“Qadın zorakılığına son qoyaq!”


Baxıldı : 66

Tarix : 2018-11-23 21:41:34


“Qadın zorakılığı ölkələrə iztirab, kədər gətirir. Bundan qoca da, uşaq da əziyyət çəkir və bu, icmanı yoxsulluğa gətirib çıxarır. Zorakılıq qadınlara bütün potensial imkanlardan istifadə etməyə imkan vermir, iqtisadi yüksəlişi məhdudlaşdırır, inkişafı pozur”. Birləşmiş Millətlər Təşkilatının sabiq Baş katibi Pan Gi Munun müraciətindən gətirilən bu sitat Səhiyyə İşçiləri Həmkarlar İttifaqının (SİHİ) Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyasının Xətai Rayon Şurasında təşkil etdiyi “Qadın zorakılığına son qoyaq!” adlanan seminarda səsləndi.

Tədbiri giriş sözü ilə komissiyanın sədri, Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Elnarə Muradova açdı. Dedi ki, qadın zorakılığı qlobal pandemiya olmaqda davam edir. Qadınların təxminən 70 faizi məişət zorakılığından əziyyət çəkir. BMT-nin məlumatına görə, dünyada qadınların və qızların 35 faizi, ömründə ən azı bir dəfə, fiziki və ya cinsi zorakılığın bu və ya digər formasına məruz qalır.

Qadınlara qarşı məişət zorakılığı planetin hər yerində yayılaraq, təhsildən və maddi təminatdan asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrində baş verir. Təəccüblü deyil ki, müstəqil və özünəarxayın kimi görünən avropalı qadınların 15 faizə qədəri gündəlik məişət zorakılığının qurbanı olur.

Qadınlar öz hüquqları uğrunda mübarizə aparmasalar, onları təhqir etməyə və alçaltmağa çalışan hər kəsə cavab verməsələr, bu vəziyyət həmişə davam edəcək. Çox səbirli olmağın əsası hələ uşaqlıqda qoyulur. Qadın ya elə ailədə böyüyüb ki, orada zorakılıq adi hal olub, ya uşaq vaxtı valideyn sevgisindən məhrum olub, ya da zülm altında böyüyüb, ona xoş sözlər deyən və hədiyyə verən olmayıb və nəticədə onda özünü aşağı qiymətləndirmə keyfiyyəti formalaşıb.

Elnarə xanım təəssüflə diqqətə çatdırdı ki, qadın zorakılığı halları bizim də cəmiyyətimizdə baş verir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gender problemləri ilə bağlı xüsusi konsepsiyası var. Bu konsepsiyada maarifləndirməyə daha çox önəm verilir. Bizim Respublika Komitəsi də bu konsepsiyaya uyğun olaraq tədbirlər planı işləyib hazırlayıb. Həmin planın tərkib hissəsi olaraq, ilin sonuna qədər Bakıda, bölgələrdə mütəmadi olaraq tədbirlər keçirməyi planlaşdırmışıq.

 E.Muradova tədbirlərin bir neçəsini ətraflı şəkildə dinləyicilərin diqqətinə çatdırdı.

Seminarda SİHİ Xətai Rayon Şurasının sədri Afət Əzimovanın və başqalarının da çıxışları dinlənildi.