Qız uşaqlarının sayının azalması...


Baxıldı : 384

Tarix : 2015-03-06 02:00:00


Son illərdə Azərbaycanda oğlan uşaqlarının sayının sürətlə artması ölkənin demoqrafik tərkibi barədə ciddi düşünməyə əsas verir. Rəsmi statistika doğulan oğlan uşaqlarının sayının qızlardan xeyli üstün olduğunu təsdiqləyir. Əslində bu məsələ yeni olmasa da etiraf edilməlidir ki, son illər ciddi sosial problemə çevrilməkdədir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2014-cü ildə ölkədə 170,5 min uşaq dünyaya gəlib. Doğulanların 53,6 faizi oğlanlar, 46,4 faizi isə qız uşaqlarıdır. Ekspertlər qız uşaqlarının sayının azalmasını əsasən uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər. Qız uşaqlarının arzuolunmaz hesab edilməsi əsas amillərdən sayılır. Yeni doğulan uşaqlar arasında oğlanlar əksəriyyət təşkil etdiyi kimi, əkiz uşaqlar arasında da bu tendensiya müşahidə olunur.Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, hər il abortların sayı artır. Ailənin strukturu dəyişir. Yeni qəbul olunmuş qərara əsasən, bu ilin sonundan yeni statistika əldə ediləcək. Yəni uşaq ana bətnində formalaşmış insan kimi qəbul ediləcək və 6 ay sonra 500 qramdan çox hesab edilən körpənin abort olunması qadağan olunacaq. Yeni bənd Birləşmiş Millətlər Təşkilatının meyarlarına uyğundur, ölkəmiz də həmin meyarlara qoşulub.Onun sözlərinə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə var. Hər 116 oğlana 100 qız uşağı düşür. Dövlət Komitəsi tərəfindən qız uşaqlarının doğulması üçün stimullaşdırıcı tədbirlər aparılır. Bu baxımdan selektiv abortların aradan qaldırılması üçün qanunvericilik tədbirləri görülməlidir. Selektiv abortlara həkim tərəfindən məsləhət görülməyən xəstə uşaqlar aid olsa da, burada ən çox istənilməyən uşaqlar çoxluq təşkil edir. Bunun üçün isə ailələrdə formalaşmış stereotiplərlə mübarizə aparmaq lazımdır.Komitə rəsmisi qeydiyyata alınmayan abortların, qeyri-rəsmi şəkildə dayandırılan doğuşların da statistikanı böyütdüyünü də bildirib. Erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar da ailədə ciddi fikir ayrılığına səbəb olur. Müstəqil qərar vermək iqtidarında olmayan gənclər valideynlərinin təsiri altına düşür və nəticədə xoşagəlməz hadisələr baş verir. Belə hallarla mübarizə aparmaq üçün təhsil proqramları, maarifləndirmə gücləndirilməlidir. Dövlət Komitəsi tərəfindən valideynlər arasında qız uşaqlarına qarşı olan bir sıra mənfi halların qarşısının alınması üçün müəyyən işlər həyata keçirilir.\ Reproduktiv sağlamlıq haqqında\ qanun layihəsi qəbul edilməli və həmin qanun çərçivəsində qadınlar və qızların reproduktiv hüquqları müdafiə olunmalıdır. Düşünmək olar ki, bu qanunun qəbulundan sonra dölün cinsinə görə abort etdirilməsi hallarının qarşısı sərt şəkildə alınacaq. AZƏR