Qaliblər mükafatlandırıldı


Baxıldı : 95

Tarix : 2019-06-24 06:10:27


Qəzetimizin ötən saylarında məlumat vermişdik ki, AHİK tərəfindən mədəni hamiliyə götürülmüş C.Naxçıvanski adına Hərbi Liseydə aprel-may aylarında 26 İyun-Silahlı Qüvvələr Gününə həsr edilmiş “Azərbaycan əsgəri” bədii-qiraət müsabiqəsi, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman yarışları, “Mən zabit olmaq istəyirəm” inşa yazı müsabiqəsi,”İlin müəllimi”nominasiyası keçirilmiş və qaliblər müəyyən edilmişdir.

İyunun 14-də C.Naxçıvanski adına Hərbi Liseydə 2018-2019-cu tədris ilinin başa çatması münasibətilə mərasim keçirildi. Tədbirdə liseyin şəxsi heyəti, müəllimlər, valideynlər və ictimaiyyət nümayəndələri də iştirak edirdi. Mərasim açıq elan edildikdən sonra hərbi liseyin döyüş bayrağı təntənəli surətdə meydana gətirildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ruhu 1 dəqiqəlik sükutla yad edildi. Hərbi liseyin rəisi, general-mayor Bəkir Orucov çıxış edərək təhsil ocağının gündən-günə təkmilləşməsindən və torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə məktəb məzunlarının göstərdiyi igidliklərdən söz açdı.

Bu yazının müəllifi çıxış edərək AHİK-in sədri, millət vəkili S.Möhbalıyevin adından bütün şəxsi heyəti, kursantları dərs ilinin başa çatması və qarşıdan gələn 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təbrik etdi.

Çıxışlardan sonra kursantlara C.Naxçıvanski adına Hərbi Liseyin məzun kitabı təqdim olundu. Yaş kötüyünə rəmzi nişan vuruldu. Məzun kursant hərbi liseyin bayrağını təntənəli surətdə 1-ci kursun kursantına təhvil verdi.

Daha sonra AHİK tərəfindən liseydə keçirilən “Azərbaycan əsgəri” bədii-qiraət, “Mən zabit olmaq istəyirəm” inşa yazı müsabiqələrinin, hərbi idman yarışlarının qaliblərinə mükafat və diplomlar təqdim edildi. İdman yarışlarında ən yüksək xal toplayan 5-ci bölüyə AHİK-in Fəxri Diplomu və üzərində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəkli əks etdirilmiş kubok təqdim edildi. “İlin müəllimi” nominasiyası üzrə qalib gələn 6 müəllimin hər birinə Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi tərəfindən pul mükafatı və AHİK-in Fəxri diplomları təqdim edildi. Eyni zamanda müsabiqələrin təşkilində xüsusi fəaliyyət göstərən müəllimlər AHİK-in diplomları ilə təltif olundular. 

 

Xoşqədəm  BAĞIROVA,                                                            AHİK-in mütəxəssisi