Qürur ünvanı


Baxıldı : 142

Tarix : 2015-01-24 04:59:00


Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbir keçirilmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi strukturuna daxil olan müxtəlif təşkilatlardan 30 nəfər nümayəndə iştirak etdi. Tədbir şəhidlərin əziz xatirəsinin anılması ilə bir dəqiqəlik sükutla başladı.Respublika Komitəsinin sədri Telman Quliyev baş verən hadisələr barədə ətraflı çıxış edərək qeyd etdi ki, Azərbaycan xalqının qürur ünvanına çevrilmiş hadisələrdən 25 il ötür. 1990-cı ilin 20 yanvarı çağdaş tariximizə azadlıq və şərəf mübarizəsi kimi daxil olub. Xalqımızın mərd oğul və qızları əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. 1990-cı il yanvarın 21-də ailəsi ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirən ümummilli liderimiz Heydər Əliyev hadisəyə operativ və düzgün qiymət verən ilk vətənpərvər siyasi xadim oldu. Bütün təzyiqlərə və təhdidlərə baxmayaraq, mənsub olduğu xalqın faciəsinə məsuliyyət daşıyanları Kremlin bir addımlığında, həm də bütün dünyanın gözü qarşısında ittiham edən Heydər Əliyevin bəyanatı xalqa ruh verdi.Digər tədbir iştirakçıları da çıxış edərək xalqımıza qarşı törədilmiş bu qanlı faciənin səbəbkarlarının beynəlxalq səviyyədə qanun qarşısında cavab vermələrinin vacibliyini vurğuladılar. Ə.İBADOV