Qanun çıxarışı olmayan evlərə də tətbiq ediləcəkmi?


Baxıldı : 285

Tarix : 2019-12-13 17:15:10


2020-ci ilin yanvar ayının 1-dən etibarən evlər icbari qaydada sığorta etdiriləcək. Evini sığortalatdırmayanlara isə cərimə tətbiq olunacaq. Evlərin məcburi sığortalanmasının gecikməsi bu prosesin elektronlaşmaması ilə bağlı idi.

 

Yəqin çoxları üçün maraqlıdır ki, proses necə həyata keçiriləcək? Qanun çıxarışı olmayan evlərə də tətbiq ediləcəkmi? Məlum olduğu kimi, ipoteka ilə verilən evlər sığortalıdır. Bu evlər də icbari sığortaya cəlb olunacaqmı?

Suallarımızı cavablandırması üçün Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı və sığorta üzrə ekspert Xəyal Məmmədli ilə əlaqə saxladıq.

R.Osmanlı bildirdi ki, sığorta ilə bağlı rəqəmlər artıq açıqlanıb: “Bakıda və Abşeronda 50 manat müqabilində 25 min manatlıq sığorta paketi təklif ediləcək. Gəncə, Sumqayıt və Naxçıvanda 40 manat müqabilində 20 min manatlıq, digər yaşayış məntəqələrində isə 30 manat müqabilində 15 min manat sığorta məbləği müəyyən olunacaq. Qaydalara əməl etməyənləri 30 manat cərimə gözləyir. 20 gün ərzində müqavilə bağlanmasa, yenidən 30 manat cərimə tətbiq ediləcək. Onu da qeyd edim ki, evlərin icbari sığortasını 12 sığorta şirkəti həyata keçirəcək”.

Sığorta üzrə ekspert X.Məmmədli dedi ki, qanun 2011-ci ildə tətbiq olunan zaman İnzibati Xətalar Məcəlləsində cərimələr də müəyyən edilmişdi: “Sadəcə olaraq hüquqi şəxslərə münasibətdə qanun işləsə də, fiziki şəxslərə münasibətdə işləmirdi. Yalnız o vətəndaşların sığortası olub ki, onların müəyyən əmlakı üzərində notarial əməliyyat edilib və yalnız o halda notarius onlardan icbari sığortanı tələb edib və onlar sığortanı almağa məcbur olublar. Ancaq fiziki şəxslərdən heç kəs sığorta haqda heç nə tələb etməyib. Onu da qeyd edim ki, əsas problemlərdən biri də o idi ki, İcbari Sığorta Bürosu (İSB) ilə Dövlət Əmlak Komitəsinin reyestr məlumatları inteqrasiya olunmamışdı, bu da müqavilələrin İSB vasitəsilə buraxılmasına maneə yaradırdı. Hazırda bu məsələ öz həllini tapmaq üzrədir. Sistem tam qurulub başa çatdıqdan sonra isə vətəndaş İcbari Sığorta Bürosunun saytına daxil olub öz adını, soyadını və yaxud da şəxsiyyət vəsiqəsinin nömrəsini yazdıqda onun adına olan əmlaklar avtomatik olaraq çıxacaq. Əgər sığortalanma ilə bağlı müqavilənin vaxtı bitibsə, o zaman cərimə tətbiq olunacaq”.

X.Məmmədli çıxarışı olmayan evlərə sığortanın tətbiq olunub-olunmaması ilə bağlı məsələyə də toxundu. O bildirdi ki, bu evlərin nə sığortalanması mümkündür, nə də cərimələnməsi: “Təkcə Bakı və Abşeronda yarım milyondan çox sənədsiz tikili var. Birinci, sığortalanma mümkün olmalıdır ki, cərimə tətbiq olunsun. Qanuna görə, şəxsin həmin o mənzilə və yaxud da əmlaka mülkiyyətini təsdiq edən hər hansı bir sənəd, çıxarış və yaxud da order olmalıdır. Çıxarışı olmayan evlər təbii ki, İcbari Sığorta Bürosunun sistemində görünəcək və bilinəcək ki, bu evlər çıxarışsızdır və sığortası yoxdur. Əgər mənzilin sığortası yoxdursa, avtomatik olaraq həmin şəxsin elektron ünvanına və yaxud telefonuna mesaj göndəriləcək. Bu səbəbdən də düşünürəm ki, bunun üçün öncə evlərin sənədləşdirilməsi məsələsi öz həllini tapmalıdır.

İpoteka ilə verilən mənzillərə gəldikdə isə, onu qeyd edim ki, icbari sığorta hər bir halda tətbiq olunacaq. Belə deyək, vətəndaşın 1 milyon manatlıq əmlakı var, onun cəmisi 25 min manatını icbari sığorta əhatə edəcək. Artıq qalan məbləği vətəndaş istəsə, könüllü qaydada sığortlaya bilər. Ona görə də ipoteka üçün tətbiq olunan sığortalar və yaxud da digər könüllü sığortalardan asılı olmayaraq, icbari sığorta müqavilələri mütləq bağlanmalıdır”.

Ekspert sonda onu qeyd etdi ki, bu qanunun tətbiqi əhalinin istənilən təbəqəsinin maddi imkanlarına uyğun gəlir: “Düşünürəm ki, çox gözəl qanundur. Vətəndaş ildə 50 manat ödəməklə öz əmlakını baş verəcək bədbəxt hadisələrdən sığortalamış olur”.

A. SƏMƏDOVA