Qarpızdan zəhərlənmə hallarına rast gəlinir Bəs yoxlamalar necə aparılır?


Baxıldı : 89

Tarix : 2017-07-22 00:40:28


İsti yay aylarının ən ləziz qidalarından biri də qarpızdır. Amma qarpızı yeməyin də öz zamanı var. Buna riayət etmədikdə bəzən nəticəsi elə də ürəkaçan olmur. Elə hər il olduğu kimi, bu il də qarpızdan zəhərlənmə hallarına rast gəldik.

Zəhərlənmə hallarının qarşısını necə almaq olar və bu sahədə yoxlamalar necə aparılır?

Bu aktual məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov və tibb üzrə ekspert Rasif Bağırovun fikirlərini öyrəndik.

AİB sədri Eyyub Hüseynov satışda olan qarpızlarda zəhərlənmə hallarının yüksək olduğunu dedi. O bildirdi ki, normalara görə qarpızın 1 kiloqramında maksimum nitratların, yəni zəhərləyici maddələrin miqdarı 60 milliqramdan artıq olmamalıdır. Bir adam bir sutka ərzində əgər 200-300 milliqram nitrat qəbul edərsə, bu, yolverilən maksimum həddir: "Şəxsən özüm keçən il bostan mövsümündə AİB-də olan xüsusi cihazla monitorinq apardım və Bakı bazarlarının birində də tərkibində normada nitrat olan qarpıza rast gəlmədim. Artıq bu ildə də istixanalarda yetişdirilən qarpızların monitorinqini aparmışam. Məlum olub ki, istixanalarda yetişdirilən qarpızlarda nitratların miqdarı nisbətən azdır. Onu da qeyd edim ki, avqust ayında yetişdirilən qarpızın təhlükəsiz olması fikri də yalnışdır. Keçən il avqust ayında yoxladığımız bostan bitkilərinin tərkibində yetərincəyə qədər dərmana rast gəldik. Mən deyərdim ki, bu işlərin məsuliyyəti əslində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə aiddir. Nazirliyin yerlərdə, rayonlarda nümayəndəlikləri, yeriyən laboratoriyaları var, həmin avtomobillərə yanacaq, material, pul ayrılır, mütəxəssislər təyin edilir. Onlar kəndlinin yanında olub bu barədə mütəxəssis rəyi verməlidirlər. Onu da qeyd edim ki, bazarlara gətirilən qarpızlar üçün Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumları tərəfindən sənəd verilməli, ekspertiza aparılıb nitratların miqdarı ölçülməli və ondan sonra satışa buraxılmalıdır".

E.Hüseynov nitratsız qarpızın göstəriciləri haqqında da məlumat verdi: "Nitratsız qarpız 5 kiloya qədər çəkisi, içi al qırmızı və qabığı yarım santimetrdən qalın olmalıdır. Bu parametrlərə fikir verib qarpız alınmalıdır. Və sonda onu da qeyd etmək istəyirəm ki, kim dərmansız, sağlamlığa heç bir zərəri olmayan qarpız almaq istəyirsə, mən onlara bizdə olan cihazlarla təmənnasız olaraq ekspertiza keçirib vəziyyəti deyə bilərəm. Yəni bizə qarpızın nümunəsini gətirsinlər və mən burada yoxlayıb rəy bildirim". 

Tibb üzrə ekspert Rasif Bağırov bildirdi ki, qarpızdan zəhərlənmə halları daha çox uşaqlarda rast gəlinir: "Çünki uşağın bədənində həmin zərərli, tərkibi neytrallaşdıran maddə olmur. Buna görə də onların bədəni reaksiya verir və hətta ölüm hallarına gətirib çıxarır. Amma yaşlı insanlarda zəhərlənmə halları uşaqlardakı qədər olmaya bilər. Çünki əvvəldən qəbul etdiyi qidalarda azot tərkibi olduğu üçün  artıq orqanizmdə alışqanlıq yarandığından uşaqlardakı qədər əks təsir vermir. İlkin əlamətləri isə halsızlıq, qarın nahiyəsində ağrılar və yaxud da ki, ürəkbulanmalardır. Bunlar baş verən zaman tez həkimə müraciət olunmalıdır".

Aliyə SƏMƏDOVA