Qadağa vergiyə cəlb olunmanı artıracaq


Baxıldı : 506

Tarix : 2015-11-06 04:28:00


Alkoqollu içkilərin və siqaretlərin satışı zamanı vergidən yayınma hallarının olması uzun müddətdir gündəmdə idi. Bu sahədə əsas problemlər isə topdansatış məntəqələri ilə bağlı idi. Topdansatış məntəqələrində alınan spirtli içki və siqaretə görə qaimə-faktura ala bilmirdilər. Bu isə həm topdansatış məntəqələrinin, həm də pərakəndə satış məntəqələrinin vergidən yayınmasına şərait yaradırdı. Artıq qanunvericiliyə edilən yeni təkliflər bu halların qarşısını alacaq. Spirtli içki və siqaretin alışı zamanı ödənişin plastik kartla edilməsi təklifi müsbət qaşılanır. Belə ki, İnzibati Xətalar və Cinayət məcəllələrinə təklif edilən dəyişikliklərə görə, siqaret və alkoqollu içkilərin satışına görə cərimə, hətta cinayət məsuliyyəti nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 229-cu maddəsinə təklif edilən dəyişikliklərə görə, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların nağd yolla az miqdarda (50 manat məbləğində) satılması, belə məhsulların satış məqsədləri üçün nağd qaydada az miqdarda alınmasına görə 100 manat cərimə nəzərdə tutulub. Yəni ümumi məbləği 50 manata çatan alkoqollu içkilərin həm içmək, həm də alıb satmaq məqsədilə satılması üçün 100 manat cərimə nəzərdə tutulub. Siqaretlərin isə pərakəndə satışı nağd yolla o zaman mümkündür ki, onu yalnız çəkmək üçün alasan. Amma əgər siqaret sonradan satılmaq məqsədilə satılırsa, onun pulu yalnız kartla və ya bank köçürməsi ilə edilməlidir. Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə görə isə, nağd yolla alınıb satılan aksiz markalı mallar xeyli miqdardadırsa, yəni onların məbləği 50-500 manat arasındadırsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Əgər belə hal 500 manatdan artıq məbləğdə alkoqollu içki və ya siqaret alınıb-satılması ilə əlaqədar baş verirsə, iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Vətəndaşlar hətta restoranlarda da spirtli içki və siqaretin pulunu kartla ödəməli olacaq. Əksər ekspertlər o qənaətdədir ki, nağd ödənişlər olduğu halda, vergiyə cəlb edilmədə müəyyən çətinliklər yaranır. Vergidən yayınmanın qarşısını almaq və bütövlükdə dövriyyənin vergiyə cəlb edilməsi baxımından plastik kartla ödəniş müsbət addımdır. Çünki respublikamızda spirtli içkidən istifadə edənlərin sayı kifayət qədər çoxdur və 50 manatdan artıq olan satışın plastik kartlarla həyata keçirilməsi nağdsız hesablaşmaların dövriyyəsinin miqyasını genişləndirəcək. Amma bəzi biznes subyektlərində post-terminallar olmadığından biznes üçün çətinlik yarana bilər. Çünki alkoqollu içkilərin və siqaretlərin satışında tətbiq olunacaq yeniliklə bağlı dükanlarda post-terminalların quraşdırılması əlavə xərc tələb edəcək. Xalid AZƏR