Qarabağdan “Qarabağ”a qədər


Baxıldı : 103

Tarix : 2018-02-16 21:59:20


Azərbaycan Həmkalar İttifaqları Konfederasiyasının V qurultayında qonaq qismində iştirak etmiş Türkiyənin “Məmur-Sen” Sendikasının nümayəndə heyəti Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində olmuşdur.

Qonaqları Respublika Komitəsinin sədri Hikmət Osmanov qəbul etmişdir. Sədr qonaqları ittifaqın strukturu, iş üsulu, tərəfdaşlarla qarşılıqlı münasibətləri və sair barədə ətraflı məlumatlandırmışdır. Demişdir ki, fəaliyyətimizdə sosial dialoqa üstünlük veririk. Sosial dialoq zamanı əldə etdiyimiz razılaşmalar iki il müddətinə tərəfdaşlarımızla bağladığımız kollektiv sazişlərdə əksini tapır. Sazişlərdə götürülmüş öhdəliklərin icrası müştərək yaradılmış komissiya üzvləri tərəfindən nəzarətdə saxlanılır.

Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti 1994-cü ildə ümummilli liderimiz Heydər Əliyevin imzaladığı “Həmkarlar ittifaqları haqqında” qanunla tənzimlənir. Bu qanun, iqtisadi, sosial proseslərə uyğun olaraq, daim təkmilləşdirilir. Təkcə son illərdə həm bu qanuna, həm  Əmək Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin təşəbbüsü və təklifi ilə onlarla əlavə və dəyişiklik edilmişdir.

Sədr bu əlavələrin bir neçəsini diqqətə çatdırdı. Dedi ki, Əmək Məcəlləsinin 80-ci maddəsinə olunmuş əlavəyə əsasən, işəgötürən həmkarlar ittifaqı üzvünü təşkilatımızın razılığı olmadan işdən azad edə bilməz. Əks halda işçi məhkəmənin qərarı ilə yenidən öz işinə bərpa olunur.

İnzibati Xətalar Məcəlləsinin 196-cı maddəsinə olunmuş əlavədə isə qeyd edilir ki, həmkarlar ittifaqı təşkilatları hesabına 4 iş günü ərzində üzvlük haqlarını köçürməyən müəssisələrin vəzifəli şəxsləri 1000 manatdan 1500 manatadək cərimələnirlər.

Hikmət müəllim qonaqlara təklif etdi ki, Respublika Komitəsinin şöbələrini gəzsinlər, iş prosesi ilə əyani tanış olsunlar. Qonaqlar yaradılmış iş şəraitini yüksək dəyərləndirdilər. İşçilərlə söhbət etdilər. Sənədlər toplanmış qovluqlara baxdılar. Onları maraqlandıran suallara cavab aldılar.

Nümayəndə heyətinin rəhbəri, “Məmur-Sen”in başqanı Əli Yalçın qəbul üçün H.Osmanova təşəkkür etdi. Gördüklərindən və eşitdiklərindən çox məmnun qaldığını söylədi. Dedi ki, həmkarlar ittifaqlarının məqsədi eyni olsa da, ona çatmaq yolları fərqlidir. Təcrübəniz zəngin, əldə etdikləriniz diqqətçəkəndir. Sizdən öyrənməyə çox şey var. Mən Türkiyədə öz işimizdə tətbiq oluna biləcək təcrübə topladım.

Faydalı keçən görüşdən bir məqamı da oxucularımıza təqdim etməyi vacib saydım. Hikmət müəllim qonaqlara üzərində “Qarabağ” yazılmış futbol maykası hədiyyə etdi. Dedi: “bunları övladlarınıza verərsiniz, “Qarabağ” sözünün mənasını soruşsalar...”

Əli bəy dərhal cavab verdi: “Biz onlara Qarabağdan tutmuş “Qarabağ”a qədər hər şeyi danışacağıq”.

Həmin gün Respublika Komitəsi əməkdaşlarının müşaiyəti ilə qonaqlar Bakının tarixi və görməli yerlərini, o cümlədən “Türk əsgəri abidəsi”ni ziyarət etdilər. Gördüklərini böyük məhəbbətlə telefonlarının yaddaşına köçürdülər.

