Qadın üzvlərin sayı artır


Baxıldı : 422

Tarix : 2020-06-12 05:50:09


Bu yaxınlarda Biznes Departamenti tərəfindən açıqlanan rəqəmlər göstərir ki, Böyük Britaniyada həmkarlar ittifaqlarına üzv olan işçilərin sayı 91 000 nəfər artıb. Həmkarlar ittifaqlarının üzvlərinin sayı ardıcıl olaraq üçüncü ildir ki, artmaqdadır. Hazırda həmkarlar ittifaqı üzvlərinin sayı 6,44 milyon nəfərdir. Bu, işçi qüvvəsinin təqribən 23,5 faizini əhatə edir.

Üzvlərin sayı həm dövlət, həm də özəl sektorda artıb, coğrafi dairəsi isə İngiltərə, Uels və Şotlandiyanı əhatə edir. Hazırda həmkarlar ittifaqlarında qadın üzvlərin sayı 3,69 milyon nəfər təşkil edir. Hökumət statistikası göstərir ki, bu, təhsil, səhiyyə və sosial təminat sahələrində işçilərinin sayının əhəmiyyətli dərəcədə artması ilə bağlıdır. Bu sahələrdə qadınlar ümumi məşğul olanların 3/4 faizini təşkil edir. Böyük Britaniya Həmkarlar İttifaqı Konqresinin Baş katibi Frensis o ‘Qreydi deyir: “Bugünkü rəqəmlər göstərir ki, koronavirus böhranından əvvəl həmkarlar ittifaqına üzvlük artırdı. Son bir neçə ay ərzində isə minlərlə işçi öz işlərini, hüquqlarını qorumaq və təhlükəsiz iş yerləri üçün həmkarlar ittifaqlarına müraciət edib”. Xanım o ‘Qreydi, “ həmkarlar ittifaqına daxil olmaq heç vaxt belə əhəmiyyətli olmamışdır”, - deyə əlavə etdi: “Milyonlarla işçinin ağır əməyi və fədakarlığı bu böhranı aradan qaldırmağa kömək edəcəkdir. Birlikdə tənəzzüldən çıxış yolu tapa bilərik. Nazirlər əməkçilərin səslərini öz strategiyalarının mərkəzinə qoymalıdırlar”.