlədən Azərbaycan. Prezident bildirib ki, sosial sahədə bir çox uğurlu layihələr icra edilmişdir. Baxmayaraq xərclərimiz azalır, ancaq biz sosial infrastrukturun yaradılmasına bu il də kifayət qədər böyük vəsait ayırmışıq. Bu vəsait hesabına 9 ayda ölkədə 34 məktəb, 26 uşaq bağçası, 11 tibb müəssisəsi tikilib və ya əsaslı şəkildə təmir edilib. Şəffaflıq nəticəsində ünvanlı sosial yardım alanların sayı 16 faiz aşağı düşmüşdür. Çünki heç bir kriteriyaya görə ünvanlı sosial yardım düşməyənlər artıq bunu almırlar. Ancaq, doğrudan da, ehtiyac içində yaşayanlar bunu alır və onlara daha böyük məbləğ verilir. Bu gün 500 minə yaxın insan, 114 min ailə ünvanlı sosial yardım alır və hər ailəyə orta hesabla hər ay 153 manat dövlət tərəfindən yardım göstərilir. Bu, çox yaxşı nəticədir və əminəm ki, gələcək illərdə yoxsulluğun aşağı düşməsi nəticəsində ünvanlı sosial yardıma möhtac olanların sayı daha da azalacaq. Bizim vəzifəmiz ondan ibarətdir ki, yoxsulluq bir fenomen kimi Azərbaycandan tamamilə yığışdırılsın. Ölkə başçısı qeyd edib ki, infrastruktur layihələrinin icrasında da bu il kifayət qədər böyük işlər görülüb. Təbii ki, bizim gəlirlərimiz neftin qiymətinin aşağı düşməsi nəticəsində azaldığına görə xərclərimiz də azalıb. Öz fəaliyyətimizi ancaq daxili resurslar hesabına qururuq və xarici borclanmaya meyilli deyilik. Prezident deyib ki, bu il 87 min yeni iş yeri yaradılıb, onlardan 67 mini daimi iş yeridir. Bu da gözəl göstəricidir. İş yerlərinin yaradılması prosesi daim aparılmalıdır. Regionlarda yaradılan iş yerləri, əlbəttə ki, ölkə iqtisadiyyatının çoxşaxəli inkişafına xidmət göstərir. Ancaq onu da qeyd etməliyəm ki, 9 ayda baxmayaraq, 67 min daimi iş yeri yaradılıb, 30 minə yaxın iş yeri bağlanıb. Biz bu reallığı bilməliyik və burada ciddi təhlil aparılmalıdır ki, bu prosesin səbəbləri nədən ibarətdir. Dövlət başçısı ordu quruculuğunun daim diqqət mərkəzində olduğunu nəzərə çatdırıb: \ Bu da təbiidir, çünki Azərbaycan müharibə şəraitində yaşayır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər. Gələn il də bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Biz burada tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, bütün təxribatlara layiqli cavabımızı veririk. Keçən ay növbəti dəfə bizə qarşı böyük təxribat hazırlandı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal, həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni, Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir\ . İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək. Ona görə bu, çox qəribə, yumşaq desək, qeyri-adekvat və görünür ki, çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də rəhbərliyini biabır edir. Çünki indi hər bir insan danışdığının məsuliyyətini daşımalıdır, xüsusilə böyük vəzifə sahibləri. Ancaq xunta rejimindən bundan artığını gözləmək də çətindir. Çünki Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Onlardan bundan artığını gözləmək mümkün deyil. Dövlət başçısı yekun nitqində ilin sonuna qədər görüləsi bütün işlərin icra olunacağını və 2015-ci ilin yaxşı göstəricilərlə başa vurulacağına əmin olduğunu bildirib. Prezident deyib ki, makroiqtisadi sabitliyin qorunması gələn il də prioritet olaraq qalacaq. İslahatlar daha da dərinləşməlidir. İqtisadi islahatlar nəticəsində artıq böyük işlər görülüb. Bunu beynəlxalq qurumlar da qeyd edir. Davos Dünya İqtisadi Forumu Azərbaycanı yenə də çox yüksək pilləyə layiq gördü. Ölkələrin iqtisadiyyatlarının rəqabət qabiliyyətliliyinə görə Azərbaycan 40-cı yerdədir. MDB məkanında yenə də birinciyik və bu, əslində görülən işlərin bariz nümunəsidir. Maliyyə nizam-intizamı gücləndirilməlidir. İsrafçılığa, izafi xərclərə yol verilməməlidir. İndi biz imkanımız nəyə çatırsa, onu