Problemin həlli tapılacaqmı?!


Baxıldı : 74

Tarix : 2017-09-23 00:56:47


Paytaxt əhalisinin böyük əksəriyyəti ictimai nəqliyyatdan istifadə edir. Burada xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində son dövrlər nə qədər tədbirlər görülsə də, bu sahədə problemlər hələ də qalmaqdadır. Bəzi avtobus sürücülərinin sərnişinlərlə kobud rəftarı, avtobusların qrafikə uyğun olmayaraq həddən artıq gecikməsi, dayanacaqda gözləmə vaxtının artması və s. kimi neqativ hallar günün pik saatlarında daha da çoxalır.

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr  və Maarifləndirmə Şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, agentlik sürücülərin qayda-qanunlara əməl etməsini təmin etmək üçün artıq konkret addımlar atmağa başlayıb: "İctimai nəqliyyatda çalışan bütün sürücülər məcburi şəkildə yeni yaradılan və İslam Oyunlarının nəqliyyat əməliyyatlarının aparıldığı sürücü təlim mərkəzində dərslərə cəlb edilir. Bu gün ictimai nəqliyyatın əsas problemlərindən birinin peşəkar sürücü çatışmazlığı olduğundan təlimdə sürücülərə peşələri ilə bağlı zəruri olan yeniliklər, nəzəri, təcrübi biliklər öyrədilir, eyni zamanda sürücü sərnişin münasibətləri ilə bağlı təlimatlar aparılır. Təlimin sonunda qiymətləndirilmə aparılacaq. Qiymətləndirilmədən keçməyən, yəni sertifikat almayan sürücülər işə götürülməyəcəklər".

M.Ağayev dedi ki, avtobus sürücülərindən sonra taksi sürücüləri də bu təlimdə iştirak edəcək. Çünki bu gün əksər insanlar taksi fəaliyyəti ilə məşğul olmağa asan qazanc yolu kimi baxırlar və heç bir məsuliyyət daşımırlar: "Təlimin əsas məqsədi taksi xidməti sahəsində keyfiyyəti artırmaqdır. Sifarişli taksi xidməti göstərən şirkətlər sayəsində gedişhaqları normaldır. Hər birimiz onların xidmətindən istifadə edə bilirik. Lakin əksər hallarda olur ki, həmin sürücülər naviqasiya ilə işləyə bilmirlər, gedəcəyin obyektin yerini müəyyənləşdirməkdə çətinlik çəkirlər.

Sektor müdirinin sözlərinə görə, sürücülərlə bərabər sərnişinlər də maarifləndirilməlidir: "Məsələn, əgər sərnişin avtobuslarında və ya taksilərdə normal sərinləndirmə və havalandırma sistemləri mövcuddursa, sürücünün borcudur ki, onu işlək vəziyyətdə saxlasın. Əgər sürücülər sərnişinlərin tələblərinə məhəl qoymursa, o zaman sərnişin agentliyin 141 cağri mərkəzinə şikayətini bildirməlidir ki, sürücü haqqında müəyyən tədbirlər görülsün".

Bəs hələ qış ayları gəlməmış şəhərdə yaranan tıxac probleminin həlli istiqamətində hansı tədbirlər görülür?

BNA- nın rəsmisi qeyd etdi ki, bildiyimiz kimi, əhalinin şəhərdə daha çox məskunlaşması, yerüstü nəqliyyat vasitələrinin çoxluğu və s. bu kimi  hallar paytaxtda tıxacın yaranmasına səbəb olur. Yeni dərs ilinin başlanğıcında bütün daşıyıcılara tapşırıq verildi ki, günün pik saatlarında intervallara xüsusi nəzarət yetirilsin, eyni zamanda zərurət varsa, əlavə nəqliyyat vasitələri artırılsın. Lakin nə qədər nəqliyyat vasitəsi artırılsa da, yollarda səhər-axşam saatlarında tıxac olduğundan  gecikmə probleminin qarşısı alınmadı. Əlavə olunan nəqliyyat vasitələri də tıxacın daha da artmasına səbəb oldu.

Əsli ƏHMƏDOVA