Qadınların iş saatlarının azaldılması beynəlxalq təşkilatların hədəflərindəndir


Baxıldı : 92

Tarix : 2018-10-06 05:13:18


Oktyabr ayının 5-də Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Respublika Komitəsi  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Gender Bərabərliyi və Qadın Problemləri üzrə Mərkəzi ilə birgə “7 Oktyabr Ümumdünya Layiqli Əmək Günü”nə həsr olunmuş yığıncaq keçirdi. Tədbiri giriş sözü ilə Respublika Komitəsinin və Mərkəzin sədri Cəmilə Səttarova açdı. O, çıxışında Layiqli Əmək Gününün yaranma tarixindən, mahiyyətindən danışaraq bildirdi ki, layiqli əmək deyiləndə ilk olaraq  əməkhaqqı və iş yerlərində işçilərə yaradılan  şərait  və texniki təhlükəsizlik qaydaları nəzərdə tutulur: “İşəgötürənlər işçilərin təhlükəsiz iş şəraitində işləməsinə, sağlamlığının qorunmasına, istirahətinin təşkilinə məsuliyyətlə yanaşmalıdırlar. Həmkarlar ittifaqı bu günü həmrəylik günü kimi başa düşür. Buna görə də tədbirdə biz “Layiqli əmək layiqli həyat deməkdir” şüarından istifadə etdik. Bu şüar əsasən də qadınlar üçün keçərlidir, çünki qadınların əməyi təhlükə altındadır.

Cəmilə xanım dedi ki, hazırda beynəlxalq həmkarlar ittifaqları birlikləri bu təhlükənin qarşısının alınması haqqında düşünür, müzakirələr aparır, təkliflər irəli sürür. Belə təkliflərdən biri də, yeri gəlmişkən mən də bu təklifin tərəfdarları sırasındayam, qadınların iş vaxtının qısaldılması, əməkhaqqının yüksəldilməsidir. Çünki zərif cinsin nümayəndələri, necə deyərlər, işdən işə gəlirlər. Yəni işdən sonrakı saatlarda məişət qayğıları, mətbəx və sair problemlərin həlli onların üzərinə düşür.

Neft və Qaz Sənayesi İşçiləri HİRK-in Qadınlar Şurasının sədr müavini, Gender Bərabərliyi və Qadın Problemləri üzrə Komissiyanın sədri Şükufə Hüseynzadə çıxış edərək istehsalatda və sənayedə çalışan qadınların problemlərindən və onlara yaradılan şəraitdən,  MİHİRK-in əməyin texniki müfəttişi Çingiz İbrahimov çıxış edərək sahə idarə və müəssisələrində çalışan işçilər üçün yaradılan iş şəraitindən, onların əməklərinin təhlükəsizliyi istiqamətində görülən işlərdən danışdılar.

 Leyla ALIYEVA