Qarabağ Azərbaycandır və nida işarəsi


Baxıldı : 23

Tarix : 2019-10-04 18:14:37


Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub. Görüş zamanı dövlətlərarası əlaqələrdən danışılıb. Rusiya Federasiyasının Prezidenti deyib ki, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir.

Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə, iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq.

Azərbaycan Prezidenti İlham Əliyev Valday diskussiya klubunu müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkan adlandırdı.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da xüsusi qeyd etdi. “Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da, əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq”, - dedi.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrində əməkdaşlıq barədə müzakirələr aparıldı.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təkbətək söhbət etdilər.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Soçidə Rusiyanın “Rossiya” və “Birinci” televiziya kanallarının müxbirlərinin suallarını cavablandırıb.

***

Oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyası keçirilib.

Rusiya Prezidenti Vladimir Putin, İordaniya Kralı II Abdulla sessiyada çıxış edərək gündəlikdə duran məsələlərin Asiyaya aid olduğunu dedilər.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev çıxış etdi.

Dövlətimizin başçısı plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirdi, Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər saldı.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalının nəticələrinə diqqət yetirdi, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur yerinə yetirilmədiyini vurğuladı. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq dedi: “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

Sonra Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Filipin Prezidenti Rodriqo Roa Duterte çıxış etdilər.

Daha sonra Prezident İlham Əliyev və tədbir iştirakçıları sualları cavablandırdılar.