Qaliblərə mükafatlar təqdim olundu


Baxıldı : 62

Tarix : 2018-07-20 17:31:58


İyulun 19-da Bakı Biznes Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) keçirdiyi “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi olub.

Əvvəlcə ekranda sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində həmkarlar ittifaqının gördüyü işlərin videoxülasəsi nümayiş edilib.

Tədbirdə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev geniş məruzə ilə çıxış edib. O, dünyada və Azərbaycanda təhlükəsiz əməklə bağlı görülən işlər, mövcud problemlər və nəzərdə tutulan həll yolları barədə danışıb (S.Möhbalıyevin məruzəsinin tam mətni qəzetimizin II səhifəsində dərc olunub).

 

 

Tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev deyib ki, belə mövzuda müsabiqənin keçirilməsi Azərbaycanın bugünkü sosial-iqtisadi həyatı üçün aktuallıq kəsb edir. Çünki bu gün dinamik inkişaf dövrünü yaşayan Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, yeni müəssisələrin yaradılması, məşğulluğun artırılması ilə bağlı ardıcıl siyasət həyata keçirilir. Bu mənada sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması da günün ən vacib məsələlərindən biri kimi qarşıda duran vəzifədir.

Ərəstun Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin prioritet istiqamətlərindən biri məhz sosial-iqtisadi inkişafın və onun davamlılığının təmin olunmasıdır. Bu məqsədlə son 15 ildə regionların sosial-iqtisadi inkişafı sahəsində üç dövlət proqramı qəbul edilib və uğurla həyata keçirilib. Bu proqramlar çərçivəsində iqtisadiyyatın dinamikliyinin, xüsusilə də regionların tarazlaşdırılmış inkişafının təmin olunması üçün genişmiqyaslı işlər görülüb. İnvestisiya mühiti yaxşılaşdırılıb, yeni müəssisələr yaradılıb, iş yerləri açılıb. Beləliklə də, Azərbaycan əhalisinin məşğulluğunun artırılması üçün lazımi tədbirlər görülüb. Bu tədbirlər çərçivəsində iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə Sumqayıtda yeni sənaye müəssisəsi - polipropilen zavodu açılıb. Əlbəttə, burada da əsasən Azərbaycan vətəndaşları çalışacaqlar. Yeni texnologiyaların tətbiq olunduğu müəssisədə savadlı, peşəkar kadrlara ehtiyac var. Bu müəssisədə çalışanlar öz təcrübələrindən istifadə edərək Azərbaycan iqtisadiyyatının inkişafına töhfə verəcəklər.

Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, son 15 il ərzində ölkəmizdə iş yerlərinin açılmasına böyük diqqət yetirilir. Bu müddət ərzində 1,9 milyon iş yeri açılıb. Bu iş yerlərində də əsasən yeni texnologiyaların tətbiqi sahəsində yüksək ixtisasa malik Azərbaycan mütəxəssisləri çalışırlar. Onların sırasında gənclərin də nisbi çəkisi artır. Beləliklə, həm ali təhsilli, həm peşəyönümlü təhsil müəssisələrində biliklər əldə edən Azərbaycan gəncləri bu gün müxtəlif müəssisələrdə uğurla çalışmaqdadırlar. Azərbaycanda bu sahədə həyata keçirilən genişmiqyaslı islahatlar, o cümlədən nəhəng beynəlxalq layihələr istər nəqliyyat, istər energetika, istərsə də kənd təsərrüfatı sahələrində görülən işlər, ilk növbədə, yeni iş yerlərinin açılmasına, əhalinin məşğulluğunun artırılmasına, onların sosial müdafiəsinin yaxşılaşdırılmasına xidmət edir. Bu baxımdan həmin iş yerlərində təbii ki, sağlam, təhlükəsiz əmək şəraitinin təmin olunması mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə geniş işlər görülür. Burada həm müəssisə rəhbərinin, həm də müəssisədə fəaliyyət göstərən həmkarlar təşkilatının üzərinə məsuliyyət düşür. Müəssisələrdə ölüm, xəsarət hallarının qarşısının alınması üçün kompleks tədbirlər görülməlidir. Təbii ki, maarifləndirmə işlərinin aparılması əsas istiqamətlərdən birini təşkil edir. Həmçinin müxtəlif stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi müsbət nəticələr verə bilər.

Çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib ki, əhalinin məşğulluğunun təmin edilməsi, əmək şəraitinin yaxşılaşdırılması, sosial-iqtisadi inkişafın şaxələndirilməsi və genişləndirilməsi ölkə başçısının yeritdiyi siyasətin prioritet istiqamətlərindən biridir. Bu yöndə geniştərkibli işlər görülür.

Əməyin mühafizəsi, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması bir əmək normasıdır və Beynəlxalq Əmək Təşkilatının (BƏT) konvensiyalarına diqqət yetirsək insan həyatına verilən qiyməti anlayarıq. Bu gün dünyada hər 15 saniyədə əmək sektorunda 154 bədbəxt hadisə baş verir. 150 milyon insan peşə xəstəliyindən əziyyət çəkir. Bu hadisələrin digər yönü də  iqtisadi itkilərdir ki, hesablamalara görə, bədbəxt hadisələr nəticəsində dünyada 80,6 trilyon dollar  itki qeydə alınıb. Bu həm sağlamlıq, həm də iqtisadı cəhətdən ağır nəticədir.

