Problem qismən həll edilə bilər


Baxıldı : 123

Tarix : 2017-04-14 22:55:51


"Bakıda yeni tikilən, xüsusilə sökülən o binaların yerində tikilən binaların birinci mərtəbəsində uşaq bağçası olacaq".

Bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında yekun nitqində deyib.

Statistik məlumata görə, hazırda ölkədə uşaq bağçası ilə bağlı 16 faiz əhatəlilik var. 1991-ci ildə Azərbaycanda 2185 uşaq bağçası olubsa, 2012-ci ildə isə bu rəqəm 1600 idi. Ancaq Təhsilə dair Dövlət Strategiyasında məktəbəqədər təhsilin əhatəliliyinin 90 faizə qədər çatdırılması məqsəd kimi qoyulub.

Mütəxəssislərin fikrincə, binaların birinci mərtəbələrində uşaq bağçalarının inşa edilməsi bağça problemini qismən həll edə biləcək. Ən azından yol və vaxt xərci baxımından valideynlərə köməklik olacaq.

Azərbaycan Təhsil Şurasının (ATŞ) sədri, professor Əjdər Ağayev qəzetimizə verdiyi müsahibəsində bildirdi ki, məktəbəqədər təhsil müəssisələrinin paytaxtda təmini aktual məsələlərdən biridir. Çoxmərtəbəli binaları inşa edən iş adamları həmin ərazidə nə məktəb, nə də ki, bağça tikməyə maraq göstərmirlər. Lakin şəhərsalma qaydalarına görə, kompleks binalar tikilən ərazidə əhalinin məskunlaşdığı yaşayış binalarının arasında uşaqlar üçün ayrıca təhsil müəssisələri inşa olunmalıdır. Binanın birinci mərtəbəsində tikilən uşaq bağçası tələblərə cavab verməlidir. Bağçalarda uşaqların təbiətə çıxması, ətraf aləmlə tanış olması, vaxtlarını əyləncəli keçirmək üçün binanın qarşısında həyət yeri də ayrılmalıdır. Həmçinin bağçaya uşaqların daxil olması üçün ayrıca qapı olmalıdır. Həm bina sakinləri, həm də uşaqların bağçaya girib-çıxması üçün eyni qapıdan istifadəsi düzgün deyil. Sahibkarlar bi-nanı inşa edərkən xüsusilə bu məsələni nəzərə almalıdırlar.

 Ekspert dedi: "Bu, regionlar üçün aktual deyil, çünki rayonlarda uşaq az olsa belə, kifayət qədər uşaq bağçaları fəaliyyət göstərir. Amma Bakıda vəziyyət bir qədər başqadır, dövlət bağçaları az olduğundan uşaq sıxlığı yaranır".

Yeni bağçaların tikilməsini müsbət dəyərləndirən Ə. Ağayev vurğuladı ki, bu,  uşaqların məktəbə hazırlığını təkmilləşdirib gücləndirəcək. Körpələr kollektivə öyrəşəcək, bu da onların təlim-tərbiyəsində öz töhfəsini verəcək.

Bu qərarın sosialyönümlü addım olduğunu bildirən iqtisadçı-ekspert Samir Əliyev söylədi ki, gənc nəslin yetişdirilməsində qarşıda duran əsas problemlərdən biri uşaq bağçalarının sayının həddindən artıq az olmasıdır.

 Bağçalara diqqətin artırılmasının vacibliyini vurğulayan ekspert dedi ki, bir tərəfdən əhalinin sayı artır, o cümlədən bağçalara da tələb yüksəlir. Hər binanın altında bağçanın tikilməsi  həmin bina sakinlərinin rahatlığı naminədir. Həmin binada yaşayan azyaşlı uşaqların məktəbəqədər təhsil alması valideynlərin narahatlıqlarını və problemlərinin böyük bir hissəsini aradan qaldıracaq. İkincisi, ölkəmizdə təhsil məcbur edir ki, uşaq orta məktəbə daxil olmamışdan öncə bağça təhsilini alsın. Eyni zamanda bağça mühitində böyüyən uşaq ictimaiyyətə açıqdır və intellektual baxımdan daha yaxşı inkişafa malikdir.

Günel QULİYEVA