Problem həll olunur


Baxıldı : 158

Tarix : 2017-03-31 22:59:28


Bakının gözəlliyi tək bizi deyil, ölkəmizə gələn xarici qonaqları da vəcdə gətirir. Gecə sayrışan işıqlara baxdıqca adam sanki özünü başqa bir aləmdə hiss edir. Gözoxşayan yollarımız, muzeyə bənzər yeraltı keçidlərimizdən danışmaqla insan doymaz. Lakin bütün bu gözəlliklərə azacıq da olsa xələl gətirən müəyyən məqamlar da var.

Akademiya şəhərciyi ilə Hüseyn Cavid bağını birləşdirən piyada yerüstü keçidini ( ona zebra da deyilir) nəzərdə tuturuq. Səhər vaxtı buradan yüzlərlə insan keçərək iş yerinə gedir. Axşamlar isə nəinki yüzlərlə, hətta minlərlə insan burada gəzintiyə çıxır. Böyükdən tutmuş uşağa qədər bu keçiddən istifadə edir. Hər səhər və axşam avtomobillərin tıxacından insan cana doyur. Bu piyada keçidinin ən böyük qorxusu baş verə biləcək qəzalardır. Hər bir nəfəri keçid zamanı təhlükə gözləyir. Baş verə biləcək təhlükənin qarşısını almaq üçün burada yeraltı keçidin tikilməsi vacib idi. Çünki artıq avtomobillərin toqquşması və adam vurulması ilə nəticələnən qəzalar baş vermişdi.

 "Azəravtoyol" MMC-nin rəhbərliyi ərazidə ciddi narahatçılığı görərək yeraltı keçidin tikintisinə qərar verdi. Artıq deyəsən müəyyən işlər görülüb və işin nə vaxt başa çatacağı ilə bağlı MMC-nin mətbuat xidmətinə müraciət etdik. Xidmətin əməkdaşı bildirdi ki, burada yeraltı keçidin tikilməsi nəzərdə tutulmuşdu. Müəyyən səbəblərdən bir az gecikdi. İşlər çox sürətlə gedir və beton, torpaq işləri artıq başa çatıb. Mərmər və kommunikasiya işləri görülür. Yəqin ki, yaxın aylarda keçidi insanların istifadəsinə vermək mümkün olacaq.

Biz də ümid edirik ki, "Azəravtoyol"un xeyirxah işi buradan istifadə edən insanların təhlükəsizliyini tam təmin edəcək.

                                                                         

  Əhəd İBADOV