Qanla yazılan müstəqillik


Baxıldı : 608

Tarix : 2015-01-17 12:53:00


Hər bir millət öz müstəqilliyini qanı-canı bahasına əldə edir. Tarixə nəzər saldıqda xalqımızın da bu mərhələdən keçdiyini, şəhidlər verdiyini və sonda məqsədinə nail olduğunu görürük. XX əsrin əvvəlində müstəqilliyimizə gedən yol 1918-ci il 31 mart azərbaycanlıların ermənilər tərəfindən soyqırımı günündən, XX əsrin sonunda isə əbədi müstəqilliyimizə aparan yol 1990-cı il 20 Yanvar günündən başladı. Bu iki qanlı tarix göstərdi ki, tarixi dövlətçilik ənənələrinə malik olan xalqımızı dövlət müstəqilliyi uğrunda mübarizədə qorxutmaq, susdurmaq, dayandırmaq mümkünsüzdür. Hadisənin baş verməsi20 Yanvara gedən yol ermənilərin Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə başlayıb. SSRİ rəhbərliyinin ermənipərəst mövqe tutması, onların ərazi iddiasını təmin etməsi və aborigen xalq - azərbaycanlıların hüquqlarının tapdalanması Bakıda yerli əhali tərəfindən narazılıqla qarşılandı. Xalqın səsini boğmaq üçün \ Mərkəz\ tərəfindən silahlı ordudan istifadə qərarı verildi. Bununla onlar guya qiyamı yatırmaq və azadlıq hərəkatının imperiyanın digər bölgələrinə keçməsinin qarşısını almaq istədilər. Və Bakıya əliyalın əhali üzərinə o dövrün ən müasir silahları, texnikası ilə təchiz olunmuş qoşun yeridildi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını birdəfəlik ləğv etmək idi. İmperiya günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.Xalqın başına gətirilən bu cinayət sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Həmin gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, DİN xüsusi təyinatlıları və SSRİ DTK-nın təxribat qrupları tərəfindən təşkil olunmuşdu. Bu, mənfur planın tərkib hissəsi idi. Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda \ erməni kartından\ məharətlə istifadə etdi. Guya Bakıya qoşun erməniləri, hərbi qulluqçuların ailələrini qorumaq, \ millətçi ekstremistlər\ tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu, açıq riyakarlıq, imperiyanın növbəti qəddarlığını ört-basdır etmək üçün qabaqcadan hazırlanmış iftiralar və böhtanlar idi. Çünki sovet rəhbərliyinin \ dəlilləri\ hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11 min 500 əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. M.Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. SSRİ DTK-nın \ Alfa\ qrupu yanvarın 19-da axşam saatlarında Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərdən çox idi. Beləliklə, həmin gecə Bakının müxtəlif rayonlarında Sovet əsgərləri tərəfindən 137 insan qətlə yetirildi, 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı.Faciə şahidlərin dili iləBəs, həmin qanlı gecənin şahidləri baş verən faciəni necə xatırlayırlar? \ …O gecə tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər gördükləri bütün canlıları güllə yağışına tuturdular. Qəfil ölüm insanları nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə yaxalayırdı...