Görüşdə iştirak edən müxbirimizin fürsətdən yararlanıb Əli bəydən götürdüyü müsahibəni təqdim edirik:

“Millət, dövlət və

dünya məsələləri ilə əlaqəli AHİK-in gözəl həssaslığı var”

- Əli bəy, qurultaydan aldığınız təəssürat necə oldu?

- Əvvəla deyim ki, Azərbaycan həmkarlar ittifaqları ilə sıx əlaqələrimiz var. Qarşılıqlı olaraq toplantılarımızda böyük məmnuniyyətlə iştirak edirik. V qurultayınıza da 4 nəfərlik heyətlə qatılmışıq.

Qurultayınızın təşkili son dərəcə yüksək idi.

Salondakı coşqulara görə Səttar müəllimə, onun şəxsində Konfederasiyanın rəhbərliyinə, işçilərinə təşəkkür edirik.

Qurultay bizim üçün bir neçə  baxımdan əhəmiyyətli oldu.

Birincisi, buradakı sözləşmə sistemi, işçilərin hüquqları, sosial-iqtisadi vəziyyətləri, sendikaların mövqeyi məsələsində lazımi məlumatlar əldə etdik.  Bu məlumatlar bizim üçün son dərəcə qiymətli idi.

İkincisi, salonda həmkarlar ittifaqının əzəmətini gördük. Xarici ölkələrdən gələn nümayəndələr bu mənada son dərəcə qiymətli idi. Bu da AHİK-in əzəmətini yəni, sadəcə milli bir işçi birliyi deyil, eyni zamanda beynəlxalq bir qurum olduğunu göstərir. Bu da bizim üçün son dərəcə önəmli idi və bununla qürur duyduq.

Azərbaycanı biz son dərəcə diqqətdə saxlayırıq. “İki dövlət, bir millət” düsturu ilə yanaşırıq. Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Nə zaman dünya gündəmində Azərbaycanla bağlı bir məsələ olsa, biz də ordayıq.

- İki qardaş təşkilatın strukturunda, iş üslubunda hansısa fərqlər varmı?

- Türkiyədə həmkarlar ittifaqı təşkilatları arasında ciddi rəqabət mövcuddur. Çünki Türkiyədə bir neçə  konfederasiya fəaliyyət göstərir. Azərbaycanda isə bir konfederasiya və ona üzv olan sahə həmkarlar ittifaqları var. Bu da vahid bir sistem deməkdir. Belə sistemin müsbət yönləri  çoxdur.  İttifaq üzvlərinə sosial və iqtisadi mənada  Konfederasiyanın sahib çıxdığı görünür. Bu, son dərəcə qiymətli bir şeydir. İttifaqlar arasında birlik, bütünlük daha çoxdur. Həm dövlətlə, həm də işəgötürənlərlə çox ciddi qarşılıqlı sosial dialoq var. Bu da qurultay zamanı  salonda və ikili görüşmələrdə hiss olunur. Bu, eyni zamnda həmkarlar ittifaqı təşkilatının ölkədə diplomatik mövqeyinin artmasına inkan verir. Millət, dövlət və dünya məsələləri ilə əlaqəli AHİK-in gözəl həssaslığı var. Bu da bizi sevindirir. Buna görə də sistemin bütün incəliklərini araşdırmağa  çalışdıq. Fərq və oxşarlıqları not aldıq.

Azərbaycanda oturuşmuş həmkarlar ittifaqı sistemi var. İttifaqlararası rəqabətin olmaması  sendikaların gücünü və mövqeyini artırır. Bundan başqa, Azərbaycanda həmkarlar ittifaqı təşkilatlarının işçilər üçün yaratdığı sosial üstünlüklər var. Buna görə də, mənim buradakı işçi qardaşlarıma tövsiyəm odur ki, həmkarlar ittifaqı ilə güc birliyini davam etdirsinlər. Həmkarlar ittiaqının gücü işçinin gücüdür. Birlik və bərabərlik daha da gücləndirilməli və davamlı olmalıdır.

Bəyalı RZAYEV