Qabiliyyət imtahanı nə dərəcədə vacibdir?


Baxıldı : 180

Tarix : 2017-04-21 23:40:09


Jurnalistika fakültəsinə qəbul olmaq üçün imtahan verən abituriyentlərin öncə qabiliyyət imtahanından keçməsi məsələsi zaman-zaman gündəmə gəlir. Ayrı-ayrı media ekspertləri jurnalistika fakültəsi üçün qabiliyyət imtahanının vacibliyini qeyd edirlər.

Bu mərhələnin gələcəkdə həmin sahəyə daha çox həvəsli və bacarıqlı gənclərin üz tutmasına yol açacağnı bildirirlər. Ancaq bu imtahan zamanı jurnalist olmaq istəyənlər arasında nəticələr çox da ürəkaçan olmur. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekan əvəzi, professor Cahangir Məmmədli müsahibəsində qabiliyyət imtahanının tətbiq edilməsinin effektiv olmadığına diqqət çəkib: "Mən əvvəllər müsabiqəni bəyənirdim və təbliğ edirdim. İndi mənə çatır ki, müsabiqə yolu ilə tələbə olanların balları aşağıdır. Bəzən də onların səviyyəsi elə də yüksək olmur. Bu mənada narahatlıq var. Biz indi yenidən qayıdıb deyə bilmirik ki, əvvəlki qaydanı tətbiq edək".

Artıq ali məktəblərə qəbul olunmaq üçün keçiriləcək imtahanların vaxtına az qalıb. Bəs jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanın olması nə dərəcədə vacibdir?

Mövzu ilə əlaqədar təhsil üzrə ekspert Əjdər Ağayevin fikirlərini öyrəndik. O, jurnalist olmaq istəyənlərin qabiliyyət imtahanından keçməsinin vacib olduğunu dedi. Bildirdi ki, tək jurnalistika fakültəsi üçün yox, bütün ixtisaslar üzrə qabiliyyət imtahanı keçirilməlidir: "Çünki hər bir şəxs təhsil alacağı ixtisas üzrə dövləti, xalqı üçün gələcəyin kadrıdır. Jurnalist olmaq istəyən şəxsin geniş fantaziyası, hər hansı bir mövzunu əhatəli, məzmunlu şərh etmək bacarığı olmalıdır. Əslində bu məsələ yeni deyil, hətta Sovet dönəmində də bunlar nəzərə alınırdı.  İmtahan zamanı qəzetdə məqaləsi çıxan, hətta proses təcrübəsi olan adamlara birinci yer verirdilər".

Ekspert imtahanı götürən şəxslərin də jurnalistikadan məlumatlı olmasının vacib olduğunu vurğuladı: "Nöqsanlardan ən başlıcası imtahan götürən adamların pedaqoji peşəkarlığının olmamasıdır. İmtahan götürən insanlar jurnalistikaya həvəslə gələn abituriyentlərdən çox yüksək, az qala özlərinin səviyyəsində peşəkarlıq tələb edirlər.  Digər bir tərəfdən də nəzərə almaq lazımdır ki, qabiliyyət imtahanında nəzəriyyə soruşulmur, nəzəriyyə bilikdir, qabiliyyət deyil. Yaradıcılıq qabiliyyəti müəyyən yollarla, xüsusən həmin imtahan verənin yazı işləri ilə meydana çıxarılmalıdır".

Aliyə SƏMƏDOVA