Qaliblərə mükafatlar təqdim edildi


Baxıldı : 124

Tarix : 2020-03-16 04:38:45


Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin növbəti yığıncağı keçirilib. Tədbiri giriş sözü ilə açan Respublika Komitəsinin sədri Fəzail Bağırov toplantı iştirakçılarını, onların ailə üzvlərini, ümumiyyətlə, bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi. Bildirdi ki, millətimizin adət-ənənələrini təcəssüm etdirən bu bayram illər boyu təqibə məruz qalıb. Məqsədli şəkildə onun qeyd edilməsinə imkan verilməyib. Bununla belə, xalqımız, çətinliklə də olsa, Novruz bayramını qoruyub saxlaya bildi.

Komitə sədri dəmir yolunda aparılan islahatlar, əldə olunan uğurlar barədə danışdı. O, bildirdi ki, ölkə polad magistralında həyata keçirilən irihəcmli işlərin reallaşmasında bu sahədə çalışan insanların böyük zəhməti var. Hər il olduğu kimi, bu il də həmin işçilərin əməyi tərəfimizdən qiymətləndirilmişdir.

Sonra F.Bağırov MHİRK-in qərarı ilə 2019-cu ildə əməkdə yüksək nailiyyətlər əldə etdiklərinə, eyni zamanda lokomotivləri ən nümunəvi vəziyyətdə saxladıqlarına, verilən tapşırıqlara məsuliyyətlə yanaşdıqlarına və ən əsası isə təhlükəsizliyi təmin etdiklərinə görə fərqlənən dəmiryolçuların siyahısını toplantı iştirakçılarının nəzərinə çatdırdı. Qeyd etdi ki, 6 maşinist “İlin qabaqcıl maşinisti - Firudin Ağayev” adına, 16 əmək adamını isə “Əla yol işçisi - ilin ən yaxşı mütəxəssisi” yol müsabiqəsinin qalibi olub. “Bu, Cəmiyyət rəhbərliyinin, MHİRK-in Rəyasət Heyətinin dəmiryolçulara göstərdiyi qayğının nəticəsidir”, - dedi.

Sonra dəmiryolçulara mükafatlar təqdim olundu. Qaliblər çıxış edərək onlara göstərilən qayğı və diqqətə görə öz minnətdarlıqlarını bildirdilər.