Pul mükafatları və qiymətli hədiyyələr təqdim edildi


Baxıldı : 149

Tarix : 2018-03-09 23:09:59


“Bu gün 8 Mart Beynəlxalq Qadınlar Gününü qeyd etməyə nəinki regionda, Şərqdə, bəlkə də dünyada ən çox haqqı olan Azərbaycan dövlətidir. Özünü demokratiyanın beşiyi, təəssübkeşi adlandıran Avropa dövlətləri zərif cinsin nümayəndələrinin cəmiyyətin idarə edilməsi işində iştirakına etibar etmədiyi vaxtlarda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara siyasi seçkilərdə səsvermə hüququ vermişdi”.

Bu sözləri Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhəmmədəli Salmanov 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirdə dedi. M.Salmanov sonra bildirdi, elə yaxın keçmişimizə nəzər salsaq görərik ki, Azərbaycan qadınları dövlət, hökumət, qanunvericilik orqanlarında, eləcə də ictimai təşkilatlarda yüksək, məsuliyyətli vəzifələr daşımışlar. Ana və bacılarımızın ən parlaq xüsusiyyətlərinin daşıyıcısı olan Mehriban xanım Əliyeva öz mərhəməti və təşkilatçılıq bacarığı ilə bütün dünyada tanınır və hörmətlə qəbul olunur. Tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza göstərdiyi diqqət onu xalqımızın sevimlisinə çevirmişdir.

M.Salmanov Azərbaycan həmkarlar ittifaqlarının da işçi xanımlarının və onların ailə üzvlərinin hüquqlarının qorunması sahəsində həyata keçirdiyi tədbirlərə diqqət çəkdi.

Dedi ki, təkcə bizim sahədə çalışan işçilərin sıralarında zərif cinsin nümayəndələri 35 faizə qədərdir.

Onların hüquqlarının keşiyində Respublika Komitəsinin və üzv təşkilatların nəzdində yaradılmış 61 gender bərabərliyi və qadın problemləri komissiyasının 185 üzvü durur.

2660 qadın əmək kollektivlərinin iradəsi ilə ittifaqımızın icraedici orqanlarına seçilib. Komitə sədrləri arasında da qadınlar var.

Məhəmmədəli müəllim çıxışının sonunda bir daha tədbir iştirakçılarını 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik etdi, işlərində onlara növbəti uğurlar arzuladı.

Sonra tədbir iştirakçılarına Respublika Komitəsinin pul mükafatlarını və qiymətli hədiyyələr təqdim etdi.

Görüşə dəvət olunmuş sahə Hİ nümayəndələri adından AHİK-in V qurultayının nümayəndəsi, “Bakı Tikiş Evi” ASC-nin HİK sədri Sevinc Haqverdiyeva danışdı. Diqqətə və qayğıya görə təşəkkürünü bildirdi. Dedi ki, belə münasibət təşkilat liderlərini və fəallarını daha yaxşı işləməyə stimullaşdırır, məsuliyyətimizi birəbeş artırır.

Məclis şirniyyat süfrəsi ilə davam etdi.

Bəyalı RZAYEV