Qarşıdakı 4 ildə iqtisadi prioritetlər...


Baxıldı : 299

Tarix : 2015-12-19 05:26:00


İqtisadiyyat və Sənaye Nazirliyi qarşıdakı 4 ildə iqtisadi vəziyyətin proqnozlaşdırılmasını nəzərdə tutan layihə hazırlayıb. Dünyada baş verən qlobal böhran meyilləri nəzərə alınmaqla hazırlanan sənəd ortamüddətli dövrdə Azərbaycanda makroiqtisadi sabitliyin qorunması və böhrana qarşı adekvat tədbirləri nəzərdə tutur. Başlıca prioritetlər müsbət iqtisadi artım tempi, inflyasiyanın aşağı səviyyəsi, manatın məzənnəsinin sabitliyi, xarici borclanmaya konservativ yanaşmadan ibarətdir. 2016-2018-ci illəri əhatə edən ssenariyə görə, 2016-cı ildə ölkə üzrə real iqtisadi artım 1,8 faiz olacaq, ÜDM istehsalı 57,7 mlrd. manat təşkil edəcək.Ölkənin maliyyə dayanıqlığının təmin edilməsi ümumi siyasi xətti təşkil edəcək. Bu məqsədlə qarşıda duran mühüm vəzifələr sırasında qeyri-münbit xarici mühit şəraitində, həmçinin dövlət və icmal büdcələrin gəlir və xərclərinin azalması fonunda, sosial prioritetliyə üstünlük verilməklə fiskal yığcamlaşdırma siyasətini həyata keçirmək, iqtisadiyyatın dayanıqlığını təmin etməklə, onun aparıcı sahələrinin modernləşməsini və şaxələnməsini davam etdirmək, dövlət sektorunda xərclərin səmərəliliyini artırmaq, dövlət və icmal büdcələrin cari və əsaslı xərclərinin idarə olunmasını təkmilləşdirmək əsas yer tutacaq. Eyni zamanda dövlət büdcəsində nəzərdə tutulan bütün sosial öhdəliklərin, əsas dövlət proqramlarının, təhsil, səhiyyə, sosial, mədəniyyət layihələrinin, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin təmin edilməsi üçün maliyyə təminatı yaratmaq, pensiya təminatı üzrə maliyyə dayanıqlılığını daha da artırmaq növbəti ildə də prioritet vəzifələr sırasına daxil edilib.ELBRUS