Qadın: ailə və karyera


Baxıldı : 248

Tarix : 2016-01-16 03:41:00


Karyera, yoxsa ailə həyatı-bu mövzu həmişə aktual olub və olaraq da qalır. Karyera insan həyatında çox böyük önəm kəsb etdiyi üçün bugünkü gənclər buna daha çox önəm verir. Amma görürsən ki, karyeraya meyilli olan gənclər daha çox cəmiyyət qarşısında bəzi problemlərlə üzləşir, qınaq mənbəyinə çevrilir. Belə problemlərlə xüsusən qadınlar üzləşir və kişilər üçün isə əksinə, bu heç bir problem yaratmır. Onlar asanlıqla həm karyera, həm də ailə qura, paralel şəkildə hər ikisinə güc sərf edə bilirlər. Kişilərin bir çoxu yalnız onların karyeraya sahibi ola biləcəkləri fikrindədirlər. Düşünürlər ki, xanım öz qayğısını, nəvazişini, sevgisini yalnız öz ailəsinə həsr etməlidir. Buna görə də çox zaman xanımını başa düşmür, düzgün anlamır və xanımların karyerasına son verilir. Belə düşünən kişilər nə dərəcədə haqlıdırlar? Başqa sözlə, mükəmməl karyeraya sahib olan qadın mükəmməl ailəyə sahib ola bilərmi?Bu mövzu ilə bağlı sosioloqlarla əlaqə saxladıq.Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və Sosial Psixologiya Şöbəsinin müdiri, professor Rəfiqə Əzimova bildirdi ki, karyera və ailənin eyni zamanda davam etdirilməsi üçün ilk növbədə zaman düzgün planlaşdırılmalı və idarə olunmalıdır: \ Bütün işləyən qadınların bir ortaq problemi var: evləri ilə iş yerləri arasında seçim etmək. İlk olaraq vəziyyəti idarə edə biləcəklərini düşünən qadınlar daha sonra bu gərginlikdən yorulur, eyni zamanda ailədən kənarda qaldıqları üçün özlərini günahkar hiss edirlər.Ailə özü bir institutdur, karyera da onun davamıdır. Ailə və karyera bir neçə məsələdən asılıdır. Əsas məsələ ondan ibarətdir ki, əgər bir ailədə 2 və ya 3 uşaq varsa və maddi durumla bağlı ananın əlavə kömək almaq imkanı yoxdursa, o zaman o, ilk növbədə uşaqların tərbiyəsinə, təhsilinə, fiziki və mənəvi sağlamlığına önəm verməlidir.Ancaq onu da qeyd etmək lazımdır ki, əvvəllər xanımların işi daha çətin olduğundan onlar həm ailəyə, həm də karyeraya vaxt ayıra bilmirdilər. Müasir zamanda isə, xüsusi olaraq texnoloji inkişaf qadının ev işləri ilə məşğul olmasını daha da yüngülləşdirib. Artıq bir çox iş məhz texnologiyanın köməyi ilə yerinə yetirilir. Xüsusilə də ailədaxili işlərdə düzgün zaman bölgüsü aparılmalıdır ki, problemlər üst-üstə yığılmasın və bütün işlər zamanında öz həllini tapsın. Belə olduğu təqdirdə qadınlar ailə ilə karyeranı paralel inkişaf etdirə bilərlər\ . Sosioloq, iqtisad elmləri doktoru Əhməd Qəşəmoğlu isə bildirdi ki, ilk növbədə ailənin kriteriyalarını, meyarlarını müəyyənləşdirmək lazımdır: \ Əgər ənənəvi ailədən söhbət gedirsə, onda ailə ilə karyeranı bir yerdə idarə etmək çətin olacaq. Ailə elə bir yerdir ki, orda uşaqlar gələcək üçün cəmiyyətə bir fərd kimi hazırlanır və nəzərə alsaq ki, bu işin də əsas məsuliyyəti elə anaların üzərinə düşür. O zaman qadının ailə ilə karyeranı bir yerdə uzlaşdırması çətin olacaq. Ancaq mövzuya başqa bir tərəfdən yanaşsaq görərik ki, əvvəllər qadınlar daha çox ailənin iqtisadi vəziyyətini təmin etmək üçün çalışırdılarsa, müasir dövrümüzdə başqa tələbatlar da qadınları çalışmağa sövq edir. Daha müstəqil yaşamaq istəyi, potensialını realizə etmək, nüfuz sahibi olmaq və sairə\ .Müasir dövrdə qadınlara karyera qurmaqda problem yaradan səbəblərdən danışarkən Rəfiqə xanım qeyd etdi ki, bu, ilk növbədə işəgötürəndən asılıdır: \ Bəzən elə hallar olur ki, işəgötürən eyni potensiala, eyni savada malik olan namizədlər arasında seçim edərkən kişilərə üstünlük verir. Onlar elə düşünürlər ki, kişilərlə işləmək daha rahatdır. Çünki kişilərlə işləyərkən iş vaxtı, işin ağırlıq dərəcəsi problem olmur\ .Hər iki ekspertin qənaəti belədir: qadınlar problemlərlə rastlaşmaq istəmirlərsə, ailə həyatına uyğun iş seçməlidirlər ki, ailə və iş həyatı bir-birinə mane olmasın. Aliyə SƏMƏDOVA