Qaliblər mükafatlandırılıb


Baxıldı : 142

Tarix : 2019-06-07 11:25:50


Mayın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı, bu qurumun İşlər İdarəsi və Azad Həmkarlar İttifaqının dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən AMEA-nın gənc alim və mütəxəssislərinin VI futbol çempionatının final oyunu və mükafatlandırma mərasimi keçirilib.

III yer uğrunda mübarizədə Fizika İnstitutunun komandası Neft-Kimya Prosesləri İnstitutunun komandasına qalib gələrək  adını mükafatçılar sırasına yazıb.

Çempionatın qalibi isə Geologiya və Geofizika İnstitutunun komandasını məğlub edən  İqtisadiyyat İnstitutunun komandası olub.

Mükafatlandırma mərasimində çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev altıncı dəfə keçirilən və ulu öndərin xatirəsinə həsr olunan çempionatın əhəmiyyətindən və Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb. Akademik budəfəki çempionatda da AMEA-nın müxtəlif institut və təşkilatlarını təmsil edən komandaların maraqlı oyun nümayiş etdirdiklərini söyləyib və qalibləri təbrik edib.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov göstərilən dəstəyə görə AMEA-nın rəhbərliyinə, İşlər İdarəsi və Azad Həmkarlar İttifaqına minnətdarlığını bildirib.

Sonra qaliblər mükafatlandırılıb.