\ . Qanlı yanvar gecəsinin canlı şahidləri müdhiş hadisəni belə xatırlayırlar.Qeyd edək ki, tanınmış operator, polkovnik-leytenant Seyidağa Mövsümlü xalqımızın yaddaşından heç vaxt silinməyəcək 20 Yanvar hadisələrinin də canlı şahidi olub, o tarixi anların bir hissəsini kameranın lentinə köçürə bilib. Seyidağa Mövsümlü həmin qanlı günləri belə xatırlayır: \ Yanvarın 19-da televiziyada növbətçi idim. Bizə demişdilər ki, Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçko və Etibar Məmmədov xalqa məlumat verəcəklər. Saat 8-ə 5 dəqiqə işləmiş dövlət televiziyasının enerji bloku Moskvadan gəlmiş xüsusi təyinatlı \ Alfa\ qrupu tərəfindən partladıldı. Sovet-rus əsgərləri televiziyanın giriş-çıxış qapılarını tutmuşdular. Partlayışdan bir qədər sonra əraziyə yanğınsöndürən və təcili tibbi yardım maşınları gəldi. Saat 11 radələrində hökumət nümayəndələri və digərləri televiziyaya gəldilər. Elektriklərimiz dedi ki, ehtiyat enerji bloku var, onu işə salıb efirə çıxmaq olar. Artıq gecə saatlarında bizə məlumat gəldi ki, rus əsgərləri camaatı qırır. Vəziyyət pis idi. Dövlət televiziyasının işıq sexinin rəisi Arif Zamanov dedi ki, radio ilə efirə çıxmaq olar. Operator köməkçisi Azər Muradovla efirə çıxdıq. \ Mayak\ radiosunun dalğasında xəbər yaydıq ki, Bakıda xalqı qırırlar, vəziyyət ağırdır! Hadisə mənə pis təsir etmişdi, qəhərlənmişdim, danışa bilmirdim\ ...Yalnız ayın 20-də televiziyanın sədr müavini Fuad Tanrıverdiyevin köməkliyi ilə bir kamera ala bildim. Həmin gün xəstəxanaları, küçələri çəkməyə başladım... O zaman kasetlərin çoxunu faciə ilə bağlı film hazırlamaq istəyən kinostudiyanın direktoru Ramiz Fətəliyevə verdim. Komitəyə qayıdanda gördüm ki, millət yığışıb ora. Əksəriyyəti qohum-əqrəbasını axtarırdı. Bir azdan xalq şairi Bəxtiyar Vahabzadə gəldi ora. O, dedi ki, Ali Sovetin sessiyasını çağırmaq istəyir. Bu zaman general Ovçinnikov və həmin erməni zabiti bizə yaxınlaşdı. Bəxtiyar müəllim soruşdu ki, bu kimdir? Dedim xalqımızın qanını tökənlərdən biridir! Bəxtiyar müəllim qəzəblə Ovçinnikovun üzünə tüpürdü! Rus generalı üzünü silə-silə soruşdu ki, kimdir bu? Rejissor Nazim Abbas dedi ki, Azərbaycanın xalq şairidir. Ovçinnikov onda dedi ki, \ əgər adi bir insan olsaydı, bu dəqiqə burada güllələyərdim!\ . Həmin gün Bəxtiyar müəllim radio ilə elan etdi ki, yanvarın 21-i axşam Ali Sovetin fövqəladə sessiyası çağırılır, bütün deputatlar gəlib iştirak etsinlər.İlk siyasi bəyanatUlu öndərin təşəbbüsü ilə bu qanlı faciəyə ilk dəfə siyasi-hüquqi qiymət verilib. Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən Heydər Əliyev oldu. Ümummilli lider xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi. Təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. 20 Yanvar hadisələri zamanı dinc əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri Azərbaycan müstəqillik əldə etdikdən sonra araşdırılmağa başlanıldı. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev dövrün mürəkkəbliyinə və görüləcək işlərin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəblərinin və günahkarlarının araşdırılması ilə dərindən məşğul oldu. \ 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında\ Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da \ 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında\ qərar qəbul edildi və 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Qərarda 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda vüsət almış milli-azadlıq hərəkatını boğmaq, demokratik və suveren dövlət amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Ulu öndər şəhidlərin ailələrini də dövlət qayğısı ilə əhatə etdi. