Qarşıya çıxan problemlər aradan qaldırılmalıdır


Baxıldı : 103

Tarix : 2019-11-08 05:29:57


İnkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Çalışmalıyıq ki, elə bir şərait yaradaq ki, biznesə həvəsi olan hər bir istedadlı insan bizneslə məşğul ola bilsin. Məmur təzyiqindən, müdaxilədən azad olsun. Xüsusilə bölgələrdə. Sahibkarlar vergidən başqa heç bir ödəniş ödəməməlidir”.

 Yeni İqtisadiyyat naziri Milkayıl Cabbarovu qəbul edərkən Respubkila Prezidenti İlham Əliyevin söylədiyi bu sözlər təbii ki, sahibkarlığın inkişafına, ölkə iqtisadiyyatında mövqeyinin möhkəmlənməsinə növbəti təkan olacaq.

 İqtisadçı - alim Vüqar Bayramov ölkə başçısının bu iradlarına münasibət bildirərkən dedi ki, qeyri-neft sektorunun inkişafı birbaşa sahibkarlıqla bağlıdır və sözsüz ki, iqtisadiyyat sahibkarların çiynində inkişaf edir.  Məmurların iqtisadiyyata müdaxiləsi, haqsız rəqabət, monopoliya və inhisarçılığın aradan qaldırılması ilə bağlı ölkə Prezidenti tərəfindən tapşırıqların verilməsi hazırda sahibkarların üzləşdiyi problemlərin aradan qaldırılması məqsədi daşıyır. Digər bir problem isə qeyri-rəsmi məşğulluqla bağlıdır. Baxmayaraq ki, son 9 ayda 100 mindən artıq əmək müqaviləsi bağlanıb, bununla belə işçilərin hüquqlarının qorunması və gələcəkdə sosial təminatlarının olması üçün  gizli iqtisadiyyata və qeyri-rəsmi məşğulluğa qarşı hələ də mübarizə aparılmalıdır.

- Sahibkarlığın inkişafına mane olan amillərdən biri kimi inhisarçılıq qeyd olundu. Bəs bu yöndə hansı addımlar atılmalıdır?

- Bizim mərkəzin apardığı monitorinqlər və təlimlər göstərir ki, bəzi məhsulların idxalında belə inhisarçılıq var. Bu da ən çox  idxal olunan məhsulların qiymətinə təsir göstərir. Monitorinqlərin nəticəsinə əsasən deyə bilərəm ki, məhsulların qiyməti  nəinki qonşu ölkələrlə, hətta  inkişaf etmiş dövlətlərlə  müqayisədə də yüksəkdir. Məsələn, ölkədə portağalın qiyməti Gürcüstanla müqayisədə 2-4 dəfə yüksək olmaqla yanaşı, eyni zamanda Avropanın siyasi mərkəzi sayılan Brüssel şəhərindəki qiymətdən belə bahadır. Bir çox məhsulların ölkəyə idxalında monopoliya davam edir.

- Rayonlarda məhsuldarlıgın artması, məhsulun birbaşa bazarlara çıxarılması istiqamətində nəsə etmək vacibdir. Çünki bu problemlər də qiymət artımına hiss ediləcək dərəcədə təsir göstərir.

- Bunun üçün “Kənddən şəhərə” layihəsi genişləndirilməlidir. Bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, paytaxta da fermer bazarları yaradılmalıdır. Təklif edərdik ki, həm Kənd Təsərrüfatı Nazirliyi, həm də yerli icra hakimiyyəti orqanları müəyyən xərcləri öz üzərlərinə götürsünlər. Məsələn, fermerlərə daha ucuz nəqliyyat təklif olunsun ki, məhsullarını paytaxt bazarlarına çıxara bilsinlər. Eyni zamanda rayonlarda da ixtisaslaşmış  fermerlər tərəfindən kənd təsərrüfatı məhsullarının  satışı ilə məşğul olan  qurumların yaradılmasına  ehtiyac var. Fermerlərin birbaşa bazara çıxarılması təmin olunsa, paytaxt bazarları ilə rayonlar arasındakı qiymət fərqi aradan qalxar. Bildiyiniz kimi, bəzi məhsullar paytaxt bazarlarında rayon bazarlarından iki dəfə bahadır.

- Kənd təsərrüfatının bir çox sahələrinin inkişafı üçün davamlı subsidiyalar ayrılır. Bu subsidyalar hələki istənilən nəticəni vermir...

- Yerli subsidiya mexanizminə uyğun olaraq, fermerlərə ödənilən subsidiyaların həcminin artırılmasına ehtiyac var. Bəzi  hallarda iri sahibkarlar fermerlərə mövsüm öncəsi avans verirlər və qiyməti daha ucuz razılaşdırırlar ki, bu da sonda fermerlərin maraqlarına uyğun gəlmir. Fermerlərin maliyyə imkanları genişlənərsə, onlar  bazarlarda monopolist olan bəzi iri sahibkarlardan avans almaz və qiymətin onlar tərəfindən diktə edilməsinə şərait yaratmazlar. Biz çalışmalıyıq qiymət optimal olsun, istehlakçı üçün əlavə xərc formalaşmasın. Bu yaxınlarda ölkə Prezidenti tərəfindən yeni  subsidiya mexanizmi təsdiq olundu. Bu subsidiyaların  səmərəliliyini artıracaq. Əvvəlki dövrlərdə subsidiyaların verilməsində problemlər var idi. Demək olar ki, verilən subsidiyalar fermerlərə tam olaraq çatmırdı. Yeni tətbiq olunmuş mexanizmə əsasən, subsidiyalar istehsal olunan məhsulun həcminə görə müəyyənləşdirilir. Bu da fermerdə daha çox istehsala stimul yaradır.

- Yetərli potensial olsa da, vacib kənd təsərrüfatı məhsullarına tələbat hələ da idxal hesabına ödənilir. İdxalın minimuma endirilməsi üçün hansı işlərin görülməsinə ehtiyac var?

- Sözsüz ki, ölkədə idxalın minimumlaşdırılmasına dair işlər görülür. Əgər  2014-cü ildə ölkədə istehlak olunan məhsulun 85 faizi idxal edilirdisə, bu rəqəm artıq 64 faizə qədər azalıb. Biz istehlak etdiyimiz hər 100 məhsulun 64 faizini xarici ölkələrdən idxal edirik. Bu da ölkədən valyutanın getməsinə səbəb olur. Yerli istehsalın artırılması mərhələli şəkildə  aparılmalıdır. Düzdür, ümumi daxili məhsulun formalaşmasında kiçik sahibkarlığın iqtisadiyyatdakı payı hələlik arzu olunan səviyyədə deyil, lakin tapşırıqlar yerinə yetiriləcəksə, yaxşı investisiya şəraiti yaradılacaqsa, sahibkarların daxili və xarici bazarlara çıxışı asanlaşdırılacaqsa, kiçik və orta sahibkarlığın inkişafı kifayət qədər dinamik olacaq və Azərbaycanda iqtisadiyyatın aparıcı qüvvəsini təşkil edəcək.

Əsli ƏHMƏDOVA