Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüş keçirilib


Baxıldı : 43

Tarix : 2019-08-09 17:53:34


Avqustun 9-da - Qurban bayramı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Qarabağ müharibəsi veteranları və əlilləri ilə görüşüb. AHİK sədri görüşdə iştirak edən müharibə iştirakçılarını, onların ailələrini İslam dünyasının qarşıdan gələn müqəddəs bayramı münasibətilə təbrik edib.

S.Möhbalıyev bildirib ki, ölkə rəhbərliyi tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı artırılır, onların həyat şəraitinin, sosial təminatlarının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Sosial islahatlar paketinin tərkib hissəsi kimi, bu il Prezidentin aylıq təqaüdü şəhid ailələri üçün 242 manatdan 300 manata çatdırılıb, müharibə əlilləri üçün də sosial müavinət və təqaüdlər orta hesabla 100 faiz artırılıb, I qrup əlilliyi olanlara (o cümlədən I qrup müharibə əlillərinə) qulluq edənlər və müharibə veteranları üçün Prezidentin aylıq təqaüdü təsis edilib. Şəhid ailələri və müharibə əlillərinə avtomobillər verilir, onların mənzillə təminatı davam etdirilir.

Həmçinin ölkə başçısının müvafiq Fərmanının icrası olaraq, şəhidlərin vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatı işləri davam edir. Ümumilikdə 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən edilib. Onlardan bu günədək 11294 şəhidin 16764 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olunmaqla, birdəfəlik ödəmə ilə təminat proqramı artıq 92,1 faiz icra olunub.

Millət vəkili diqqətə çatdırıb ki, Ermənistanın baş nazirinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edərək orada təxribatçı açıqlamalar verməsi  regionu yeni təhlükələrlə üzbəüz qoyur. Ermənistan baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini ayaq altına atır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir. Yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərindədir. 

Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək.

Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Ordumuzun döyüş hazırlığı və təminatı yüksək səviyyədədir. Ən müasir silahlarımız və texnikalarımız var. Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində son illərdə Azərbaycan Ordusu, istər döyüş qabiliyyətinə, istər maddi-texniki bazasına, istərsə də müasir silah-sursat arsenalına görə, regionda lider yerlərdən birini tutur.

Millət vəkili Qarabağ müharibəsi veteranlarının və əlillərin hər zaman AHİK-in diqqət mərkəzində olduğunu deyib. Onlarla mütəmadi olaraq görüşlərin keçirildiyini, problemlərinin həllinə xüsusi həssaslıqla yanaşıldığını, istirahət və müalicələrinin təşkili istiqamətində atılan addımları da diqqətə çatdırıb. 

Görüşdə iştirak edənlər ölkəmizdə geniş vüsət alan sosial müdafiə tədbirlərini, həssas qrupların rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər.  Diqqət və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, xalqımızın, o cümlədən müharibə veteranlarının bir amalı və arzusu var ki, bu da Qarabağın tezliklə işğaldan azad olunmasıdır.

Bildiriblər ki, xalqımızın birliyi, müstəqil dövlətimizin gücü və qüdrəti, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi sayəsində Qarabağın tezliklə işğaldan azad ediləcəyinə inanırlar və sağlamlıqlarını itirmələrinə baxmayaraq, bu mübarizəyə hazırdırlar.

Sonda görüşdə iştirak edənlərin hər birinə maddi yardım təqdim edilib.

Tədbirdən sonra Qarabağ müharibəsi veteranlarının bir neçəsi qəzetimizin əməkdaşına razılıq dolu fikirlərini bildiriblər.

Qarabağ müharibəsi veteranı, II qrup əlil Marif Səfərov onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Bu gün AHİK sədri Səttar Möhbalıyev də bizi çox səmimi qarşıladı. Dərdimizi dinlədi. Arzumuz odur ki, işğal olunmuş ərazilərimizi tezliklə azad edək. Şuşada, Xankəndidə, Laçında, o cümlədən digər rayonlarımızda öz bayrağımızı ucaldaq. Yenidən döyüşə atılmaq üçün Ali Baş Komandanımızın əmrini gözləyirik.

Qarabağ müharibəsi veteranı Ramiz Xəlilov da daim qayğı ilə əhatə olunduqları üçün cənab Prezidentə öz təşəkkürünü bildirib. Deyib ki, biz yerlərdə də dövlət başçımızı təmsil edən insanların bizə xöş münasibətinin şahidi oluruq. AHİK sədri Səttar Möhbalıyevdən çox razıyıq. Nə zaman müraciət etsək bizi  qəbul edir, köməklik göstərir.