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlət başçısının diqqətində olub. 1993-cü ildən başlayaraq 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər görülüb və bu gün də görülməkdədir. Prezidentin 17 yanvar 2000-ci il tarixli fərmanı ilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına \ 20 Yanvar şəhidi\ fəxri adı verilib, \ 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında\ 2003-cü il 15 yanvar tarixli sərəncama əsasən, əlil olmuş şəxslərə verilən aylıq müavinət artırılıb və bu iş indi də davamlı olaraq həyata keçirilir.Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Ölkənin iqtisadi durumunun yüksəlməsi özünü bu qəbildən olan insanların həyat və məişətində daha qabarıq göstərib. 2006-cı il yanvarın 19-da ölkə başçısının fərmanı ilə 20 Yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib. Dövlət başçısının fərmanı ilə 140 nəfər 20 Yanvar şəhidi” fəxri adı almış şəxslərin 180 nəfər ailə üzvünə ayda 300 manat məbləğində Prezident təqaüdü verilir. 2006-cı il yanvarın 1-dən qüvvəyə minən Əmək pensiyaları haqqında” qanuna əsasən, 20 Yanvar şəhidlərinin əmək pensiyasını alan hər bir ailə üzvünə aldığı pensiyadan başqa əlavə ödəniş verilir. Həkimlərimizin fədakarlığı1990-cı ilin qanlı 20 Yanvar gecəsində güllə yağışına tuş olan yaralıların harayına ən tez çatan Bakı şəhər təcili tibbi yardım stansiyalarının fədakar əməkdaşları oldular. Onlar həyatlarını təhlükəyə ataraq yaralıları xəstəxanalara daşıdılar, hətta bir çoxuna öz damarlarından qan verərək həyatlarını xilas etdilər. Müsahibimiz Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov həmin faciəli günü belə xatırladı: -1990-cı il yanvar ayının 19-u idi. Mən Yasamal rayonundakı Təcili Tibbi Yardım Stansiyasının baş həkimi vəzifəsində çalışırdım. Həmin gün bizi Dağlıq Qarabağa həkim briqadaları göndərilməsi ilə əlaqədar Səhiyyə Nazirliyinə çağırmışdılar. Oradan çıxıb iş yerinə qayıdarkən şəhərdə xaotik vəziyyət gördüm. Nəyinsə baş verəcəyi hiss olunurdu.İş yerimə qayıtdım. Yaxınlıqda yerləşən \ Salyan\ kazarmasının qarşısında insanların kütləvi şəkildə yığışdığını gördüm. Bu hərbi şəhərcikdə həddindən artıq miqdarda ordu toplanmışdı. Az müddət sonra fasilələrlə bir neçə dəstə adam yanıma gəldi. Ordunun şəhərə girməsinin qarşısını almaq üçün Qurd qapısı, XI Qızıl Ordu meydanı (indiki 20 Yanvar) ərazilərində insanların toplaşdıqlarını bildirdilər. Hər ehtimala qarşı tibbi ləvazımat və kömək istədilər. Yaranmış təhlükəni nəzərə alıb onlara dərman və sarğı materialları verərək həkimlərlə birlikdə deyilən ərazilərə yola saldım. Hər an baş verə biləcək hadisəyə hazır olduq. Axşam saat 8-ə bir neçə dəqiqə qalmış Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Sabir Adnayev mənə zəng vuraraq telestudiyanın partladıldığını və həkim briqadası götürərək oraya getməyimi tapşırdı. Dərhal ora getdik, qaranlıq həyətə girdik və televiziyanın enerji blokunun partladılaraq yararsız hala salındığının şahidi olduq. Sonra ora bir qrup insanın gəldiyini gördük. Aralarında deputatlar və xalq şairi Bəxtiyar Vahabzadə də vardı. Gecə saat 12-də \ Salyan\ kazarması deyilən ərazidə havaya işıq saçan güllələr atıldı. Anladıq ki, qoşunun şəhərə girməsinə əmr verilib və tələfat qaçılmazdır. Aradan bir-iki dəqiqə ötmüş bizə zəng vurub dərhal mərkəzin tərkibində olan 13 həkim briqadasını götürüb Salyan” kazarmasının yanına getməyi tapşırdılar. Yolda insanların qışqıra-qışqıra, vahimə içərisində ora-bura qaçdıqlarını