Problemlərdən çıxış yolları araşdırıldı


Baxıldı : 44

Tarix : 2018-12-01 05:58:42


Ötən həftə keçirilən Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı (BİHİ) Respublika Komitəsinin III Məclisi “Yerli özünüidarəetmə orqanlarında mövcud maliyyə problemləri və bu problemlərin həllində həmkarlar ittifaqının rolu”na həsr olunmuşdu.

Komitə sədri Məhərrəm Xəlilov Məclisi açıq elan edərək bildirdi ki, BİHİ müasir  şəraitdə hər bir işçi üçün layiqli iş yeri və təhlükəsiz istehsalat mühitinə çalışır.

Fəaliyyətimizin mühüm istiqamətlərindən biri üzvlərimizin təklif, ərizə və şikayətlərinə baxılması, onların qəbulu, qaldırılan problemlərin qanun çərçivəsində müvafiq həlli yollarının müəyyənləşdirilməsidir.

Hesabat dövrü ərzində Respublika Komitəsinə daxil olmuş müraciətlərin böyük əksəriyyəti müsbət həll olunmuşdur. Bir nəfərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsinə  razılıq verilməmişdir.

İşçilərin əmək şəraitinin yaxşılaşdırılması ilə bağlı müəyyən işlər görülməsinə baxmayaraq, lazımi vəsaitlər olmadığına görə, yerli özünüidarəetmə orqanlarında bağlanan kollektiv müqavilələrdə əks olunan öhdəliklərin, iş planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində çətinliklər yaranır. Görülən işlərin səmərəliliyinin artırılması və xərclərin optimallaşdırılması üçün təklif olunur ki, üzvlük haqqı mərkəzləşdirilmiş şəkildə Respublika Komitəsinin hesabına köçürülsün. 

Həmkarlar ittifaqı təşkilatları məsələnin ciddiliyini nəzərə alaraq  mütəmadi olaraq borclu bələdiyyə nümayəndələri ilə görüşlər keçirməli, seminarların, dəyirmi masaların  təşkili  və xüsusilə media vasitəsilə borclu bələdiyyələr haqqında məlumatlar ictimailəşdirilməlidir.

Bu gün bələdiyyələrdə yaranmış ağır maliyyə vəziyyəti onları tamamilə zəiflədib, ağır duruma salıb. Belə hal bələdiyyə qulluqcularının  sosial vəziyyətinə təsirsiz ötüşmür. Bələdiyyə qulluqçularının aylıq əməkhaqqı ölkə üzrə olan orta əməkhaqqından iki dəfə aşağıdır.

Belə davam edərsə, hazırda güclə də olsa ayaq üstə durmağı bacaran, fəaliyyətini davam etdirməkdə israrlı olan bələdiyyələr qısa müddət sonra borc girdabına düşəcək.

Biləsuvar, Xəzər rayon komitələrinin sədrləri Əhmədxan Qardaşxanov, Sevinc Mansurova, Məclis üzvü Jalə Sadıqova, Biləcəri ilk həmkarlar ittifaqı təşkilatının sədri Səfər Kərimov müzakirə olunan məsələlərə öz münasibətlərini bildirdilər.

Təşkilati məsələyə baxıldı. İcraiyyə Komitəsinə yeni üzvlər seçildi.

Əhəd İBADOV