Qadınların əmək sektorunda yeri qənaətbəxşdirmi?


Baxıldı : 28

Tarix : 2019-11-08 05:31:26


Bu gün Azərbaycan qadınlarının əmək sektorunda yeri, imkanları və potensialı qənaətbəxşdirmi?

 İqtisadçı-ekspert Rövşən Ağayevin fikrincə, bu suala hələlik tam müsbət cavab vermək mümkün deyil. Xüsusilə kənd yerlərində qadınlar ictimai əməkdən daha çox kənarda qalırlar. Statistika onları evdar qadın kimi qeydə almaqla işsizlər siyahısından kənarda saxlayır. Əslində “evdar qadın” əməkqabiliyyətli olub, lakin işləmək istəməyən xanımlara deyilir. Yəni ailəsi və ailə təsərrüfatı ilə məşğul olmağı üstün tutur.

Ola bilər ki, bir qrup qadının həqiqətən işə ehtiyacı yoxdur. Amma mən inanmıram ki, 1 milyona yaxın qadın əməkqabiliyyətli olsun, amma evə qapanıb ictimai həyatdan, əmək fəaliyyətindən uzaqda qalmaq istəsin.

Ekspert əksər qadınların qeyri-fəallığını peşə ixtisaslarının olmaması ilə əlaqələndirdi. Dedi ki, bu problemi aradan qaldırmaqdan ötrü mütləq regionlarda peşə, ixtisas kursları təşkil olunmalıdır. Kurslarda qadınlarımız qabiliyyətləri olduğu peşələr üzrə müəyyən bilik və bacarığa yiyələnməlidir.

R.Ağayev peşə kurslarından danışarkən bir məsələyə xüsusi diqqət yetirməyi məsləhət gördü. Dedi ki, peşə seçərkən yerli şəraitdə həmin peşəyə tələbat mütləq nəzərə alınmalıdır. Ancaq bazara uyğun istehsalla məşğul olmaq uğur gətirə bilər. Müsahibimiz söhbətini statistik faktlarla yekunlaşdırdı. Dedi: “Əməkqabiliyyətli yaşda hər 100 kişidən 78 nəfəri, hər 100 qadından isə 63 nəfəri iqtisadi cəhətdən fəaldır. İqtisadi cəhətdən qeyri-fəal, heç bir rəsmi fəaliyyətə cəlb edilməyən xanımların təxminən 45 faizi, yəni 630 min nəfəri “evdar” statusu olanlardır. İqtisadiyyat üzrə qadınların rəsmi məvacibləri kişilərin maaşlarının təxminən yarısına bərabərdir. Qadın işsizlərin sayı kişilərə nisbətən 40 faiz çoxdur. Bundan başqa, kənd yerlərində məşğul hesab edilən hər 100 qadından ən azı 75 nəfəri ağır əl əməyinə əsaslanan aqrar sektorda, cəmi 25 nəfəri qeyri-kənd təsərrüfatı işlərində çalışır. Bu da o deməkdir ki, regionlarda qadınlar üçün kənd təsərrüfatından başqa, iş təklif edən ciddi bir sektor yoxdur.

Ümumilikdə isə, iqtisadiyyat üzrə çalışan hər 100 qadından təxminən 60 nəfəri ixtisassız və ya az ixtisas tələb edən sahələrdə-aqrar və ticarət sahəsində çalışır”.

Aliyə SƏMƏDOVA