Prezidentin sədrliyi ilə Nazirlər Kabinetinin iclası


Baxıldı : 367

Tarix : 2015-01-17 12:51:00


Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.Dövlət başçısı iclasda giriş nitqi söyləyib. Deyib ki, bu gün biz 2014-cü ilin yekunlarını müzakirə edəcəyik. Deyə bilərəm ki, keçən ilin əvvəlində qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla icra edilib. Keçən il dünyada və bölgədə müxtəlif proseslər gedib. Gərginlik, demək olar ki, böyük dərəcədə artıb. Ancaq Azərbaycan öz sürətli inkişaf tempini saxlayıb, ölkənin təhlükəsizliyi təmin edilib, iqtisadi və sosial proqramlar icra olunub. Prezident qeyd edib ki, keçən ilin əvvəlində qarşıya qoyulmuş iki əsas vəzifə tam şəkildə təmin edilib, həm ümumi daxili məhsulda, həm də qeyri-neft sektorunda artım var. İlin sonunda neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycanda iqtisadiyyat 3 faizə yaxın, qeyri-neft sektoru isə 7 faiz artıb. Bu da son illər ərzində görülən işlərin bariz nümunəsidir, aparılan siyasətimizin təzahürüdür. Qeyri-neft sektoru gələcəkdə Azərbaycanın iqtisadi inkişafını daha da böyük həcmdə təmin edəcəkdir.Prezident bildirib ki, inflyasiya çox aşağı səviyyədə olub - 1,4 faiz. Əhalinin pul gəlirləri isə 4,8 faiz artıb və inflyasiyanı üç dəfədən çox üstələyib. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub ki, onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayələr qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. Manatın məzənnəsi, əvvəlki illərdə olduğu kimi, sabitdir və eyni zamanda əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazanır. Valyuta ehtiyatlarımız artaraq 50 milyard dolları keçib. İlham Əliyev nəzərə çatdırıb ki, 2014-cü ildə əsas iqtisadi göstəricilərimiz çox müsbətdir. Azərbaycan son 11 il ərzində dünyada iqtisadi artım templərinə görə ən sürətlə inkişaf edən ölkədir. Eyni zamanda bunu mötəbər beynəlxalq iqtisadi qurumlar qeyd edirlər. Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə, 2014-cü ildə Azərbaycan iqtisadiyyatı dünyada rəqabət qabiliyyətliliyinə görə 38-ci yerə layiq görülmüşdür. Bu, tarixi nailiyyətdir.Prezident qeyd edib ki, güclü iqtisadiyyat, düşünülmüş siyasət imkan verir ki, sosial sahəyə də diqqət göstərilsin. Sosial obyektlərin inşası uğurla təmin edilib, 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilib. Azərbaycanda orta aylıq əməkhaqqı artıq 600 dollara yaxınlaşır, əməkhaqqı, pensiya artmaqdadır. 400 min insana ünvanlı sosial yardım verilir, 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım alır. Dövlət tərəfindən hər ailəyə orta hesabla 155 manat, yəni 200 dollara yaxın vəsait verilir. İnsanların rifah halı yaxşılaşdıqca ünvanlı sosial yardıma ehtiyacı olanların da sayı azalacaq. Hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, işsizlik isə 5 faizdən aşağıdır. Ölkə başçısı bildirib ki, yeni iş yerlərinin yaradılması daimi proses olmalıdır. \ Sənaye ili\ elan edilən keçən ildə Azərbaycanda 230-dan çox sənaye müəssisəsinin yaradılması nəticəsində 123 min yeni iş yeri açılib ki, onlardan təxminən 100 mini daimi iş yeridir. Bu proses də sürətlə getməlidir. Çünki yeni iş yerlərinin yaradılmasına hələ də ehtiyac var. İşsizlik hələ var, eyni zamanda sürətli iqtisadi inkişaf demoqrafik vəziyyətə müsbət təsir edib. Keçən il Azərbaycanda əhalinin sayı 116 min nəfər artıb. Prezident daha sonra deyib ki, dünyada neftin qiymətinin kəskin şəkildə, 2 dəfədən çox aşağı düşməsi gəlirlərimizə mənfi təsir edəcək. Ancaq buna baxmayaraq, iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində görülən və bundan sonra görüləcək işlər, institusional islahatlar və daha da səmərəli idarəetmə üsullarının tətbiq edilməsi nəticəsində Azərbaycan bu vəziyyətdən də şərəflə çıxacaq, manatın məzənnəsi sabit olaraq qalacaq, iqtisadi inkişaf təmin ediləcəkdir.Keçən il ikinci peykimiz orbitə buraxılıb. Biri telekommunikasiya peyki, ikincisi Yer səthini müşahidə edən peyk. Bunun çox böyük əhəmiyyəti var və Azərbaycanda kosmik sənayenin inkişafı sürətlə gedir. \ ASAN xidmət\ mərkəzlərinin açılması və fəaliyyəti korrupsiya və rüşvətxorluğa qarşı son illər ərzində aparılan institusional islahatlar içərisində xüsusi önəm daşıyır. Artıq 7 mərkəz fəaliyyət göstərir, iki il ərzində 3 milyon 500 min müraciət olub və orada göstərilən xidmətlərin sayı artır, keyfiyyəti yüksək səviyyədədir, cəmiyyət tərəfindən çox müsbət qarşılanır. Beynəlxalq əlaqələrimiz güclənir. Bizim fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Ölkə başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindən danışaraq qeyd edib ki, keçən il də bu istiqamətdə heç bir irəliləyiş olmayıb. Keçən il də Ermənistan sadəcə olaraq danışıqlar prosesində imitasiya taktikasını seçib. Hesab edirəm, bu, artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Danışıqlar prosesində heç bir irəliləyişin olmamasına baxmayaraq, keçən il Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox böyük işlər görülüb - həm siyasi sahədə, həm regional çərçivədə və həm də hərbi sahədə - döyüş meydanında. Azərbaycan isə bu məsələdə də prinsipial mövqedədir. Bizim mövqeyimizi gücləndirən ordumuzdur. 