Qayğı inşaatçıları daha  məhsuldar fəaliyyətə sövq edir


Baxıldı : 1304

Tarix : 2019-04-12 17:59:32


Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında aprelin 10-da FHN İşçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə “İnşaatçılar Günü”nə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyaraq ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Giriş sözü söyləyən ittifaqın sədri Mehman İsmayılov zala toplaşanları və onların simasında bütün inşaatçıları peşə bayramı münasibətilə təbrik etdi. Azərbaycan inşaatçılarının fədakar əməyindən söz açdı. Ölkə ərazisində aparılan tikinti-quruculuq işlərinə FHN-in əməkdaşlarının da öz töhfələrini verdiklərini vurğuladı.

Bildirdi ki, hər il ölkə inşaatçılarının peşə bayramının təntənəli şəkildə qeyd olunması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevın tikinti sektorunun inkişafına, bu sahədə çalışan insanların çətin və şərəfli əməyinin layiqincə qiymətləndirilməsinə diqqət və qayğısının bariz nümunəsidir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov ölkəmizin böyük tikini meydançasına çevrildiyini söylədi. Aparılan tikinti-quruculuq, bərpa-abadlıq işləri nəticəsində şəhər və kəndlərimizin simasının gözəlləşdiyini vurğuladı. Bütün bu nailiyyətlərdə FHN-in aidiyyəti qurumlarının da payının olduğunu diqqətə çatdırdı. C.Alxasov tədbir iştirakçılarına uğurlar arzulayaraq onları peşə bayramı münasibətilə təbrik etdi.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ölkəmizdə son illərdə həyata keçirilən tikinti-quruculuq işləri barədə məlumat verərək tikinti sektorunun iqtisadiyyatda oynadığı əhəmiyyətli roldan danışdı. Bildirdi ki, dövlət başçısının qayğı və diqqəti inşaatçıları daha məhsuldar fəaliyyətə sövq edir.

Sonra FHN-in Əsaslı Tikinti İdarəsində, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin aparat və qurumlarında çalışan və vəzifə borcunu layiqincə yerinə yetirməkdə xüsusilə fərqlənmiş, eləcə də yubiley yaşları tamam olan bir qrup əməkdaşına ittifaqın Fəxri Fərman və qiymətli hədiyyələri təqdim olundu. Bundan əlavə, bir neçə əməkdaş AHİK-in Fəxri fərmanları ilə təltif edildi.