Qanuna əməl etməyənlər cərimələnəcəklər


Baxıldı : 278

Tarix : 2018-01-12 22:32:32


Məlum olduğu kimi, ötən ilin dekabr ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilib. Artıq tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədilə qadağan olunan yerlərdə tütün çəkilməsinə görə cərimələr də tətbiq olunacaq. Bundan sonra müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılması və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının asılması zəruri olacaq.

Qeyd edək ki, tütün məmulatlarından siqaret, sulu qəlyan və elektron siqaretdən istifadəyə, eyni zamanda xüsusi ayrılmış yerlər istisna olmaqla, motel, hostel, habelə fiziki şəxslərin gecələməsi və ən azı 24 saat ərzində qala biləcəkləri digər yerləşdirmə obyektlərində də icazə verilməyəcək. Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

İnzibati Xətalar Məcəlləsinin 212.1. maddəsinə əsasən, qadağan edilmiş yerlərdə siqaret çəkməyə görə otuz manat məbləğində cərimə ediləcək.

Müəssisələrdə, idarələrdə, təşkilatlarda siqaret çəkmək üçün xüsusi yerlərin ayrılmasının və görünən yerlərdə “siqaret çəkmək qadağandır” xəbərdarlıq yazısının və ya işarəsinin olmasının təmin edilməməsinə görə isə vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimələnəcək.

 Azər MUSTAFAYEV