Qanunlara riayət edək, özümüzə problem yaratmayaq


Baxıldı : 77

Tarix : 2017-09-16 00:41:29


Bakı şəhəri, onun ətrafında və digər bölgələrdə bildiyiniz kimi, yüz minlərlə qanunsuz tikilmiş evlər və qeyri-yaşayış sahələri var. Onların xeyli hissəsi kommunal xidmətlə təmin edilib. Ötən ilin əvvəlində qanunsuz tikililərlə bağlı ölkə başçısının imzaladığı fərmana əsasən, problemin həllini tapacağı gözlənilir. Bu barədə dəfələrlə həm Milli Məclisin Regional Məsələlər Komitəsindən və digər dövlət təsisatlarından da bildirmişlər. Hətta Bakı Şəhər İcra Hakimiyyətinə dəqiq siyahı tutulması barədə bir neçə il bundan əvvəl göstəriş də verilib.

Qeyd edək ki, dövlət başçısının imzaladığı fərmana əsasən, tikintiyə dair layihəsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış, yaxud mülkiyyət hüququna dair lazımi sənədləri olan tikililər qanunvericiliyə uyğun olaraq sadələşdirilmiş formada özəlləşdirilməlidir. Lakin qadağan olunmuş yerlərdə tikilmiş evlər də var və bu tikililərin vəziyyəti necə olacaq? Fərmana əsasən, sənədsiz evlərin sənədləşdirilməsi üçün müvafiq müraciət edilməlidir. Bakı və Abşeron yarımadasında bələdiyyələrin sərəncamı ilə qanunsuz ayrılmış, qismən də zəbt edilmiş torpaqlarda tikilən və müvafiq icra hakimiyyəti ilə tikinti layihəsi razılaşdırılmayan evlərə gəlincə, burada qanunvericiliyin tələblərinin pozulduğu qeyd edilir. Reyestr xidməti üzrə ekspert Əli Abdullayev söhbət zamanı bildirdi ki, dövlət başçısının il yarım əvvəl imzaladığı fərmanda da qeyd edilir ki, bu işlər qanunvericiliyə uyğun həll edilməlidir. Yəni qaz xəttinin, neft buruqlarının üstündə, yüksək gərginlikli cərəyan xətlərinin altında yerləşən evlərə heç zaman özəlləşmə sənədləri verilə bilməz. Əgər bir faciə baş versə, bütün məsuliyyət sənəd verən təşkilatın üzərində qalır. Baxmayaraq ki, belə evlərin çoxu torpaq, əmlak və digər vergilərə cəlb olunub. Lakin hələ rəsmiləşdirilməyib.

Ekspert daha sonra dedi: Qanunsuz tikililərlə bağlı problemin bir çox səbəbləri var. Torpağı verən bələdiyyələrin heç xəbəri də olmur ki, başqa bələdiyyənin torpağını paylayıb. Bir çox bələdiyyələrin heç ərazisi də müəyyənləşməyib. Xəritələr müəyyənləşməlidir ki, bu məsələlərin həlli mümkün olsun. Bir də ki, burada dövlət orqanlarının günahı çoxdur. Müəyyən şərait yaradılır ki, hasarlar çəkilsin, evlər tikilsin. Sonra da başlanır haray-həşir. Qanunsuz evlər tikildi, torpaqlar zəbt olundu. Rayonlarımızın əksəriyyətində bu problem var.

Vəziyyətdən çıxış yolu necədir? Gələcəkdə bu cür problemlərin yaşanmaması üçün layihə sənədləri olmayan heç bir tikintiyə icazə verilməməlidir. Vətəndaş əvvəlcədən bilməlidir ki, nəyinsə hesabına tikilən belə mülklər gələcəkdə onlar üçün başağrısına çevriləcək.

Əhəd İBADOV