Qaliblər mükafatlandırıldılar


Baxıldı : 237

Tarix : 2017-11-18 00:48:53


Noyabrın 13-də “Nərimanov" Elektrik Deposunun iclas zalında "İlin ən yaxşı qatar maşinisti", "İlin peşəkar gənci" nominasiyalarının qaliblərinin mükafatlandırılma mərasimi olub.

Tədbiri giriş sözü ilə Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri Arif Mərdanov açdı. Dedi ki, bu nominasiya təşkilatımızın İcraiyyə Komitəsinin 2015-ci il 7 aprel tarixli qərarına əsasən təsis olunub. Təsisatın əsasnaməsinə görə, qaliblər əmək funksiyalarını yüksək peşəkarlıqla yerinə yetirən, müəssisədaxili nizam-intizam qaydalarına əməl olunmasında fərqlənən, peşə biliklərini və ustalıqlarını müntəzəm artıran, hərəkət təhlükəsizliyini əvvəlcədən aşkarlayan və qarşısını alan, enerji ehtiyatlarından qənaətlə istifadə edən  işçilər arasından seçilir.

Namizədlərin fəaliyyəti araşdırılarkən il ərzində qatarların təhlükəsiz hərəkətini təmin edən, lokomotiv briqadalarının yüksək istifadə göstəricilərinə və qatarların istismar müddətinin artırılmasına, yüksək əmək nəticələrinə nail olan, metropolitendə 10 ildən az olmayaraq və maşinist peşəsində 5 ildən az olmayaraq çalışan işçilərə üstünlük verilir.

Bu tələblərlə yanaşı, namizədlərin i

şdə müasir texnologiyanın tətbiqi,  əmək təcrübəsinin gənc kadrlara verilməsi, kollektivdə hörmət və nüfuzu, müəssisənin ictimai işlərində  iştirakı da nəzərə alınır.

Arif Mərdanov çıxışında onu da vurğuladı ki, "İlin ən yaxşı qatar maşinisti", QSC rəhbərliyinin də daxil olduğu, komissiyanın oktyabrın 18-də keçirdiyi  iclasda müəyyənləşib.

Komissiyanın qərarı ilə bu ada Abas Heydər oğlu Rzayev layiq görülüb. O, 2008-ci il oktyabrın 2-dən "Nərimanov" Elektrik Deposunun kompleks briqadasında təmir üzrə çilingər kimi əmək fəaliyyətinə başlayıb.

Hazırda 2-ci dərəcəli maşinistdir.

Onu da qeyd edək ki, Abasa diplomla yanaşı, minimum əməkhaqqının 10 misli miqdarında pul mükafatı ayrılıb.

Arif Mərdanov bildirdi ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin 2015-ci il avqustun 21-də qəbul etdiyi qərara əsasən, müəssisələrdə "İlin peşəkar gənci" fəxri adı da təsis edilib. Bu ada əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş və yaşı 20-dən 35-dək olan gənclər layiq görülür.

Bu nominasiya üzrə cəmiyyətimizin müxtəlif struktur vahidlərindən 22 nəfərin sənədinə baxıldı. Komissiya onlardan iki nəfərinə - tunel qurğuları xidmətinin 3 saylı tunel sahəsinin süni qurğularında  yol baxıcısı Vüsal Fizuli oğlu Zeynalova və dəmir-beton konstruksiyaları istehsalatı sahəsinin baş texnoloqu Umud Kamil oğlu Qurbanova qalib adının verilməsini  daha məqbul saydı.

Arif Mərdanov, QSC sədrinin müavini Hidayət Məmmədov, insan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov qaliblərə mükafatları təqdim edərək onlara uğurlar arzuladılar.

Tədbirdə Bakı Metropoliteninin 50 illik yubileyinə həsr edilmiş daxili spartakiadada qalib gəlmiş depolar üzrə iş departamentinin komandasına kubok təqdim edildi.

Bəyalı RZAYEV