2015-ci ildə biz ordu potensialımızı daha da gücləndirəcəyik. Bu məqsədlər üçün kifayət qədər böyük vəsait ayrılıb. Təkcə onu demək kifayətdir ki, hərbi xərclərə ayrılan vəsait Ermənistanın ümumi büdcəsindən 2 dəfədən çoxdur. Ordumuzda nizam-intizam, döyüş qabiliyyəti artır, vətənpərvərlik ruhu yüksək səviyyədədir. Prezident İlham Əliyev iclasda yekun nitq söyləyib.Yekun nitqində ölkə başçısı bildirib ki, 2015-ci ildə ölkə qarşısında duran vəzifələr bəllidir. Biz çalışmalıyıq ki, iqtisadi inkişafımızı təmin edək. Ancaq heç kəsə sirr deyil ki, 2015-ci il dünya iqtisadiyyatı üçün çox ağır il olacaqdır. 2014-cü ilin sonlarında müşahidə olunan proseslər, təbii ki, 2015-ci ildə də davam edəcək. Dünyada mövcud olan qeyri-sabit iqtisadi vəziyyət hələ bir müddət davam edəcəkdir. Neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi, əlbəttə ki, təbii resurslarla zəngin ölkələr üçün bir sınaq olacaqdır.Ancaq əvvəlki illərdə apardığımız siyasət, şaxələndirmə, düşünülmüş iqtisadi islahatlar, ictimai-siyasi sabitlik, xalqla iqtidar arasındakı birlik və eyni zamanda böhranlı vəziyyətlərə hazır olmağımız, əminəm ki, 2015-ci ili də uğurla başa vurmaq üçün bizə imkan yaradacaqdır.Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı istiqamətində önəmli addımlar atmasaydıq, neftin qiymətinin bugünkü konyunkturası bizə çox mənfi təsir göstərə bilərdi. Ancaq bu gün qeyri-neft sektorumuz iqtisadiyyatda hərəkətverici amildir və 7 faiz səviyyəsində artan qeyri-neft sektorumuz görülən işlərin nəticəsidir. Bu eyni zamanda həm investorlara, həm yerli şirkətlərə əlavə nikbinlik verir.Biz qeyri-neft sektorunun inkişafı üçün infrastruktur layihələrini icra edirik. Əgər bu layihələr icra edilməsəydi, regionlarda biznes imkanlarından söhbət gedə bilməzdi.Bu il qeyri-neft sektorunun inkişafı ilə bağlı bank sektorunun rolu xüsusi əhəmiyyətə malikdir. Son vaxtlar bizim banklarımız real iqtisadiyyata daha da böyük həcmdə kreditlər ayırır. Bununla bərabər, təbii ki, bu il bizim gəlirlərimiz azalacaq. Ona görə dövlət strukturları da özlərini məsuliyyətli aparmalıdırlar. İsrafçılığa yol verilməməlidir. Bizim dövlət nümayəndələrimiz vəsaitin qədrini bilməlidirlər. Əminəm ki, onlar da bu vəziyyəti düzgün dərk edirlər və nəticə çıxaracaqlar.2015-ci ildə ölkə iqtisadiyyatı, sosial sahə üçün lazım olan bütün digər layihələr, təbii ki, tam şəkildə icra ediləcək. Qazlaşdırma, elektrik xətlərinin təmiri, çəkilişi prosesi gedir. Bu infrastruktur layihələri və meliorasiya ilə bağlı olan tədbirlər ölkəmiz üçün çox önəmlidir. Biz bu il böyük metallurgiya kompleksinin tikintisini gözləyirik. Artıq bir müddətdir ki, bu kompleksin yaradılması ilə bağlı işlər aparılır. Xarici məsləhətçilər cəlb edilib. Demək olar ki, texniki-iqtisadi əsaslandırma artıq hazırdır. Bizim təbii resurslarımız, filiz yataqlarımız var. Əlbəttə, biz çalışmalıyıq ki, öz təbii imkanlarımızdan, resurslarımızdan maksimum dərəcədə istifadə edək və özümüz hazır məhsul istehsal edək. Ekologiya ilə bağlı məsələlər prioritet olaraq qalır. Keçən il nəqliyyatla bağlı işlər uğurla icra edilmişdir. Ələtdə yeni dəniz ticarət limanının tikintisi bu il də davam etdiriləcəkdir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi artıq başa çatır. İndi artıq sınaqlar keçirilir. Dövlət başçısı bir neçə aydan sonra Bakıda keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını, Təşkilat Komitəsinin fəal işlədiyini də diqqətə çatdırıb. Bütün dövlət qurumları bu işdə fəal iştirak edirlər. İndi hazırlıq son mərhələdədir. Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaq. Azərbaycan isə öz inkişaf modelini ortaya qoyur. Bu, hər kəs üçün açıq olan modeldir. Ona görə Avropa Oyunlarının keçirilməsi, sadəcə olaraq, bir idman tədbiri deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər.Ölkəmizdə mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki, əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s.Hər halda biz Azərbaycanda öz işimizi görürük, görəcəyik və əminəm ki, 2015-ci ili də uğurla başa vuracağıq. Sağ olun.