Qarşımızda kifayət qədər ciddi vəzifələr durur


Baxıldı : 193

Tarix : 2015-01-17 12:30:00


2015-ci il Təhsil İşçiləri Azad Həmkarlar İttifaqlarının ilk təşkilatlarında hesabat-seçki kampaniyası ilidir. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin 30 oktyabr 2014-cü il tarixli qərarına əsasən, hazırda Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının üzv təşkilatlarının xidmətində olan ilk həmkarlar ittifaqı təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilir. Kampaniya mart ayının sonuna kimi yekunlaşacaqdır. Bu, hər birimiz üçün məsuliyyətli bir dövrdür. Üç ildə görülən işlərə yekun vuraraq qarşıdakı hesabat illəri üçün fəaliyyət istiqamətlərimizi müəyyənləşdirməli, həmkarlar ittifaqı komitələrinin yeni üzvlərini seçməliyik. Bu il ilk təşkilatlarda eyni zamanda yeni sədrlər seçiləcəkdir. Bu, çox ciddi məsələdir. Təşkilatlarımıza təsadüfi adamların deyil, ən layiqli, indiki real vəziyyət və şəraitə uyğun işləməyi bacaran, çevik, işgüzar, nüfuzlu fəalların seçilməsinə nail olmalıyıq.Əlbəttə, bu məsələ \ mən istəmirəm, qoy onu seçsinlər\ prinsipi ilə deyil, qarşıda duran vəzifələrin öhdəsindən gələ bilən, ittifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarını və qanuni mənafelərini müdafiə etməyi bacaran, peşəkar, məsuliyyətli, tələbkar kadrlara üstünlük vermək yolu düzgün həll olunmalıdır.Həmkarlar ittifaqı komitəsinin sədri işəgötürənlə danışmağı bacarmalıdır, axı o özü haqqında xahiş etmir, təmsil etdiyi əmək kollektivi adından danışır. Ona bu işdə hər birimiz kömək etməli, hüquqi yardım göstərməliyik.Bir fikir hamıya aydın olmalıdır: \ Həmkarlar ittifaqı təkcə komitə üzvlərindən və sədrlərdən ibarət deyil, həmkarlar ittifaqı-biz hamımızıq\ .Qarşımızda duran ikinci məsələ həmkarlar ittifaqı kadrlarının gəncləşdirilməsi siyasətini həyata keçirməkdir.Son vaxtlar təhsil sahəsində xeyli gənc, istedadlı kadrlar hazırlanmışdır. Həmkarlar ittifaqları bu imkandan daha yaxşı yararlanmalı. İstedadlı gəncləri ittifaqa, onun seçkili və rəhbər orqanlarına cəlb etməklə onların imkanlarından səmərəli istifadə etməlidir.Biz yalnız bu yolla sıralarımızı möhkəmləndirə, yaşlı nəsillərin müsbət təcrübəsindən istifadə etməklə təşkilatımızı çevik, işgüzar, dinamik orqana çevirə bilərik.Əlbəttə, hesabat-seçki kampaniyası bizə ictimai əsaslarla çalışan fəallarımızı da maddi və mənəvi cəhətdən müdafiə etmək üçün yeni şans verir və bizi bu haqda düşünməyə vadar edir.Biz yaddan çıxarmamalıyıq ki, bu insanlar öz əsas peşə fəaliyyəti ilə yanaşı, həmkarlar ittifaqlarında da ictimai əsaslarla xeyli iş görürlər. Ona görə də ictimai əsaslarla fəaliyyət göstərən kadrlarımızın əməyinin layiqli qiymətləndirilməsi yolları barədə də düşünməliyik. Nəhayət, hesabat-seçki kampaniyası bizə təhsil sahəsində çalışan hər bir ittifaq üzvünə həmkarlar ittifaqının onun şəxsi və ictimai həyatındakı rolu barədə ətraflı məlumat vermək imkanı yaradır, ittifaqımızın sıralarına yeni üzvlərin cəlb olunması təcrübəsi barədə biliklər verir. Son illər sahə həmkarlar ittifaqı öz işini müasir tələblər səviyyəsində qurur, yeni ideyalar, layihələr üzərində iş aparır, dünya həmkarlar ittifaqlarına sürətlə inteqrasiya olunur, qabaqcıl təcrübəni öyrənir və sahə komitəsinin fəaliyyətində səmərəli istifadə edir.Bu gün bizim ittifaq respublikada ən böyük, ən çevik həmkarlar ittifaqlarından biridir. Müsbət işlərimiz çoxdur, lakin uğurlarımızla arxayınlaşmamalı, daha yaxşı işləməliyik. Bu bizim vəzifə və vətəndaşlıq borcumuzdur. İttifaq üzvlərimiz təşkilatımız barədə nə qədər çox məlumat əldə edərlərsə, qarşımızda duran vəzifələr, onun həlli yollarını daha yaxşı başa düşər, ittifaqımızın güclənməsi, hərtərəfli inkişaf etməsi, sıralarımızın və maddi-texniki bazamızın möhkəmlənməsi üçün daha çox birləşməyə səy göstərərlər.Bu işdə hər birinizə yeni-yeni uğurlar, yeni seçiləcək həmkarlar ittifaqı fəallarına müvəffəqiyyətlər, xoşbəxtlik və səadət arzulayırıq!Mirzə CƏFƏRZADƏ,TİAHİ Respublika Komitəsinin sədr müavini