Problemlərin həlli üçün dialoq çağırışı


Baxıldı : 156

Tarix : 2018-05-05 04:00:42


Dünyanın hər yerində “Glencore” şirkətində çalışan işçiləri təmsil edən həmkarlar təşkilatı nümayəndələri İsveçrənin Zuq şəhərində toplantı keçirərək şirkətin fəaliyyətindəki problemləri dilə gətiriblər. Toplantıya Avstraliya, Kanada, Kolumbiya, Demokratik Konqo Respublikası, İtaliya, Cənubi Afrika, İspaniya, İsveçrə və Zambiyadan təmsilçilər qatılıb.

Tədbirdə iştirak edən İndustriALL Qlobal İttifaqının baş katibinin köməkçisi Kamal Özkan çıxış edib. O bildirib  ki, “Glencore” şirkətinə məxsus müəssisələrdə sendikal hüquqlar tapdalanır: “Tibbi və sığorta ilə bağlı problemlərin həlli yönündə birdəfəlik addımlar atılmır. Çalışmaq üçün təhlükəsizlik tədbirləri standartların çox aşağısındadır. Biz bu gün şirkətin gerçək üzünü ictimaiyyətə göstərmək üçün buradayıq”.

Həmkarlar ittifaqı liderləri şirkətin illik hesabatında yer almayan məlumatların olduğunu bildiriblər. Qurumun əmək şəraiti, ekoloji tarazlığın qorunması və idarəetmə ilə bağlı müxtəlif ölkələrdə problemlər yaşadığı qeyd olunub. Zambiyada şirkətə məxsus 4300 işçinin ixtisarından sonra istehsal hədəfinə çatmaq üçün çalışanların günlük normadan çox işə cəlb olunduğu sənədlərlə göstərilib.

Kamal Özkan “Glencore” şirkətini qeydə alınan problemlərin həlli üçün dialoqa dəvət edib.

Cavid SƏFƏROV