Qaydalara məsuliyyətlə yanaşmalıyıq


Baxıldı : 248

Tarix : 2018-02-24 00:16:54


Fiziki imkanları məhdud və xüsusi qayğıya ehtiyacı olan insanların, yaşlıların və uşaq arabası ilə olan şəxslərin rahat hərəkəti üçün  Bakı şəhərinin küçə və prospektlərinin səkilərində pandusların quraşdırılması vacib idi. Və qeyd edək ki, yol infrastrukturunun əlilliyi olan şəxslər üçün əlçatanlığının təmin edilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planında nəzərdə tutulmuşdu. Sevindirici haldır ki, Bakı Nəqliyyat Agentliyinin mühüm sosial əhəmiyyət kəsb edən layihəsi çərçivəsində 9 dekabr 2017-ci il tarixindən paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılıb. Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə Əlaqələr Şöbəsinin sektor müdiri Mais Ağayev  bildirdi: “Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10% arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir. Artıq 200-ə yaxın pandus üzərində inşaat işləri yekunlaşdırılıb. Ümumilikdə isə ilkin mərhələdə Bakı şəhərinin 5 rayonunda 415 pandusun tikintisi 1 iyul 2018-ci il tarixinədək yekunlaşacaq. BNA yol infrastrukturunu əlilliyi olan şəxslərin rahat hərəkəti üçün əlverişli etmək məqsədilə başladığı layihə çərçivəsində geniş maarifləndirmə işlərinə də start verib. Məqsəd hərəkət iştirakçılarına mühüm sosial əhəmiyyət kəsb edən layihə barədə ətraflı məlumat vermək, eyni zamanda panduslardan düzgün istifadə edilməsi ilə bağlı maarifləndirmə işini təşkil etməkdir”.

Lakin bütün bu tədbirlərin yanında narahatlıq doğuran və vətəndaşların şikayətlərinə səbəb olan bir məsələ yaranıb. Belə ki, səkilərdən istifadə etmək məcburiyyətində olan insanları düşünmədən, piyada keçidlərində, pandusların qarşısında və ya pandusun üzərindən keçməklə səkidə avtomobillərini  saxlayan sürücülərə rast gəlinir. “Bu sürücülərə qarşı hansısa tədbir görmək mümkündürmü?” sualı ilə Mais Ağayevə müraciət etdik.

Mais müəllim də belə halların baş verdiyini təsdiqlədi. Lakin etiraf etdi ki, təmsilçisi olduğu qurumun həmin hallara  qarşı təsir mexanizmi yoxdur. Yaxşı olardı ki, şəhərimizin sakinlərinin özləri bu qəbil sürücüləri ictimai qınaqla tutduqları qeyri-qanuni parklamalardan çəkindirsin.

Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov isə  bildirdi ki, bu cür neqativ halların qarşısını Dövlət Yol Polisi güzəştsiz  şəkildə almalıdır. Çünki o yer səki olduğu üçün orada avtomobillərin hərəkəti qadağandır. Bu zaman mütləq sürücü cərimə olunmalıdır. Qanunvericiliyə görə, əgər sürücü yaxınlıqda deyilsə, bu zaman  ona həm cərimə yazılmalı, həm də avtomobili evakuasiya olunmalıdır.

Əsli ƏHMƏDOVA