Azərbaycanda sağlam istehsalat, işçilərin əməyinin mühafizəsi həm konstitusiyamızda, həm də Əmək Məcəlləsində ayrıca maddələrlə təsbit olunur. Əmək şəraitinin yaxşılaşdırılması yönündə yeni-yeni sistem və proqramlar hazırlanıb həyata keçirilir. Təbii ki, bütün bunlar bəhrəsini verir. Statistikaya görə, 2017-ci ildə ölkəmizdə istehsalatda 151 bədbəxt hadisə qeydə alınıb, 61 nəfər dünyasını dəyişib, 121 nəfər xəsarət alıb. 2018-ci ilin birinci yarısında isə bədbəxt hadisə sayı 71 olub. 20 nəfər həyatını itirib, 104 nəfər  xəsarət alıb. Bədbəxt hadisələr əsasən tikinti, emal və nəqliyyat sahələrində baş verib. Tikinti sahəsi riskli iş qrupuna aid edildiyindən tərəflər daha məsuliyyətli olmalıdır.

Nazir müavini dedi ki, 2011-ci ildən icbari sığorta sisteminin tətbiqi əməyin mühafizəsini gücləndirmək məqsədilə atılmış mühüm addımlardandır. Burada, işçi və işəgötürən arasında razılığa əsasən, tərəflər öz məsuliyyətini dərk edir, hər hansı bədbəxt hadisə zamanı işçinin sosial problemi həllini tapmış olur. Bu, ölkədə həyata keçirilən siyasət və diqqətin göstəricisidir.

Əmək münasibətlərinin tənzimlənməsi zamanı işəgötürənlər bir sıra vəzifə daşıyırlar. Belə ki, onlar sağlam və təhlükəsiz əmək şəraiti yaratmalı, sığorta ilə bağlı tələbi yerinə yetirməli, qanunvericilikdə və Əmək Məcəlləsində əksini tapmış normalara riayət etməli, iş yerlərində sanitariya-gigiyena qaydalarının təminatını həyata keçirməlidir. İşçilərin istirahəti təşkil olunmalıdır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ölkə siyasətində əməyin təşkili və təhlükəsizliyi ilə bağlı məsələnin həlli yönündə işlər aparır. Qayda və konvensiyalara uyğun olaraq əmək şəraitinin yaradılması və iş prinsipinin gerçəkləşməsinə tərəfdaşlarımızla birgə nəzarət edirik.

Onu da qeyd etməliyəm ki, Əməyin Mühafizəsi Fondunun yaradılması barədə danışıqlar aparılır. Bu, layiqli əmək şəraitinin yaradılması üçün mühüm addımdır. 

Təşviqat xarakterli müsabiqə üçün sizə bir daha təşəkkürümü bildirirəm. Biz də, sosial tərəfdaş kimi, üzərimizə düşəni etməyə hazırıq.

Tədbçirdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyaının vitse-prezienti Vüqar Zeynalov çıxış edib O bildirib ki, əməyin mühafizəsinə təsir edən amillərdən biri də kollektiv müqavilələrdir: “Bunun əhəmiyyətini tərəflər dərk etməlidir Burada həm işçinin hüquq və azadlıqları,  həm də işəgötürənin məsuliyyəti öz əksni tapır. İkinci bir məsələ, çalışanların öz sosial məsuliyyətini dərk etməsidir. Burada hər bir çalışan öz hüquq və azadlığını bilməli, sosial təminat və pensiya ilə bağlı haqqını tələb etməyi bacarmalıdır.

Müsabiqənin təşkili isə stimul vermək və təhlükəsizlik məsələsinə diqqət ayırmaq baxımından çox təqdirəlayiqdir. İştirakçıların sayının ildən-ilə artması bu yöndə işəgötürənlər arasında marağın göstəricisidir.

Mən fürsətdən istifadə edib qalib olan qurumları təbrik edirəm və təklif edirəm ki, gələcəkdə nümunəvi olan bu qurumlara müəyyən güzəştlər verilsin. Bu, daha faydalı olar”.

Çıxış edən BƏT-in Azərbaycan üzrə milli əlaqələndiricisi Yaşar Həmzəyev deyib ki, BƏT ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və AHİK arasında əməkdaşlıq yüksək səviyyədədir. BƏT ölkələrdə layiqli əməyin təmin olunması yönündə fəal işlər görür. Bu il BƏT-in şüarı əmək sferasının gələcəyidir ki, burada da birbaşa gənclərin məşğulluğunun  artırılması, təhlükəsiz və layiqli əmək sisteminin tətbiqidir.

İstehsalatda baş verən bədbəxt hadisələrə təsir edən amillər var. Burada onların psixoloji, peşə hazırlığı və maarifləndirilməsi önəmlidir.

BƏT-in iş şəraiti ilə bağlı bir sıra konvensiyaları Azərbaycanda ratifikasiya olunub və müvafiq qurumlar tərəfindən tətbiqinə nəzarət olunur.

Bu müsabiqə əslində BƏT-in müvafiq konvensiyalarının icrasının yaxşı nümunəsidir. Mən təşkilatın adından çox sayda kollektivi əhatə edən belə bir müsabiqənin təşkilinə görə, Səttar müəllim başda olmaqla, həmkarlar ittifaqının əməkdaşlarına təşəkkürümü bildirirəm və qalibləri təbrik edirəm”.

Sonda “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2017-ci ilin ən yaxşı müəssisəsi (təşkilatı)” Respublika müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edilib.

Cavid SƏFƏROV