da edirik. Çünki əgər biz qazandığımızdan daha çox xərcləsəydik, indi iqtisadi vəziyyətimiz ağır ola bilərdi. Ona görə prioritet təşkil etməyən layihələrə vəsaitin ayrılması dayandırılmalıdır. Vergi və gömrük orqanları da şəffaf və səmərəli işləməlidir. Daha çox büdcəyə vəsait toplaya bilərlər. Bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalıdır. Yəni, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir. Belə olan halda bizim büdcəmiz daha da böyüyəcək, qeyri-neft sektorunun hesabına təmin ediləcək. Mövcud vergidən azadolmalar və güzəştlər sisteminə yenidən baxılmalıdır. Ölkə başçısı qeyd edib ki, korrupsiyaya və rüşvətxorluğa qarşı daha ciddi mübarizə aparılmalıdır. \ ASAN xidmət\ in yaradılması ictimai xidmətlər sahəsində bir inqilab olmuşdur. Artıq 6 milyon insan qısa müddət ərzində \ ASAN xidmət\ ə müraciət etmişdir. İnsanların mütləq əksəriyyəti onlara göstərilən xidmətlərdən razıdır. \ ASAN xidmət\ də korrupsiya, rüşvətxorluq, bürokratiya yoxdur. Bu, nəyi göstərir? Birincisi, onu göstərir ki, bizim korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparmağa böyük siyasi iradəmiz var. İkincisi, onu göstərir ki, korrupsiyanı, rüşvətxorluğu aradan götürmək mümkündür. \ ASAN xidmət\ də bu, mümkündürsə, başqa sahələrdə niyə mümkün deyil? Ona görə burada hər bir dövlət qurumu nəticə çıxarmalıdır. Əlbəttə, vətəndaşlardan da çox şey asılıdır. Mən dəfələrlə çıxışlarımda vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa çağırmışam. İctimai nəzarət gücləndirilməlidir. İctimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə biz qalib gələ bilmərik. Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Bu da dözülməzdir. Ona görə qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq-mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Əgər ölkə daxilində mane olanlar olmasaydı, gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq.İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da. Qoy, hər kəs istehsal etsin. Yaxşı bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Prezident bildirib ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş vermişdir. Avqust ayında Çindən, Qazaxıstan ərazisindən keçməklə, Azərbaycana birinci konteyner qatarı gəlmişdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Son illərdə çalışmışıq ki, Azərbaycanda nəqliyyat, logistika mərkəzini yaradaq və buna böyük dərəcədə nail ola bilmişik. Biz son vaxtlar şəhər nəqliyyatı ilə bağlı çox ciddi addımlar atmışıq. Yeni şirkət yaradılıbdır. Bunu da biz etmişik ki, insanlar ictimai nəqliyyatdan rahat istifadə etsinlər. Birinci Avropa Oyunlarından sonra Azərbaycana maraq daha da artır və əminəm ki, bu, turizm sektorunda da özünü göstərəcək. Turistlərin cəlb edilməsi siyasəti də aparılmalıdır. Birinci Avropa Oyunları ölkənin bir təqdimatı idi. Biz Azərbaycanı bütün Avropaya, dünyaya müasir, gözəl, inkişaf edən ölkə kimi, Bakını isə ən gözəl şəhərlərdən biri kimi tanıtdıq. Əlbəttə ki, bizə maraq daha da artır. Gələn il \ Formula-1\ yarışması da, - bu da miqyasına görə bəlkə də dünyada birinci, ya ikinci yarışmadır, - əlavə diqqət cəlb edəcək. \ Cənub\ qaz dəhlizinin yaradılması ilə bağlı 9 ayda çox gözəl, önəmli işlər görülmüş, addımlar atılmışdır. Artıq praktiki inşaat işləri başlayır. Bu da koordinasiya tələb edir. Burada bütün qurumlar elə işləməlidir ki, bir gün də yubanma olmasın. \ Cənub\ qaz dəhlizi Azərbaycanın təşəbbüsü və qonşu ölkələrin fəal iştirakı ilə reallaşan böyük transmilli layihədir. Bu layihə Azərbaycanın uzunmüddətli maraqlarını təmin edəcək. Bu günə qədər bizim təşəbbüsümüzlə icra edilən bütün layihələr uğurla nəticələnib. Əminəm ki, \ Cənub\ qaz dəhlizi də Azərbaycanın növbəti qələbəsi olacaqdır. Sağ olun.