Qadağalar problemin həllində düzgün seçim deyil


Baxıldı : 1097

Tarix : 2020-08-28 12:45:50


Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nda dəyişiklik edib. Belə ki, əgər bundan əvvəl fiziki şəxslər rüsum ödəmədən ölkənin gömrük ərazisinə ayda bir dəfə ümumi gömrük dəyəri 1500 dollardan artıq olmayan mal gətirə bilirdilərsə, bundan sonra rüsumsuz gətirilə biləcək malın ümumi dəyəri təxminən ikiqat azaldılaraq 800 dollara kimi endirilib. Həmçinin bundan əvvəl beynəlxalq poçt göstərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində rüsum tutulmayan malların ümumi dəyəri 1000 dollar idisə, bundan sonra həmin hədd üç dəfədən də çox azaldılaraq 300 dollara endirilib.

“Bu qaydaların dəyişdirilməsi faktiki olaraq Azərbaycan vətəndaşlarının zərərinə olan dəyişiklikdir”. Bunu iqtisadçı-ekspert Rəşad Həsənov açıqlamasında dedi. Bildirdi ki, bu ən çox sərhəd zonasında yaşayan əhaliyə mənfi təsir göstərəcək: “Nəzərə alsaq ki, iqtisadiyyatın, demək olar ki, 90 faizi Bakıdadır və regionlarda çox böyük işsizlik problemi var. Bu da o deməkdir ki, zərər də elə ən çox onlara dəyəcək. Belə ki, sərhəd bölgələrində yaşayan insanların əhəmiyyətli hissəsinin ailə büdcəsində məhz xırda ticarət ciddi rol oynayır. Onlar hətta aylıq ərzaq tələbatını belə qonşu ölkələrin bazarlarında optimal şəkildə tənzimləyə, daha az xərclərlə bunu idarə edə bilirdilər. Pandemiya onsuz da regionlarda, xüsusilə də sərhəd bölgələrində vəziyyəti əhəmiyyətli dərəcədə ağırlaşdırdı. Üstəlik də, yeni qaydaların qəbul olunması o deməkdir ki, artıq post-pandemiya dövründə belə insanlar əvvəlki kimi maliyyə itkilərini kompensasiya edə bilməyəcələr.

Bundan başqa, əvvəlki qaydalarda nəzərdə tutulurdu ki, yetkinlik yaşına çatmamış şəxslərə 500 dollar məbləğində müvafiq güzəşt verilirdi. Yəni bu o deməkdir ki, uşaq valideyni ilə birgə Gürcüstana və ya İrana keçirdisə, qayıdanda valideyn 1500 dollar, övlad isə 500 dollar olmaqla, 2000 dollarlıq məhsulu ölkəyə gətirə bilirdilər. Amma indiki şərtlər daxilində artıq həmin o hüquqdan da vətəndaşlar məhrum oldular. Çünki yetkinlik yaşına çatmayan uşaqlara verilən güzəştlər ləğv olundu”.

Ekspert bildirdi ki, yeni qərarın qəbul edilməsində əsas məqsəd gömrük gəlirlərinin azalmasına yol verməməkdir. Çünki hökumət daxildə onlayn ticarətin inkişafına meyillidir, nəinki xaricdən mal alıb milli valyutanı xaricə axınına şərait yaratmağa: “Düzdür, bu qanunun əsas məqsədi ölkədən vəsait axınının qarşısını almaq olsa da, düşünürəm ki, o qədər də yaxşı nəticə verməyəcək. Çünki əgər bu məhsul ölkədə istehsal olunmursa, həmin məhsulu vətəndaşın özü fərdi şəkildə gətirdi, ya hansısa şirkət vasitəsilə gəldi, fərq etməyəcək. Misal üçün, əgər ölkə kompüter, telefon və yaxud da istənilən texniki avadanlıq istehsal etmirsə, onsuz da bu malların ölkəyə gətirilməsi ilə valyutanın xaricə axını baş verəcək.

R.Həsənov yeni qanunun qəbul edilməsinin qiymət artımlarına da səbəb olacağını dedi: “Pandemiya əhalinin alıcılığına mənfi təsir göstərib və idxal azalmağa başlayıb. Nəticədə dövlət büdcəsi qarşısında Dövlət Gömrük Komitəsi öz öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir. Dünyanın bir çox ölkəsində gömrük institutu nəzarət mexanizmi hesab olunur, ancaq  Azərbaycanda gömrük sistemi fiskal gəlir mənbəyi kimi götürülür. Yəni dövlət büdcəsinin gəlirlərinin hər 5 manatının biri gömrük rüsumları hesabına formalaşır. Dolayısı ilə bu vəsaitlər əslində camaatdan yığılır. Çünki o rüsumlar da qiymətlərin üzərinə əlavə olunur və bu pulları camaat ödəmiş olur. Bu şərtlər daxilində indiki halda müəyyən qədər bazarın tam liberal olmadığını, inhisarçılığın, xüsusilə də idxal bazarında inhisarçılığın geniş yayıldığını nəzərə alsaq, bu, qiymət artımlarına gətirib çıxaracaq. Çünki daxili bazara yönələn tələb həmin sahələrdə fəaliyyət göstərən şirkətlərə daha radikal qiymət siyasəti həyata keçirmək üçün iqtisadi əsaslar formalaşdıracaq.

Bundan başqa, fərdi şəxslərə xidmət edən karqo şirkətlərinin fəaliyyətində də ciddi geriləmə olacaqdır və bunların bir qismi artıq sıradan çıxacaqdır. Çünki onlar lazım olan mal həcmini müvafiq dövr ərzində toplaya bilmədikləri üçün son nəticədə müştərilərin tələblərini keyfiyyətli şəkildə icra edə bilməyəcəklər, gecikmələr yaranacaq. Bu gecikmələr əsasında da müştərilər artıq həmin şirkətlərin xidmətlərinə daha az müraciət edəcək və həmin şirkətlərin mərhələli şəkildə bazardan çıxması və yaxud da ki, iflas olması prosesi baş verəcəkdir”. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə digər aspektdən yanaşdı. O bildirdi ki, qadağalar problemin həlli üçün düzgün seçim deyil. Ənənəvi bazarın onlayn ticarətlə rəqabət apara bilməsi üçün daxili bazarda istehsal artmalıdır: “Azərbaycan manatının arxasında istehsal durmasa, manat daim devalvasiya edəcəkdir. Biz “Sədərək” Ticarət Mərkəzinə girib baxsaq, görərik ki, satılan malların böyük bir qismi xarici ölkələrdən idxal olunan məhsullardır. Bu, yolverilməzdir. Hökumət elə bir iş aparmalıdır ki, rəqabətədavamlı daxili istehsal artsın və təkcə kənd təsərrüfatı malları yox, həm də sənaye malları sahəsində irəliləyiş baş versin. O halda xarici malların gətirilməsi məhdudlaşacaq və azalacaqdır.

Çox təəssüflər olsun ki, xaricdən və xüsusən Çindən daxil olan mallar bazarda haqsız rəqabət mühiti yaradır. Azərbaycan istehsalı olan mallar digər ölkələrdən idxal olunan məhsullarla bəzən rəqabətə davam gətirə bilmir. Ona görə də düşünürəm ki, yerli mal istehsalına stimul vermək lazımdır”.

Aliyə SƏMƏDOVA