gördük. Nərimanov prospektindən \ Xəzər\ kino-teatrının arxasına keçəndə baxdıq ki, hərbçilərə aid beşmərtəbəli binanın üç mərtəbəsinin pəncərələrindən avtomatlarla əhaliyə atəş açırlar. Küçədən keçən bütün insanlar gülləyə tuş gəlirdi. Gözlərimiz qarşısında ağ rəngli \ Jiquli\ maşınını vurdular, \ Qaz-24\ markalı avtomobili atəşə tutdular. İçərisindən adamlar çıxıb qaçmaq istərkən onları güllə ilə vurub yerə sərdilər. Həkimlərimiz böyük çətinliklə yaralıları götürdülər. Həmin günü bir şeyin şahidi oldum, insanlar güllədən qorxmurdular, öz həyatlarını təhlükə altına ataraq yaralıların harayına yetişirdilər. Silahlılar heç kimə aman vermirdilər - dinc əhalini, küçədən keçənləri, hətta yaşayış binalarını, bir sözlə, gözlərinə dəyən hər bir qaraltını atəşə tuturdular. Təcili yardım maşınlarının üstündə işıqlar yanırdı, amma buna baxmayaraq, bizə də güllə yağdırırdılar. Xəstəxanalarda işıqlar söndürülmüşdü, həkimlər lampa işığında işləyirdilər. Mərkəzi küçələrlə hərəkət etmək olmurdu. Səhər saat 5 radələrində üç oğlan yanımıza gəlib Milli Məclisin yaxınlığındakı Ordu İdman Klubunun ərazisində çoxlu yaralı və meyit olduğunu bildirərək bizi köməyə çağırdı. Sürücü çaşaraq maşını \ Xəzər\ kinoteatrının qarşısına sürdü, bu zaman bizi şiddətli atəşə tutdular. Sonradan maşınımıza 18 ədəd güllənin dəydiyini gördük, möcüzə nəticəsində sağ qaldıq. Yalnız sürücü yüngül yaralandı. Səhər saatlarında Bakıda fövqəladə vəziyyətin elan edilməsi haqqında məlumat verildi. Ümumiyyətlə, o gecə Bakı şəhərindəki bütün təcili yardım stansiyalarının əməkdaşları ölənlərin daşınmasına, yaralılara tibbi yardım göstərərək vaxtında xəstəxanalara çatdırılmasına səfərbər olunmuşdular. Həkim briqadaları qorxu bilmədən fədakarlıq göstərərək yaralı insanlara yardım etməyə çalışırdılar. Əsgərlər tərəfindən təcili yardım maşınları saxlanılır, həkimlər yoxlanılır, hətta yerə uzadılaraq axtarış aparılırdı. Əgər təcili tibbi yardım stansiyalarının əməkdaşları bu şücaəti göstərməsəydilər, ölənlərin sayı qat-qat artıq olardı. Şəhərin müxtəlif istiqamətlərindən, arxa küçələrdən, dar dalanlardan yaralıları götürüb, ilk tibbi yardım göstərəndən sonra xəstəxanalara çatdırırdıq. Xəstəxanalarda şam, lampa işığında ağır cərrahiyyə əməliyyatları aparılırdı. Həkimlərimiz, tibb işçilərimiz özlərini, ailə üzvlərini düşünmədən bunu edirdilər. O gecə həkimlərimiz fiziki və mənəvi təzyiqlərə məruz qaldı, böyük sarsıntılar keçirdilər. Və bu sarsıntılar onlarda dərin iz qoydu. Bəziləri hətta buna dözməyib vəfat etdi. Türkan-Pirallahı-Şüvəlan yolunun kəsişməsində yaralının köməyinə gedən Aleksandr Marxevka adlı bir həkimimiz təcili yardım maşınının içərisində güllələndi və şəhid oldu. Hazırda Şəhidlər xiyabanında uyuyur. Həkimlərimiz arasında bir neçə 20 Yanvar əlili də var. Və hər il biz səhiyyə işçiləri də Şəhidlər xiyabanına gedir, qəhrəman övladlarımızın ruhunu yad edirik.