Qanun layihəsi Ukraynanın Həmkarlar İttifaqı hərəkatını təhdid edir


Baxıldı : 457

Tarix : 2020-06-05 06:04:36


İndustriALL Qlobal İttifaqı və onun Ukraynadan olan üzv təşkilatları 2681 nömrəli antihəmkarlar  ittifaqları qanun layihəsinə qarşı çıxır. Bu qanun qəbul edilərsə, Ukraynada birləşmə azadlığını ciddi şəkildə pozacaq və sosial dialoq sistemini məhv edəcəkdir.

Mayın 27-də Ali Radanın Sosial siyasət məsələləri və veteranların hüquqlarının müdafiəsi komitəsi 2681 saylı qanun layihəsini nəzərdən keçirib və parlamentə ilk oxunuşda qəbul etməyi tövsiyə edib. Bu qanun layihəsi Ukrayna Konstitusiyasına, BƏT-in əsas konvensiyalarına, o cümlədən “Assosiasiya azadlığı və təşkilatlanma hüququnun müdafiəsi haqqında” 87 nömrəli Konvensiyaya və “Təşkilatlanmaya və kollektiv danışıqların aparılmasına hüquq prinsiplərinin tətbiqi haqqında” 98 nömrəli Konvensiyaya, həmçinin Ukrayna ilə Avropa İttifaqı arasında assosiasiya haqqında Sazişə ziddir. Qanun layihəsinin müddəaları indiki halda birləşmə azadlığını ciddi şəkildə pozacaqdır. Belə ki, qanun layihəsi müəssisədə maksimum iki həmkarlar ittifaqının mövcudluğuna imkan verir. Həmkarlar ittifaqı üzvlərinin minimum sayının onadək artırılması təklif olunur. Bu da kiçik biznes sahələri işçilərini həmkarlar ittifaqlarına qoşulmaq və ya yaratmaq hüququndan məhrum edir; həmkarlar ittifaqlarına münasibətdə qeyri-müəyyən səlahiyyətlərə malik olan “nəzarət komissiyalarının” yaradılmasını nəzərdə tutur və sair.

İndustriALL Qlobal İttifaqın Baş katibi Valter Sançezin Ukrayna Prezidenti Vladimir Zelenskiyə göndərdiyi məktubunda deyilir: “Sizə xatırlatmaq istərdik ki, COVID-19 pandemiyasının yaratdığı böhranın qızğın çağında demokratiya, demokratik qaydalar və demokratik idarəetmə mövcud problemlərin aradan qaldırılmasının açarıdır. Həmkarlar ittifaqları, bütün dünyada olduğu kimi, ölkənizdə demokratik infrastrukturun yaradılması və inkişafında əsas oyunçulardır. Həmkarlar ittifaqlarının düzgün işləmələri üçün lazımi şəraiti təmin etməyə və onların qarşısında maneələr yaratmamağa çağırıram.

Qlobal birliyimiz insanların hüquq və istəklərini işgüzar və iqtisadi maraqlardan üstün tutmağınızı gözləyir”.

İndustriALL Ukrayna prezidentini bu qanun layihəsini dərhal rədd etməyə və Ukrayna tərəfindən ratifikasiya olunmuş beynəlxalq konvensiyalara və Ukrayna ilə AB arasında Assosiasiya Sazişinə tam əməl etməyə çağırır. IndustriALL həmçinin Ukrayna Parlamentinə qanun layihəsini nəzərdən keçirməməyi tələb edən bir məktub göndərmişdir.