Qadın sahibkarlığının inkişafına dəstək


Baxıldı : 395

Tarix : 2017-01-13 22:47:59


"Ölkədə qadınların da sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün daha əlverişli mühit yaradılacaq".  Bu barədə “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə deyilir.

Yol xəritəsində bildirilir ki, 2017-ci ildə qadın sahibkarlar üçün kreditləşmə, vergiqoyma və digər güzəştləri nəzərdə tutan stimullaşdırıcı mexanizmlərin işlənib hazırlanması nəzərdən keçiriləcək. Bu mexanizmlər Azərbaycanda qadınların iqtisadi təşəbbüskarlığının reallaşdırılması imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Mexanizmlər hazırlanan zaman xüsusilə kənd yerlərində qadın məşğulluğu məsələsi diqqət mərkəzində olacaq.

Qadın sahibkarlığına dəstək  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin də daim diqqət mərkəzindədir. Hazırda komitə tərəfindən "Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı" texniki yardım və "Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı" layihələri həyata keçirilir.

Artıq bir neçə rayonda Qadın Resurs Mərkəzi yaradılıb. Onlarla qadın öz biznesini qurub. Qadınların iqtisadi cəhətdən gücləndirilməsi ailə münasibətlərinə də müsbət təsir edir. Ailə büdcəsinə öz töhfəsini verməklə yanaşı, qadının özünə inam hissini artırır. Eyni zamanda bununla qadınlar özlərinin iqtisadi və ictimai həyatda bərabər iştiraklarını təmin etmiş olurlar. Xüsusilə nisbətən daha aztəminatlı, əlil, qaçqın və məcburi köçkün qadınların sahibkarlıqla məşğul olmalarında belə layihələr mühüm əhəmiyyətə malikdir.

Bundan əlavə, komitə Azərbaycan Mikromaliyyə Assosiasiyası ilə birgə "Azərbaycan regionlarında qadın mütəxəssislərin hazırlanması və qadın sahibkarların inkişafı" layihəsi çərçivəsində  "Maliyyə savadlığı" və "Biznesinə başla və onu inkişaf etdir" adlı təlimlər həyata keçirməyi planlaşdırmışdır.

Bu təlimlərin  əsas məqsədi maliyyə savadlılığının əsasları barədə zəruri biliklərin verilməsi, sahibkarlıqla məşğul olan və ya məşğul olmaq istəyən qadınlara biznes ideyasının yaradılması, planların hazırlanması mərhələsində dəstək olmaqdır.

 "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə qeyd etdi ki, qadınlara bu sahədə dəstək olmaq onlara böyük qayğının təzahürüdür. Belə ki, qadınların həm iqtisadi cəhətdən güclü olması, həm də zorakılığa məruz qalmaması üçün onlara fürsət yaradılmalı, müəyyən kapital ayrılmalıdır. Əksər xanımlarımız  biznesdə daha çox uğur qazanmağa meyillidirlər. Qadınların da fiziki baxımdan fəal olduğunu nəzərə alsaq, onların boyük uğurlar qazana biləcəyini ehtimal edirəm. Qadın sahibkarlığın inkişafı yoxsulluğun azalmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edəcək".

Əsli ƏHMƏDOVA