İstintaq materialları20 Yanvar hadisələrinin nəticələrini araşdırmaq üçün Ali Sovetin yaratdığı deputat istintaq komissiyasının və ictimai dəfn komissiyasının üzvü Xalid Muxtarlı bizə bildirdi ki, xalqın tələbi və bir qrup deputatın təşəbbusu ilə 1990-cı il yanvarın 21-də axşam cağırılan sessiya öz işini yanvarın 22-də səhər bitirdi: \ Komendant saatı olduğundan deputatlara xüsusi buraxılış vəsiqəsi hazırlandı ki, iclas dayandırılmasın və sessiya legitim olsun. Sessiya Bakıda fövqəladə vəziyyətin elan edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanının icrasının dayandırılması barəsində qərar qəbul etdi və qoşunların şəhərdən çıxarılması tələbini irəli sürdü. Həmçinin Azərbaycan SSR Ali Sovetinin fovqəladə sessiyasında Bakı şəhərində torədilmiş faciəli hadisələrin təhqiqi ucun deputat-istintaq komissiyası yaradıldı. Deputatlar dünyanın bütün xalqlarına və parlamentlərinə müraciət qəbul etdilər. \ Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında\ Ali Sovetin qəbul etdiyi 7 bənddən ibarət qərarın dərhal yerinə yetirilməsinin vacibliyi bildirildi. Deputat istintaq komissiyasının tərkibi müəyyən olundu. Sədr akademik Mitəd Abbasov, müavin Tamerlan Qarayev oldu, bundan başqa komissiyanın yüzə yaxın üzvü var idi. Üzvlərin əksəriyyəti hüquqşünaslardan təşkil olunmuşdu ki, hadisəyə hüquqi qiymət verilsin. Araşdırma aparıldı. Araşdırmanın nəticələri tam əsas verdi ki, o dövrdə SSRİ dövlətinin başçılarına qarşı cinayət işi qaldırılsın. Çünki Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında Azərbaycan hakimiyyət orqanlarına məlumat verilməmiş və SSRİ rəhbərliyi tərəfindən müstəqil qərar qəbul edilmişdi. Yəni Qorbaçov özü buna əmr verib. Hadisədən bir ay qabaq SSRİ xüsusi xidmət orqanlarının nümayəndələri Bakıda olmuş, vəziyyəti öyrənmiş və \ Mərkəzə\ məlumat ötürmüşlər. Və ardınca da məlum qanlı hadisələr baş vermişdi\ . Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, istintaq materialları 1992-ci ildə SSRİ dovləti süqut etdikdən sonra Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasına təqdim edilmişdi. 17 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan funksiyasını yerinə yetirən orqan) \ 20 Yanvarın \ Şəhidlər günü\ elan olunması haqqında\ qanun qəbul etdi. Qanuna əsasən, yanvarın 20-si ölkə ərazisində qeyri-iş günü elan olundu.18 yanvar 1992-ci ildə Ali Sovetin Milli Şurasında 1990-cı ilin 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev idi) hesabatı dinlənildi. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirildi.İstintaq müəyyən etmişdir ki, 1990-cı il yanvarın ortalarında SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilərək Qala və Nasoslu aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Respublikaya gətirilmiş hərbi qüvvələrin, əməliyyatlara rəhbərlik etmək üçün Bakıya gələn 300-dən artıq yüksək rütbəli zabit və generalların ərzaq təminatı, nəqliyyatla, yanacaqla təmin edilməsi respublika büdcəsindən ödənilirdi. Fövqəladə vəziyyətin yanvarın 20-də saat 00-da tətbiq edilməsinə baxmayaraq, qoşun hissələri yanvarın 19-da saat 21-dən etibarən birinci olaraq Türkan-Qala tərəfdən şəhərə yeridildi. \ Bakı əməliyyatı\ na rəhbərliyi birbaşa SSRİ müdafiə naziri Dmitri Yazov, SSRİ daxili işlər naziri Vadim Bakatin, SSRİ DTK sədrinin müavini Filip Babkov həyata keçirmişdilər.Bakı qarnizonunun qoşunları, gətirilən hərbi hissələr, hərbi gəmilərdən çıxarılan desant qrupları şəhər üzərinə hücuma keçdi. Ağır hərbi texnika çox asanlıqla barrikadaları dağıtdı. