Qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub


Baxıldı : 82

Tarix : 2018-09-29 02:24:07


Fövqəladə Hallar Nazirliyi (FHN) İşçiləri Həmkarlar İttifaqının və İdman-Sağlamlıq Klubunun birgə təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş səmti müəyyənetmə üzrə çempionata yekun vurulub.  Sentyabrın 12-dən 14-dək Qəbələ şəhəri meşə zolağında keçirilən çempionatda nazirliyin qurumları iştirak edib.

Yarışın bağlanış mərasimində FHN İşçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov və nazirliyin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək ölkəmizdə keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar. Qeyd olunub ki, FHN-in qurumları arasında keçirilən səmti müəyyənetmə idman növü üzrə çempionatda nazirliyin müxtəlif qurumlarını təmsil edən 20 komandanın tərkibində 80-ə yaxın idmançı iştirak edib. İki gün davam edən yarışın final mərhələsində nazirliyin qurumlarının əməkdaşları komanda və şəxsi birincilik üzrə öz bacarıqlarını nümayiş etdiriblər.

Yarışda FHN-in Mülki Müdafiə Qoşunlarının komandası birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin komandası ikinci, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası üçüncü yeri tutub. Qızlar arasında şəxsi yarışlarda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Sevda Verdiyeva birinci, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Sima Səfərova ikinci, Mərkəzi Aparatın əməkdaşı Xatirə Şahverdi üçüncü yerə sahib olub. Kişilərin yarışında isə FHN-in Akademiyasının kursantı Özcan Kərimov birinci, Şimal-Qərb Regional Mərkəzinin əməkdaşı Nurlan Əhmədov ikinci, Cənub Regional Mərkəzinin əməkdaşı Ehtiram Məmmədov üçüncü yerə çıxıb.

Sonda qaliblərə medal, diplom, kubok və qiymətli hədiyyələr təqdim olunub.

Azər MUSTAFAYEV