Qarşıda daha məsuliyyətli dövr durur


Baxıldı : 473

Tarix : 2020-09-04 14:43:56


Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi üzv şəhər və rayon həmkarlar ittifaqı komitələrinin sədrləri ilə onlayn görüş keçirib. Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadənin, Təşkilat şöbəsinin müdiri Emil Rüstəmovun iştirak etdiyi görüşdə  yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar ölkədə elan olunmuş karantin rejimi çərçivəsində həmkarlar ittifaqı təşkilatlarının gördüyü işlər müzakirə olunub. M.Cəfərzadə bu sahədə əldə olunan uğurları diqqətə çatdırıb. Deyib ki, təşkilatımızın bütün strukturları ittifaq üzvlərinin sosial problemlərini daimi nəzarətdə saxlamış, onların hər birinə mümkün köməklik göstərmişdir. İndi həm Təhsil Nazirliyi, təhsil şöbələri, həm də sahə həmkarlar ittifaqı üçün daha məsuliyyətli dövr başlanır. Yeni dərs ili bizdən iki-üçqat fədakarlıqla işləməyi tələb edir.

İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqlarının qorunması, onlar üçün təhlükəsiz iş şəraitinin yaradılması, sağlamlıqlarının mühafizəsi həmkarlar ittifaqı komitələrinin, xüsusilə ilk təşkilat sədrlərinin, üzərinə böyük məsuliyyət qoyur.

Görüşdə rayon komitələrinin sədrləri çıxış edərək gördükləri işlər və qarşıda duran vəzifələrdən danışdılar. Bu sahədə təcrübə mübadiləsinin vacibliyini qeyd etdilər.