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını atəşə tutur, yaralıları öldürür, meyitləri yandırır, təhqir edir, eybəcər hala salırdılar. Adamları ağır hərbi texnikanın tırtılları altına salır, əzabla öldürürdülər. Bakıya yeridilən qoşun kontingenti qapalı düşərgələrdə saxlanılırdı. Onlarla əhali ilə ünsiyyətdə olmağa imkan verilmirdi ki, xalqın əliyalın olmasından xəbərdar olsunlar. Bakıya yeridilən əsgər və zabitlərə demişdilər ki, \ islam fundamentalistləri\ , \ pantürkistlər\ Azərbaycanda sovet hakimiyyətini ələ keçiriblər, ona görə də onları məhv etmək lazımdır. Məhz azərbaycanlılara qarşı nifrət hissi ilə köklənən, spirtli içkilər vasitəsilə qızışdırılaraq şəhərə hücum edən əsgər və zabitlər qadına, qocaya, körpəyə, hətta təcili yardım maşınlarının sürücülərinə və həkimlərə fərq qoymadan atəş açmış, onları vəhşicəsinə qətlə yetirmişdilər. Tanklar və BTR-lər içi insanlarla dolu minik maşınlarını əzib keçirdilər. Xəstəxanaların işıqlarını kəsmişdilər ki, yaralılara tibbi yardım göstərmək mümkün olmasın.Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Müəyyən olunmuşdur ki, \ Mülki və siyasi hüquqlar haqqında\ 1966-cı il Beynəlxalq Aktın birinci bəndinə əsasən, fərman imzalandığı andan fövqəladə vəziyyətin tətbiqi və müddətləri barədə Bakı şəhərinin əhalisinə rəsmi xəbərdarlıq edilməli idi. Lakin buna qəsdən əməl olunmamışdır. Kütləvi insan qırğını törədildikdən sonra- yəni 20 yanvar 1990-cı il səhər saat 5.30-da radio vasitəsilə Bakı şəhər komendantı V.Dubinyak fövqəladə vəziyyət tətbiq edildiyi barədə rəsmi məlumatı efirə vermişdir. Halbuki yanvarın 20-də saat 00-dan başlanmış hərbi əməliyyatlarda tanklardan və müxtəlif təyinatlı zirehli döyüş maşınlarından istifadə edilmiş, Xəzər hərbi donanmasına məxsus gəmilərdən şəhərə desant çıxarılmışdı. Azərbaycan xalqına qarşı törədilmiş bu təcavüz aktı mərhələ-mərhələ həyata keçirilmiş, şəhərdə qarətlərlə nəticələnən təxribatlar törədilmişdir.Fövqəladə vəziyyət elan edildikdən sonra da, yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində daha 57 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada 2 nəfər və yanvarın 26-da Lənkəranda 6 nəfər qətlə yetirilmişdir.Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.Bütün bunlar nəinki Azərbaycan xalqının gözünü qorxutdu, əksinə, onun Sovet imperiyasına qarşı nifrətini qat-qat artırdı. Xalq avtomat süngülərinin, tank lülələrinin ona tuşlanmasından qorxmayıb öz şəhidlərini küçə və meydanlardan topladı. Topun-tüfəngin hər küçədə, hər tində qoyulmasına, fövqəladə vəziyyət rejiminə baxmayaraq, yanvarın 22-də xalq öz şəhidlərini \ Azadlıq\ meydanından son mənzilə - Şəhidlər xiyabanına yola saldı. Dünyanın heç bir ölkəsində şəhidlərimizin dəfn mərasimindəki kimi izdihama təsadüf edilməyib. Azərbaycan xalqı 40 gün matəm saxladı. Xalq aclığa dözdü, lakin etiraz əlaməti olaraq 40 gün tətil etdi.Azadlığa gedən yol 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. 20 Yanvar faciəsi SSRİ-nin süqutunu daha da tezləşdirdi. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi. Bu il xalqımız 20 Yanvar hadisələrinin 25-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Bakının ən möhtəşəm məkanında Vətən uğrunda canlarını qurban vermiş mərd, igid oğul və qızlarımızın uyuduğu Şəhidlər xiyabanı xalqımız üçün müqəddəs bir and yerinə, milli iradəmizin şanlı-şərəfli bir salnaməsinə çevrilib. Şəhidlərimiz və Şəhidlər xiyabanı azadlığımızın, müstəqilliyimizin, milli iradəmizin simvolu kimi bundan sonrakı nəsillərə də bir qürur mənbəyi olacaqdır. Hər il olduğu kimi, bu il də yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.Azər MUSTAFAYEV