Qarşılıqlı anlaşmaya əsaslanan iş şəraiti


Baxıldı : 81

Tarix : 2018-02-03 23:08:04


AHİK-in IV qurultayından keçən dövr ərzində Respublika Komitəsi ilk təşkilatlarla işini, demək olar ki, tamamilə yenidən qurmuşdur. Sahələrdə həmkarlar ittifaqının formalaşdırılması ilə bağlı nizamnamədə edilmiş əlavə və dəyişikliklər ilk təşkilatlara paylanmışdır.

Respublika Komitəsi Rəyasət Heyətinin iclaslarında qəbul edilmiş qərarlar ilk təşkilatlara göndərilmişdir.

Sahə xidmətinə daxil olan idarə, müəssisə işəgötürənləri ilə həmkarlar ittifaqı komitələri arasında bağlanan kollektiv müqavilələrin hazırlanmasında Respublika Komitəsi yaxından iştirak etmişdir.

Respublika Komitəsinin işçiləri yerlərdə olmuş, həmkarlar ittifaqı komitələrinin işlərinə baxış keçirmiş, görülmüş işlər barəsində öz irad, təklif və tövsiyələrini bildirmişlər.

Dəniz Nəqliyyat Donanması Gəmiçiliyin öndə gedən müəssisəsidir. Onların həmkarlar ittifaqının işləri ilə tanışlıq bu təşkilata Respublika Komitəsi səviyyəsində verilən qiymətdir. Donanmanın “Balakən”, “Merkuri-1” gəmilərinin heyətləri ilə görüşlərdə ilk təşkilatlarla mərkəzi ittifaq komitəsi arasında münasibətlərə bir növ aydınlıq gətirilib. Görüşlərdə əməyin mühafizəsi, qoruyucu vasitələrdən istifadənin vacibliyi, sanatoriya-kurort yollayışlarının bölüşdürülməsi şərtləri barədə izahat - söhbət aparılmışdır.

Donanmanın Həmkarlar İttifaqı Komitəsi tərəfindən 21 nəfərə, ailəsində baş verən ölüm və xəstəliklə əlaqədar, 1200 manat maddi yardım verilmişdir. Respublika Komitəsinin təşkilatçılığı ilə bir qrup işçi Musiqili Dram Teatrında maraqlı tamaşalara baxmışlar. Donanmanın nəzdində fəaliyyət göstərən yeməkxanalara baxış keçirilmişdir. Bu gün Gəmiçiliyin həmkarlar ittifaqlarının fəaliyyəti, ilk təşkilatlarla birbaşa əlaqənin yaranması üçün hər cür şərait mövcuddur.

Respublika Komitəsinin əsas məqsədi ittifaqın hər bir üzvü ilə idarə və müəssisə rəhbərliyi arasında qarşılıqlı hörmətə, qayğıya, anlaşmaya əsaslanan iş şəraiti yaratmaqdan, Gəmiçiliyin idarə və müəssisələrində normal təsərrüfat fəaliyyəti üçün rəhbərliyə kömək əlini uzatmaqdan ibarətdir.

Gəmiçiliyin bu gün vahid məqsədə xidmət edən, ilk növbədə yerli həmkarlar ittifaqı təşkilatlarına arxalanan sağlam, işgüzar bir kollektiv fəaliyyət göstərir.

Əhəd İBADOV