Qadağa nişanlarına baxmayaraq


Baxıldı : 135

Tarix : 2017-07-28 20:32:29


Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Xidməti çimərlik və qeyri-çimərlik ərazilərdə fəaliyyət göstərən istirahət obyektlərində insanların sularda təhlükəsizliyinin təmin edilməsi üçün profilaktik tədbirlər həyata keçirir.

Həmin qurumdan verilən məlumata görə, iyulun 24-nə qədər Xidmət əməkdaşları suda boğulma təhlükəsi ilə üzləşən ümumilikdə 105 nəfəri xilas edib. Onlardan 78 nəfəri Xidmətin nəzarətində olan çimərliklərdə xilas edilib. Qeyri-çimərlik ərazilərdə isə ümumilikdə 28 nəfər suda boğulmaq təhlükəsi ilə üzləşib. Onlar da Xidmətin əməkdaşları tərəfindən xilas edilib.

Dəfələrlə xəbərdarlıq edilməsinə rəğmən, hələ də qadağan olunmuş zonalarda çimən insanlar var. Qurum əməkdaşlarının çimərliklərdə təhlükəsizlik şəraitini yaratmasına və maarifləndirmə işlərini aparmasına baxmayaraq, yenə də sularda boğulma hallarına rast gəlinir. 

Mövzumuza aydınlıq gətirmək üçün FHN-in mətbuat katibi Oktay Bayramovla əlaqə saxladıq. O FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasedicilərinin fəaliyyət göstərdiyi rəsmi çimərliklərdə ölüm hadisəsinin qeydə alınmadığını bildirdi: "Boğulma halları qeyri-rəsmi çimərliklərdə-Xəzər dənizinin çimmək üçün qadağan olunmuş hissələrində, su kanallarında, o cümlədən Kür sahilinin bəzi təhlükəli ərazilərində qeydə alınıb. Xidmətin tabeliyində 41 dövlət və özəl çimərlik var və onların hamısı mühafizə olunur. Onların nəzarət etdiyi ərazidə son məlumat olaraq bu günə qədər 86 nəfər boğulma təhlükəsi ilə üzləşib və xilasedicilər tərəfindən xilas olunub".

O.Bayramov bildirdi ki,  FHN hər il çimərlik mövsümü başlayandan bitənədək maarifləndirmə tədbirləri aparır: "Biz həm çimərlik mövsümü ərəfəsində, həm də çimərlik mövsümü zamanı əhaliyə xəbərdarlıq edirik, televiziyalara videoçarxlar göndəririk, mətbuata müsahibələr veririk. Ancaq, təəssüflər olsun ki, insanlar çimərlik üçün icazə verilməyən sahələrdə qadağan nişanlarına, lövhələrinə məhəl qoymurlar. Həmin ərazilər də qayalıqdır, güclü külək olur, sualtı axınlar var və ona görə də boğulma hallarına rast gəlinir".

Aliyə SƏMƏDOVA